Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:47

Bir ölkədə cəmi 25 doza vaksin vurulub


COVID-19 vaksini
COVID-19 vaksini

Tedrosun fikrincə, “öncə özüm” yanaşması “pandemiyanı, onu cilovlamaq üçün tətbiq edilən qadağaları, insani və iqtisadi əziyyətləri uzadacaq”

Dünya Səhiyyə Təşkilatının (DST) başçısı xəbərdarlıq edir ki, koronavirusa qarşı vaksinlərin qeyri-bərabər paylanması dünyanı “mənəvi iflas fəlakəti” yaxınlaşdırır.

“Bu iflasın bədəlini dünyanın ən yoxsul ölkələri insan və yaşayış məskənlərinin məhvi ilə ödəyəcək”,Tedros Adhanom Qebreyesus yanvarın 18-də qurumun idarə heyətinin iclasında deyib.

Tedrosun fikrincə, “öncə özüm” yanaşması “pandemiyanı, onu cilovlamaq üçün tətbiq edilən qadağaları, insani və iqtisadi əziyyətləri uzadacaq”.

Azərbaycanda vurulan vaksin haqda Qərb mətbuatı bunları yazır
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

COVAX-a əməl etmək

DST rəhbəri deyir ki, 50-yə yaxın zəngin ölkədə 39 milyondan çox vaksin dozası, “ən az gəlirli bir ölkədə isə cəmi 25 doza vurulub”.

Tedros COVAX qlobal sxeminə tam əməl etməyə səsləyib. Bu təşəbbüsün məqsədi bütün ölkələrə vaksinin paylanmasıdır.

Proqram çərçivəsində 2 milyard doza vaksinlə bağlı təminat əldə olunub, daha bir milyard doza da əldə ediləcək və göndərişlər gələn aya gözlənir.

İndiyədək Britaniya, Çin, Hindistan, Rusiya və Birləşmiş Ştatlarda COVID vaksinləri hazırlanıb, bəzi vaksinləri isə müxtəlif ölkələr birlikdə hazırlayır.

Bu arada Birləşmiş Ştatlarda COVID-19-dan ölüm 400 mini, təsdiqlənmiş yoluxma sayı isə 24 milyonu keçib.

ABŞ-da ştatların üçdə ikisində koronavirusdan ölüm artmaqdadır, yeni, daha yoluxucu ştammla bağlı xəbərdarlıqlar səslənir.

Kaliforniya, Nyu York

Yanvarın 18-də Kaliforniyada koronavirusa təsdiqlənmiş yoluxmalar 3 milyonu keçib 2 milyonluq sədd dekabrın 24-də qeydə alınmışdı.

Kaliforniya əyalətləri daha çox vaksin istəyirlər, ölkənin ən sıx məskunlaşmış bu ştatı yoluxma səviyyəsini azaltmağa çalışır. Xəstəxanaya yerləşdirmə, ölüm statistikasında da rekord yaşanır.

40 milyona əhalisi olan Kaliforniyada yanvarın 17-dək virusdan 37 minə yaxın ölüm təsdiqlənib.

Nyu Yorkun qubernatoru Endru Kuomo federal hakimiyyəti yeni ştammın yayıldığı ölkələrdən, o cümlədən Britaniya, Cənubi Afrika və Braziliyadan səyahəti məhdudlaşdırmağa çağırıb.

“Adamların gəlməsini dayandırın... Niyə adamlara bu ölkəyə gəlməyə icazə verirsiz? Axı, sonra çox gec ola bilər”, – Kuomo deyib.

“Reuters”in yaydığı xəbərə görə, Prezident Donald Tramp vəzifəsinin son günlərində Braziliya və Avropanın əksər hissəsində olan qeyri-ABŞ vətəndaşları üçün giriş qadağalarını yanvarın 26-dan qaldıra bilər.

Tramp yanvarın 20-də vəzifədən gedir. Həmin gün Co Bayden prezident andı içəcək.

Almaniya karantini sərtləşdirir

Yanvarın 19-dan Almaniyada qismən karantinin daha da sərtləşdiriləcəyi gözlənir. Ölkədə daha yoluxucu ştammların yayılması sarıdan narahatlıq artır.

Kansler Angela Merkel 16 vilayətin liderilə görüşündə karantin rejiminin uzadılması üzrə razılıq əldə etməlidir. Hökumət məhz qüvvədə olan qadağalar sayəsində müsbət tendensiyanın əldə olunduğunu bildirir.

Yanvarın 18-də Braziliyadan Azərbaycanadək dünyanın bir sıra ölkələrində vaksinasiya başlanıb. Fransada yaşlılara, Rusiyada isə hamıya peyvənd vurulmağa başlanıb.

Qazaxıstanın səhiyyə naziri bu il 6 milyon nəfərə, yəni ölkənin üçdə birinə vaksin vurulacağını bildirib.

Bu ölkədə Rusiyanın Sputnik V vaksini vurulacaq. Qazaxıstan özü də həmin vaksindən istehsal etməyi planlaşdırır.

Hindistanda yanvarın 18-də vaksinasiyada problem yaşanıb, 300 min nəfər peyvənd vurulmağa dəvət olunsa da, onların üçdə biri gəlməyib.

“İlk günlərdir və anlayırıq ki, adamlar prosedurun necə getdiyini görməkdən ötrü gözləyirlər”, – Nyu Dehli üzrə koronavirus işçi qrupunun üzvü Suneela Qarq deyib.

XS
SM
MD
LG