Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:30

Məhkəmənin ev dustaqlığına buraxdığı gənc evə yox, karantinə aparılıb


AXCP üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov, arxiv foto
AXCP üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov, arxiv foto

Məhkəmə qərarına baxmayaraq Mehdi İbrahimov evə buraxılmayıb

Bu gün, avqustun 19-da Xətai Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxıldığı açıqlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov evlərinə buraxılmayıb. O, saxlandığı Penitensiar Xidmətinin nəzdində Xüsusi İxtisaslaşmış 3 saylı Müalicə Müəssisəsindən Atletlər Kəndində koronavirus xəstələri üçün ayrılan karantin məntəqəsinə aparılıb. Bu barədə Azadlıq Radiosuna Mehdi İbrahimovun qardaşı Turan İbrahim məlumat verib. "Təcili Tibbi Yardım maşını gəlib Mehdini Atletlər Kəndinə apardı. Artıq oradadır. Vəkilinin məhkəmə qərarını təqdim etməsinə baxmayıblar, deyiblər tapşırıq belədir. Amma kimin tapşırığı olduğunu demirlər. Məhkəmə qərarında Mehdininin evə buraxılmalı olduğu yazılıb".

"Lap məhkəmə qərarını kənara qoyaq, buna tibbi zəruriyyət də yox idi"

Vəkil Aqil Layıc isə Mehdi İbrahimovun evə yox Atletlər Kəndində karantinə alınmasını qanunazid sayıb:

“Lap məhkəmə qərarını kənara qoyaq, buna tibbi zəruriyyət də yox idi. Onsuz da o, müalicə müəssisəsində idi. Zatən o karantin müddətini də keçib. Ehtimal etsək ki, onda bu xəstəlik var, amma bizdə olan məlumata və subutlara görə onda bu xəstəlik olmayıb, lap xəstəlik olsa da o müalicəsini alıb.”

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

***

İyulun 14-də "orduya dəstək" aksiyasından sonra həbs olunmuş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov avqustun 19-da Xətai Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılacaq.

Bu barədə AzadlıqRadiosuna vəkil Aqil Layıc məlumat verib.

M.İbrahimov Cinayət Məcəlləsinin (CM) 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması - xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham olunur.

A.Layıc bildirib ki, M.İbrahimov barəsində iyulun 22-də seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət dünən, avqustun 18-də məhkəməyə təqdim olunub:

"Məhkəmə vəsatətimizi təmin etdi və istintaqın gedişatına maneçilik törətməməklə, yaşayış yerini tərk etməmək şərtilə Mehdi İbrahimovu ev dustaqlığına buraxdı. Məhkəmə hesab etdi ki, Mehdi İbrahimovu cəmiyyətdən təcrid etmək üçün prosessual əsaslar mövcud deyil. Həmçinin, o, məsuliyyətli və heç vaxt inzibati pozuntusu olmayan insandır. Məhkəmə qərarı faksla Penitensiar Xidmətin nəzdində olan Müalicə Müəssisəsinə göndəriləcək və Mehdi İbrahimov bu gün azadlığa buraxılacaq. O özü məhkəmə prosesində iştirak etməyib".

M.İbrahimov koronavirus yaymaqda ittiham edilsə də, sonradan onun testinin nəticəsinin neqativ çıxdığı açıqlanmışdı. Bununla belə, vəkil qeyd edib ki, ona verilən ittiham dəyişməyib.

M.İbrahimovun atasından fərqli olaraq hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğu deyilir.

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Amma onlar bu hadisələrlə bağlı dəqiq neçə nəfərin saxlandığını, onlardan neçəsinin həbs edildiyini açıqlamayıblar.

Yerli hüquq müdafiçilərinin bildirməsinə görə, həmin hadisələr zamanı ümumilikdə 70 civarında şəxs saxlanıb, onlardan 25 nəfərdən çoxu istintaqa cəlb edilərək həbs olunub.

AXCP-dən verilən məlumata görə isə, son vaxtlar bu partiyanın 45 üzvü̈ saxlanıb. Onlardan 17 nəfərə orduya dəstək yürüşü ilə bağlı Baş Prokurorluğun İstintaq i̇darəsində başlanmış cinayət işi üzrə ittiham irəli sürüldüyü, bir nəfər istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçildiyi bildirilir. Partiya habelə qeyd edib ki, daha 18 cəbhəçiyə karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib, 10 nəfər isə saxlandıqdan sonra sərbəst buraxılıb. Amma bu məlumatları rəsmilərdən tam dəqiqləşdirmək mümkün olmayıb.

Bu cinayət işi üzrə həbs olunanlara, əsasən, özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim Fuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin, o cümlədən F.Qəhrəmanlının həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

XS
SM
MD
LG