Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:51

T.Yaqublu prokurorluğu məhkəməyə verib: 'Həmişəki kimi, yalan danışırlar'


Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan müxalifətçi aclıq aksiyasını dayandırıb.
Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan müxalifətçi aclıq aksiyasını dayandırıb.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Bakı şəhər Prokurorluğunu məhkəməyə verib. Səbəb isə onun işgəncə şikayəti ilə əlaqədar cinayət işi başlanmamaması, günahkarların cəzalandırılmamasıdır.

T.Yaqublunun şikayətinə Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyev baxır. Proses noyabrın 24-də başlanıb.

Milli Şuranın 19 oktyabr 2019-cu ildə Bakıda keçirdiyi icazəsiz mitinqində saxlanılan T.Yaqublu aparıldığı Nəsimi rayon Polis İdarəsində işgəncələrə məruz qaldığını bildirir. Onun sözlərinə görə, həmin işgəncələrdən sonra səhhətində problemlər yaranıb.

"Nəsimi rayon Polis İdarəsindəki otaqların birində əllərim qandallı vəziyyətdə yerə uzadıb, işgəncə verməyə başladılar. Bu işgəncələr bir saata yaxın davam etdi. Məndən televiziyada mübarizədən çəkilməyim, səhv etməyim haqda bəyanat verməyi tələb edirdilər", - T.Yaqublu belə deyir.

"İşgəncəni ört-basdır eləyirlər"

Siyasi fəal polis idarəsində ona işgəncə verənlərin cəzalandırılması üçün prokurorluğa ərizə verib. Şikayətində idarədəki kamera görüntülərinə baxış keçirilməsi, həmin vaxt onu tutub aparan və işgəncə verən polislərin müəyyənləşdirilib dindirilməsi, onların barəsində cinayət işi başlanması tələbləri qoyulub.

Bakı şəhər Prokurorluğu isə cinayət işinin başlanmasının rədd olunması barədə qərar çıxarıb. Prokurorluğun müstəntiqi Emin Cəlilov qərarda yazıb ki, araşdırma aparılıb və T.Yaqublunun işgəncəyə məruz qalması barədə iddiaları təsdiqini tapmayıb.

T.Yaqublu isə hesab edir ki, heç bir araşdırma aparılmayıb: "Həmişəki adətləridir, yalan danışırlar, işgəncəni ört-basdır eləyirlər. Mənim üzərimdəki işgəncə izlərinə görə uzun müddət ailə üzvlərimlə görüşməyimə imkan vermədilər. Əvvəlki günlərdə hətta vəkilimlə də görüşməyə qoymurdular".

T.Yaqublunun sözlərinə görə, aldığı xəsarətlərə görə xeyli vaxt yeriməkdə çətinlik çəkib.

Məhkəmə prosesi dekabrın 3-də davam edəcək.

Həmin gün Bakı Apellyasiya Məhkəməsində T.Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsinə dair hökmdən verdiyi şikayətə də baxılacaq.

Xatırlatma

T.Yaqublu 19 oktyabr mitinqində iştiraka görə 30 sutka inzibati həbslə cəzalandırılmışdı. O, azadlığa buraxılandan sonra üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Daha sonra bu il martın 22-də yenidən saxlanılıb və bu dəfə barəsində cinayət işi başlanıb. İddia olunur ki, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Sentyabrın 3-də Nizami rayon Məhkəməsində T.Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. Siyasi fəal isə sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başlamışdı.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan müxalifətçi aclıq aksiyasını dayandırıb.

XS
SM
MD
LG