Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:46

Amnesty Navalnının ‘vicdan məhbusu’ statusunu geri alır


Aleksey Navalnı məhkəmədə, 20 fevral, 2021-ci il
Aleksey Navalnı məhkəmədə, 20 fevral, 2021-ci il

Amnesty yanvarın 17-də Navalnını vicdan məhbusu kimi tanıyıb. Bundan sonra insan haqları təşkilatına naməlum mənbələrdən şikayət məktubları gəlməyə başlayıb

“Amnesty International” rusiyalı müxalifətçi Aleksey Navalnının “vicdan məhbusu” statusunun alınmasını təsdiqləyib.

“Amnesty International Aleksey Navalnının keçmişdə dedikləri ilə əlaqədar ona vicdan məhbusu deyilməsini dayandırmaqla bağlı daxili qərar verib”, – qurumun Avropa və Orta Asiya ofisinin direktor müavini Denis Krivoşeyev AzadAvropa/AzadlıqRadiosu-na (RFE/RL) emaillə göndərdiyi cavabda yazır.

“Navalnının ictimai şəkildə pisləmədiyi həmin fikirlərin bəziləri nifrətin təbliği həddinə çatır ki, bu da Amnesty-nin vicdan məhbusu kriteriyasına uyğun gəlmir”, – Krivoşeyev deyib.

Amnesty Navalnının “bildiyimiz qədərilə, son illər oxşar açıqlamalar vermədiyini” də qeyd edir.

Krivoşeyev əlavə edib ki, Amnesty-nin qərarı “onun dərhal azadlığa buraxılması, Rusiya hakimiyyəti tərəfindən siyasi təqibinə son qoyulması uğrunda mövqeyimizi dəyişmir”.

Krivoşeyev Navalnının “heç bir cinayət törətmədiyini” bildirərək qeyd edir ki, “Amnesty Navalınının dərhal buraxılması tələbilə Rusiya hakimiyyətinə iki yüz min imza göndərib”.

Navalnı “yalnız özünün dinc antikorrupsiya araşdırmalarına, siyasi fəaliyyəti, Putin hökumətini tənqid etməsinə görə həbs olunub. Navalnıya və Rusiyada bir çoxlarına qarşı ağır ədalətsizliyə dayandırmaqla bağlı kampaniyamız davam edir”, – Amnesty vurğulayır.

***

“Amnesty International” hüquq-müdafiə təşkilatının Rusiyalı müxalifətçi Aleksey Navalnının “vicdan məhbusu” statusunu geri aldığı bildirilir. Səbəb kimi onun fikirlərindəki nifrət çıxışı, zorakılıq və ayrıseçkiliyin təbliği göstərilir.

Qurumun Rusiya və Avrasiya üzrə media meneceri Aleksandr Artemyev fevralın 23-də “Mediazona” portalına bu qərarı təsdiqləyib. Bu haqda ilk dəfə ABŞ-dan jurnalist Aaron Meyt yazıb.

AzadAvropa/AzadlıqRadiosu məlumatları müstəqil təsdiqlədə bilməyib.

Məqsəd...

Amnesty Navalnını yanvarda Moskvada saxlanandan sonra vicdan məhbusu elan edib. Artemyev yazıb ki, qurum “köhnə videolarda və sosial media postlarında Navalnının ziddiyyətli açıqlamaları”na dair “yeni informasiya yayılandan” sonra bu adı geri almaq qərarına gəlib.

Navalnının 2000-ci illərin ortalarında səsləndirdiyi fikirlərə istinad olunmur. Amma Artemyev deyib ki, həmin fikirlər Navalnının fəaliyyətinin qızışdığı, Prezident Vladimir Putinə meydan oxumağa başladığı dönəmdə səsləndirilib. Onların yenidən yayılması “görünür, Navalnının işinin legitimliyini azaltmaq, onun saxlanmasına ictimai qəzəbi zəiflətməkdir”, – o vurğulayıb.

Artemyev deyib ki, təşkilat Navalnının bəzi fikirlərinin “nifrət çıxışı səviyyəsinə yüksəldiyini” müəyyənləşdirib, amma yenə də fəalın “dərhal azad olunmasına, Rusiya hakimiyyətinin onun siyasi motivlərlə təqibinə son qoymasına” çağırır. Bu haqda “Current Time” yazır.

44 yaşlı Navalnı yanvarın 17-də Berlindən Moskvaya qayıdarkən saxlanıb. O, avqustda Sibirdə zəhərlənəndən sonra Almaniyada müalicə olunurdu. Özü zəhərlənməsinə görə Putini və Rusiya kəşfiyyatını ittiham edir. Kreml isə iddiaları rədd edir.

Real həbs, cərimə

Sonradan məhkəmə Navalnıya 2014-cü ildə mənimsəmə ittihamı üzrə kəsilmiş şərti cəzanı real cəzayla əvəzlədi. Navalnının həbsi ölkədə hökumətə qarşı etirazlara səbəb olub, minlərlə etirazçı saxlanıb.

Navalnı başqa bir iş üzrə 11 min 500 dollar cərimələnib. O, 2-ci Dünya müharibəsi veteranına böhtan atmaqda təqsirli bilinib.

Amnesty yanvarın 17-də Navalnını vicdan məhbusu kimi tanıyıb, bəyan edib ki, müxalifətçinin həbsi “Rusiya hakimiyyətinin onu susdurmağa çalışmasının sübutudur”. Bundan sonra insan haqları təşkilatına naməlum mənbələrdən şikayət məktubları gəlməyə başlayıb.

Navalnının antikorrupsiya fondu Rusiyanın çoxsaylı yüksək çinli məmurlarını hədəfə alıb.

Siyasi karyerası boyunca Navalnı etnik rus millətçilərlə bağlılığı, irqçi və qızışdırıcı hesab olunan bəyanatlarına görə tənqid olunub.

XS
SM
MD
LG