Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:41

'Ölkədə 11 əyalət yaradılsın...'


Azərbaycan Respublikası
Azərbaycan Respublikası

Son günlər Azərbaycanda "bu qədər idarəetmə orqanlarını saxlamağa ehtiyac varmı" tipli müzakirələrə yenidən tez-tez rast gəlmək mümkündür. Müzakirələrdə ölkədə idarəetmə subyektlərinin sayının azaldılması, bəzi kiçik rayonların birləşdirilməsi və idarəetmədə paralelçiliyin aradan qaldırılması kimi təkliflər də eşidilir.

Hazırda ölkədə dövlətə məxsus 17 nazirlik, 7 komitə, 14 xidmət, 16 agentlik fəaliyyət göstərir. Bundan əlavə, 60-dan çox rayon mövcuddur...

"Əyalətlərdə də qubernator təyin edilsin"

Deputat Vahid Əhmədov mövzu ilə bağlı "Turan" agentliyinə deyib ki, rayonlarla əlaqədar idarəetmə strukturunda ciddi dəyişikliklərə ehtiyac var. Onun fikrincə, son vaxtlar dövlət orqanlarında baş verən həbslər, korrupsiya faktları onu göstərir ki, bu sahəyə kifayət qədər fikir verilməyib: "Ölkədə 11 iqtisadi rayon var. Ona görə təklif edirəm ki, ölkədə 11 əyalət yaradılsın, 11 əyalətdə də icra başçısı, qubernator təyin edilsin".

V.Əhmədov
V.Əhmədov

Deputatın deməsinə görə, burada bir şərt əsas yer tutur, bu da bələdiyyələrə münasibətin dəyişməsidir:

"Bələdiyyələrə səlahiyyətlər verilsin"

"Bələdiyyələrə səlahiyyətlər verilsin. Bələdiyyələrin statuslarına əlavələr edilsin. Bir sözlə, Azərbaycan bələdiyyələri Türkiyə idarəçilik variantına keçirilsin. Sosial-iqtisadi məsələlərlə bələdiyyələr məşğul olsun".

Deputat qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət idarəetmə strukturunda ciddi dəyişikliklər baş verməyib. Onun fikrincə, idarəetmədə təkmilləşdirmə hələ başa çatdırılmayıb, struktur islahatları bitməyib:

"Bu qədər nazirliklərə, komitələrə, ehtiyac yoxdur"

"Elə nazirliklər, komitələr var ki, onlara ehtiyac yoxdur, elələri birləşdirilməlidir. Azərbaycanda struktur islahatları başa çatdırılmalıdır. Bu qədər nazirliklərə, komitələrə, ehtiyac yoxdur. Düşüncəmə görə, ölkədə nazirliklər, komitələr qarışıq 14-15 idarəetmə vahidi idarəçilik üçün yetərlidir".

N.Cəfərli
N.Cəfərli

"Azərbaycanda kifayət qədər büdcəyə yük olan,..."

"ReAL" Partiyasından olan iqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna deyib ki, partiyaları hələ hərəkat olduğu zaman, 2013-cü ildə hökumətə ölkənin iri iqtisadi regionlarda birləşdirilməsi, regional idarəetmə modelinin tətbiqi və yerli özünüidarəetmənin gücləndirilməsi kimi təkliflər verib. Onun deməsinə görə, digər təkliflər paketi isə kiçik və effektiv hökumət modeli ilə bağlı olub: "Söhbət ondan gedir ki, Azərbaycanda kifayət qədər büdcəyə yük olan, idarəetmənin fəlsəfəsinə problemlər yaradan, təkrarçılığa yol verən strukturlar var".

Amma N.Cəfərli hesab edir ki, indi sırf optimallaşdırmanın həyata keçirilməsi qanunvericilik baxımından həll olunmalıdır:

"Böyük şəhərlərdə mer seçkiləri olmalıdır"

"Yəni, məsələ prezident fərmanları ilə yox, Konstitusiyaya, qanunlara salınmaqla həllini tapmalıdır. Konstitusiya islahatlarına ehtiyac var, regional idarəetmə prinsipləri tətbiq olunmalıdır. Yerli özünüidarəetmə gücləndirilməlidir. Bakı, Gəncə, Lənkəran, Şəki kimi böyük şəhərlərdə mer seçkiləri olmalıdır. Rayon icra başçılarının əvəzinə rayon bələdiyyə sədrləri birbaşa seçkilərdə seçilməlidir".

İqtisadçıya görə, optimallaşma baxımından müəyyən addımlar atılsa da, burada da yarımçıqlıq var. Onun fikrincə, Gömrük Komitəsinin ayrıca qurum kimi qalmasına ehtiyac yoxdur, nazirliklərin sayı optimala yaxın olsa da, dövlət komitələrinin sayı çoxdur:

"Bunların paralel fəaliyyətlərinə ehtiyac yoxdur"

"...Meliorasiya və Su Təsərrüfatı və "Azərsu" ASC-lər var, bunların paralel fəaliyyətlərinə ehtiyac yoxdur".

Hələlik, bu fikirlərə Prezident Administrasiyasından münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl, hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri iri şəhərlərdə mer seçkiləri ilə bağlı təklifə elə də müsbət münasibət bəsləməyiblər. Onlar, bir qayda olaraq, bəyan edirlər ki, son illər ölkədə mühüm struktur islahatları həyata keçirilir, idarəetmə optimallaşdırılır.

XS
SM
MD
LG