Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:54

'Uğrunda nələrdən keçdiyim ölkədə məni şərləyib həbsə atırlar'


T.Yaqublu
T.Yaqublu

Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublu təxminən iki ay əvvəl həbsdən buraxılsa da, hələlik onunla bağlı yekun qərar verilməyib. Onun 4 il 3 ay azadlıqdan məhrum edilməsi haqda hökmdən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Noyabrın 12-də məhkəmədə T.Yaqublu çıxış edərək deyib ki, onun bu cinayət işinin qurama, onun özünün isə təqsirsiz olması bütün cəmiyyətə, o cümlədən hakimlərin özünə də məlumdur: "Mənim təqsirsizliyimi sübut edən o qədər dəlillərim var ki, dəryalar mürəkkəb, meşələr qələm olsa belə, yazıb qurtarmaq olmaz. O hadisənin də, bu cinayət işinin də siz hakimlərə nə qədər aidiyyəti varsa, mənə də bir o qədər aidiyyəti var. Ona görə də özünüzdə cəsarət tapın, ləyaqət nümayiş etdirin, bu işlə bağlı ədalətli qərar verin. Yadınızdadırsa, ermənilər də Şuşada yallı gedirdi, indi Şuşa bizdədir. Demək istədiyim budur ki, gün gələcək, aldığınız sifarişlə hərəkət edib, taleyi ilə oynadığınız adamlara görə siz də cavab verərsiz".

"Bu ölkə adına ayıbdır ki, Qarabağ qazisini bu şəkildə şərləyib həbsə atırlar"

T.Yaqublu və müdafiəçiləri Nizami rayon Məhkəməsində bu işə ədalətsiz, qərəzli baxıldığını, obyektiv araşdırma aparılmadığını vurğulayıb. Onlar apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması haqda vəsatət veriblər, amma təmin olunmayıb.

"Bu ölkə adına ayıbdır ki, Qarabağ qazisini bu şəkildə şərləyib həbsə atırlar. Mən vaxtilə Qarabağda döyüşmüşəm. İndi statusum dəyişib, Qarabağ uğrunda döyüşən oğulun atasıyam. Uğrunda nələrdən keçdiyim ölkədə məni şərləyib həbsə atırlar. Özü də ştatlı üzəduranların əli ilə. O adamlar zərərçəkmiş deyillər, polisin üzəduranlarıdır. Ona görə də məhkəməyə polisin müşayiəti ilə arxa qapıdan gətirilib-aparılırdılar", – T.Yaqublu belə deyib.

O, əlavə edib ki, martın 22-də ümumiyyətlə, yol qəzası olmayıb, heç kimi də vurmayıb, təhqir etməyib. T.Yaqublunun sözlərinə görə, belə hadisə olsaydı, hökumət dərhal onun videogörüntülərini bütün telekanallarda nümayiş etdirib, onu ölkədə biabır etməyə çalışardı: "Məni əvvəldən izləmişdilər, təxribatı planlayanlar da əvvəlcədən əllərində kameralar hazır gözləyirdilər. Sadəcə, mən onların təxribatına uymadım. Maşınımı dayanan yerdə vursalar da, özümü təhqir etsələr də, polis gələnə qədər maşından düşmədim. Ona görə istədikləri alınmadı, heç nə çəkə bilmədilər".

Dekabrın 3-də Bakı Apellyasiya Məhkəməsi T.Yaqublunun işi üzrə qərarını verəcək.

Xatırlatma

Tofiq Yaqublu bu il martın 22-də tutulmuşdu. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub:

"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Sentyabrın 3-də Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.

T.Yaqublu isə sentyabrın 2-də dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başlamışdı.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan müxalifətçi aclıq aksiyasını dayandırıb.

XS
SM
MD
LG