Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:27

İlk təkrar yoluxma; 320 milyard dollarlıq itki – Qərb mediası


Ukraynada çimərlik
Ukraynada çimərlik

33 yaşlı bir kişi martın sonunda COVID-19-a yoluxubmuş, avqustda İspaniyaya tətilə gedəndən sonra təzədən virus tutub

Honq Konq tədqiqatçıları yeni koronavirusla qlobal mübarizədə mümkün xəbərdarlıq səsləndiriblər – dörd aydan sonra təkrar yoluxmanı qeydə aldıqlarını iddia edirlər. 33 yaşlı bir kişi martın sonunda COVID-19-a yoluxubmuş, avqustda İspaniyaya tətilə gedəndən sonra təzədən virus tutub. Onun birinci yoluxmanı yüngül simptomlarla keçirdiyi, ikinci yoluxmanı heç hiss etmədiyi bildirilir. Yoluxduğu Honq Konq aeroportunda aşkarlanıb.

Honq Konq Universitetinin tədqiqatçıları xəstənin iki yoluxmasına səbəb olmuş virusun təbiətcə fərqləndiklərini bildirilər, yəni, “ikinci yoluxma birinci ilə bağlı deyil”. “Financial Times” yazır ki, ikinci virusun birincidən 24 fərqli cəhəti olub.

İmmunitet qazanılır, amma...

Bu xəbər dünyada vaksin əldə etmək işini çətinləşdirmiş olur. “Bu, bəzi şəxslərin heç də həmişəlik immunitet qazanmadığını göstərir”, – mikrobioloq Kelvin Kai-Wang To “AP” agentliyinə deyib.

“Nə qədər adamın təkrar yoluxa biləcəyini bilmirik. Yəqin ki, çoxdurlar”, – o, sözlərinə əlavə edib. Ekspertlər isə xəbərdarlıq edirlər ki, hesabat və dəlillər tam yoxlanmayanadək gözləmək lazımdır.

Dünya Səhiyyə Təşkilatından Maria Van Kerkhove deyib ki, Honq Konqda təkrar yoluxma halını hələ öyrənir, ancaq insanları buna dünyadakı 24 milyonluq təsdiqlənmiş yoluxma kontekstində baxmağa çağırıb.

“Adamların qorxmasını istəmirəm. Onlar anlamalıdırlar ki, yoluxsalar, hətta yumşaq keçirsələr belə, immunitet qazanırlar”, – o vurğulayıb.

“Financial Times” yazır ki, Sars-Cov-2-yə təkrar yoluxma əvvəllər də qeydə alınıb, ancaq bu, daha çox mövcud yoluxmanın yenidən təzahürü hesab edilib, əksini sübut edəcək genetik dəlil ortaya qoyulmayıb.

London Gigiyena və Tropik Təbabət Məktəbinin professoru Brendan Wren isə deyir ki, virusun zamanla mutasiyaya uğrayacağı gözlənəndir. “Bu, təkrar yoluxmaya qeyri-adi nümunədir və dünyada Covid-19 vaksinin əldə olunması işinə mənfi təsir göstərməməlidir”, – professor vurğulayıb.

Turizmin itirdikləri

Koronavirus pandemiyası qlobal turizm sənayesinə ağır zərbə vurub. İlin ilk beş ayı bu sənaye 320 milyard dollar itirib, 120 milyondan çox iş yeri risk altındadır.

BMT-nin Baş katibi Antonio Guterres avqustun 25-də videomüraciətində deyib ki, turizm qlobal iqtisadiyyatın həcmcə üçüncü yerdə gedən ixrac sektorudur və 2019-cu ildə qlobal ticarətin 7 faizini təşkil edib.

“Yer üzündə hər 10 nəfərdən biri bu sektorda çalışır, yüzmilyonlarla insanın dolanışığı turizmdən çıxır”, – o söyləyib.

2020-ci ilin ilk beş ayında pandemiyadan dolayı beynəlxalq səfərlər yarıdan da çox azalıb, gəlirlərdə düşüş qeydə alınıb.

Guterres daha zəngin inkişaf etmiş ölkələrin “böyük şok” yaşadığını, “inkişaf etməkdə olan ölkələr, xüsusilə kiçik ada və Afrika ölkələri üçün isə fövqəladə vəziyyət” yarandığını vurğulayıb.

Onun sözlərinə görə, bu ölkələrin bəzilərindən ötrü turizm ÜDM-nin 20 faizindən artığını verir.

BMT-nin Dünya Turizm Təşkilatından Sandra Carvao-nun sözlərinə görə, 320 milyard dollar 2009-cu ildə – sonuncu qlobal maliyyə böhranının pik dövründə yaşanan itkidən 3 dəfə çoxdur.

Brifinqdə bildirildiyinə görə, “2020-ci ildə turizmdən ixrac gəlirləri 910 milyard dollar azalaraq 1,2 trilyon dollara”, “qlobal ÜDM 1,5 faiz azalaraq 2,8 faizə” bərabərləşə bilər.

Turizmə bağlı, ərzaq xidməti sektoru daxil, dünya üzrə 144 milyon nəfərin çalışdığı sahələr də risk altındadır.

Dünya üzrə yeni koronavirusa təsdiqlənmiş yoluxmalar 24 milyona yaxınlaşır, 813 mindən çox xəstə vəfat edib.

XS
SM
MD
LG