Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:55

Müharibə qurtardı, amma... – Qərb mediası


Azərbaycanın ordu hissələri Ağdama daxil olur, 20 noyabr, 2020-ci il
Azərbaycanın ordu hissələri Ağdama daxil olur, 20 noyabr, 2020-ci il

Qəzet qeyd edir ki, Rusiyanın münaqişədə atəşkəs əldə etməsini çökmüş imperiyanın keçmiş subyektləri üzərində nəzarəti bərpa etməsi kimi qələmə vermək cəlbedicidir. Ancaq fakt odur ki, Rusiya regional qarşıdurmaya keçə biləcək münaqişəni dayandırmağa qadir yeganə ölkə idi

Ermənistanla Azərbaycan arasında ədavət müvəqqəti dayandırılıb. “The New York Times” qəzeti redaksiya məqaləsində yazır ki, atəşkəs silahları susdurdu, dronları durdurdu. Bu yaxşıdı, ancaq tərəflərin ədavəti sadəcə güclər balansının dəyişməsi ilə yeniləndi, həll olunmadı.

“Qaçan ermənilərin yandırdığı evlər bu düşmənçiliyin yenə alovlanacağını vəd edir. Dini və mədəni hekayətlərin yer aldığı münaqişələrin iblisanə məntiqi isə zorakılıq hər dəfə alovlananda kədər qatının qatılaşdığını göstərir, davamlı sülh bir az da uzaqlaşır”, – məqalədə deyilir.

Qəzet qeyd edir ki, Rusiyanın münaqişədə atəşkəs əldə etməsini çökmüş imperiyanın keçmiş subyektləri üzərində nəzarəti bərpa etməsi kimi qələmə vermək cəlbedicidir. Ancaq fakt odur ki, Rusiya regional qarşıdurmaya keçə biləcək münaqişəni dayandırmağa qadir yeganə ölkə idi.

Di gəl, Rusiya tam bir zəfərlə də öyünə bilmir. “İndi Moskva azı beş il ərzində təlatümlü bir regiona 2 minədək sülhməramlı göndərməli, ağırlığını ortaya qoymağa getdikcə daha artıq hazır Türkiyə ilə üzləşməyə hazır olmalıdır”, – məqalədə vurğulanır.

Putinin sülhməramlı rolu

“The Washington Post” qəzetində Robin Dikson da Dağlıq Qarabağda atəşkəs əldə olunmasına baxmayaraq, risklərin böyük olduğunu yazır.

“Rusiyanın elədiyi yerdəki qələbələri sistemləşdirmək oldu”, – Stenford Universitetinin Freeman Spogli Beynəlxalq Araşdırmalar İnstitutunun direktoru Maykl MakFol deyir.

Qarabağa qayıdan köçkünlərə hansı güzəştlər ediləcək
Gözlə

No media source currently available

0:00 0:04:08 0:00

“İstəyirsiz razılaşın, istəyirsiniz yox, bu razılaşma Vladimir Putin üçün diplomatik qələbədir və ona sülhməramlı rolunu oynamağa imkan verir”, – MakFol sözlərinə əlavə edib.

Ancaq təhlilçilər xəbərdarlıq edirlər ki, hərtərəfli sülh paktı olmadan atəşkəsin uzun müddət saxlanması mümkün deyil

“Bunu sülh sazişi adlandırmağa tərəddüd edirəm. Tərəflərin mübahisələndirdiyi Dağlıq Qarabağ məsələsinə sənəddə heç toxunulmur. Buna görə də bu, münaqişənin uzunmüddətli həlli üçün əsas ola bilməz. Bu, daha çox fasilə verməyə bənzəyir”, – Londonda mənzillənən “Chatham House” beyin mərkəzindən Qafqaz regionu üzrə ekspert Lorens Broers deyir.

Broersin fikrincə, Rusiyanın uzunmüddətli məqsədi Ermənistan və Azərbaycan üzərində nüfuzunu saxlamaqdır. Ancaq Rusiya münaqişənin gələcəkdə alovlanmasını önləmək istəyirsə, bu iki ölkə arasında münasibətlərində kələkbazlıq etməli olacaq.

Qərb daha böyük münaqişələrin qarşısını almalıdır

Bunu isə “EU Observer” portalında Ben Hodges yazır.

Müəllif Cənubi Qafqaz regionunun uzun müddət Qərb tərəfindən gözardı olunduğunu vurğulayır. “Böyük güclərin rəqabəti dövrünü yaşayırıq və inanıram ki, böyük güclərin rəqabəti böyük güclərin münaqişəyə girməsini önləyir. Bir regiona, məkana, yaxud tədbirə marağını nümayiş etdirməklə potensial düşmənə deyirik ki, bunu vecimizə alırıq, oraya resurs ayırırıq və bu strateji marağı müdafiə edəcəyik”, – yazan müəllif bu rəqabətin diplomatiyanı, informasiyanı, ordunu və iqtisadiyyatı əhatələməli olduğunu vurğulayır.

Müəllif Dağlıq Qarabağda təşəbbüsün Kremlə ötürüldüyünü və indi Avropanın nəticəni müşahidə etdiyini yazır.

“Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionu Avropa və Avrasiyanı Rusiya və İrandan yan keçməklə birləşdirən yeganə şərq-qərb quru dəhlizidir. Burası daha geniş Qara Dəniz regionunda iqtisadi potensialın inkişaf etdirilməsi üçün açar rolunu oynayır və Qərb bundan artıq ləngiməməlidir”, – müəllif qeyd edir.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-da döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından yayılmış atəşkəs bəyanatına görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib. Dekabrın 1-dək Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

XS
SM
MD
LG