Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:35

Human Rights Watch: ‘Müxalifətə amansız divan tutulur’


Bakıda 14 iyul yürüşü
Bakıda 14 iyul yürüşü

“Human Rights Watch” 11 vəkillə danışdığını, iyulun 15-dən bəri saxlanan 10 nəfərin məhkəmə sənədlərini nəzərdən keçirdiyini bildirir

“Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatı Azərbaycanda son bir ayda müxalifət fəallarının həbsinin artmasıyla bağlı bəyanat yayıb.

Qurum Bakıda 14 iyul icazəsiz yürüşündən sonra saysız müxalifət fəalının və liderinin saxta ittihamlarla saxlandığını bildirir. Həmin gün orduya dəstək yürüşünə minlərlə Bakı sakini qatılmışdı. İttihamlar isə karantin qaydalarının pozulması, əmlaka ziyan və hakimiyyətin ələ keçirilməsi ilə bağlıdır.

“Azərbaycanda son həbs dalğası siyasi motivli həbs və təqiblərin davamıdır, ölkənin ən köhnə müxalifət partiyalarının birini məhv etməklə hədələyir. Hakimiyyət bu divantutmaya dərhal son qoymalı, ədalətsiz həbs olunanları buraxmalı, hüquq-mühafizə əməkdaşlarının davranışını araşdırmalıdır”, – təşkilatın Avropa və Orta Asiya üzrə direktor köməkçisi Giorgi Gogia deyib.

AXCP üzvlərinə ittihamlar

“Human Rights Watch” 11 vəkillə danışdığını, iyulun 15-dən bəri saxlanan 10 nəfərin məhkəmə sənədlərini nəzərdən keçirdiyini bildirir.

Qurum diqqəti Prezident İlham Əliyevin yürüşdən bir gün sonrakı nitqinə çəkir. Prezident AXCP partiyasını zorakılığı qızışdırmaqda ittiham etmiş, partiya üzvlərini “satqınlar”, “düşmənlər”, “5-ci kolon” adlandırmış, məsələni “birdəfəlik həll etmək” vədi vermişdi.

Polis 14-15 iyul aksiyasını gözyaşardıcı qaz, su şırnaqları, rezin güllələrlə dağıdıb. Rəsmi məlumatda azı 7 polis əməkdaşının xəsarət aldığı, 16 avtomobilə ziyan dəydiyi, onlardan ikisinin dağıdıldığı bildirilir.

“İctimai asayişin pozulması, hökumət nümayəndəsinə müqavimət, yaxud gücdən istifadə” maddələri ilə cinayət işi açılıb. Fəallar azı 80 nəfərin saxlandığını bildirsələr də, dəqiq say bəlli deyil.

Vəkillər saxlanan 17 AXCP üzvündən heç birinin həmin gecə parlamentə girmədiyini deyir. Çoxları heç yürüşə belə qatılmayıb. Ancaq 16 cəbhəçiyə hökumət nümayəndəsinə qarşı zorakılıq, ictimai asayişin pozulması, əmlakın dağıdılması, birinə isə yoluxucu xəstəlik yaymaq ittihamı irəli sürülüb.

Prosedur qaydalar pozulub

“Human Rights Watch” saxlanan cəbhəçilərdən Asif Yusifli, Məmməd İbrahim, Fuad Qəhrəmanlı, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli, Məhəmməd İmanlı və digərlərinin ittiham olunduğu maddələrdən söz açır, AXCP üzvləri saxlanandan sonra ciddi prosedur qaydaları pozuntularına yol verildiyini vurğulayır. Məsələn, saxlananlar öz vəkillərini tələb etsələr də, onlara dövlət tərəfindən vəkillər təyin olunub. Bundan başqa saxlananlara işgəncə verilməsi iddiaları səslənib. AXCP-nin aparıcı üzvlərindən Seymur Əhmədov saxlanarkən döyülməsindən prokurorluğa şikayət edib.

Qurum Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyası daxil olmaqla bir sıra beynəlxalq sazişlərin üzvü olmasına diqqət çəkir. Bu konvensiyalar qanunsuz saxlanmanı qadağan edir, saxlananın özünün seçdiyi vəkillə təmin olunmasına zəmanət verir və sairə.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri iyulun 31-də bu ölkədə hökumət tənqidçilərinin saxlanmasından “dərin narahatlıq” ifadə ediblər. Amma Prezident Əliyev 15 iyul çıxışında deyirdi ki, Avropa Şurası və digər beynəlxalq təşkilatlardan gələn tənqidlərə “əhəmiyyət verməyəcək”.

“Azərbaycanın beynəlxalq tərəfdaşları Əliyevin bu davakar nitqindən çəkinməməli, təzyiqlərlə bağlı səslərini çıxarmalıdırlar. Onlar Azərbaycan hakimiyyətini düzgün olan etməyə – divantutmaya son qoymağa və ədalətsiz yerə həbs olunanları buraxmağa çağırmalıdırlar”, – Gogia deyib.

Xatırlatma

Azərbaycan hakimiyyəti bir qayda olaraq insan haqlarına dair beynəlxalq tənqidləri qəbul etmir, ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib. Baş prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu olaylarla bağlı cinayət işi açılıb. Amma rəsmilər konkret nə qədər adamın saxlandığı, onlardan nə qədərinin həbs edildiyini açıqlamayıb.

Yerli hüquq müdafiəçiləri həmin olaylarla bağlı 70 civarında şəxsin saxlandığını. Onlardan 25 nəfərdən çoxunun cinayət işinə cəlb edildiyi, haqlarında həbs-qəti imkan tədbiri seçildiyi bildirilir. Elə onlardan 15-dən çoxunun da AXCP üzvü olduğu qeyd edilir.

Bu cinayət işi üzrə həbs olunanlara, əsasən özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin həmin yürüşdə ümumiyyətlə iştirak etmədiyini bəyan edib.

XS
SM
MD
LG