Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:49

Johnson & Johnson vaksini də təsdiqlənmək üzrədir


Arxiv fotosu
Arxiv fotosu

Pfizer/BioNTech vaksini hətta birinci dozadan sonra belə yarım milyondan çox insanda xəstəliyin ağır formasının, yaxud ölümün önlənməsinə böyük təsir göstərib

Johnson & Johnson şirkətinin vaksini COVID-19-un ağır formasına qarşı güclü qoruma təmin edir. Bunu ABŞ-ın tənzimləyici orqanı bildirib. Bu arada artıq istifadə olunan Pfizer/BioNTech vaksininin səmərəsi haqda da informasiya yayılıb.

85 faizədək effekt

Ərzaq və Dərman Administrasiyasının (FDA) alimləri fevralın 24-də bildiriblər ki, Johnson & Johnson (J&J) vaksini COVID-19-un orta-ağır formasına qarşı 66 faizədək, ən ağır formasına qarşı isə 85 faiz effektlidir.

Bu məlumatlar həftəsonuna müstəqil müşavirlər tərəfindən müzakirə olunacaq. Bundan sonra FDA sözügedən vaksinə fövqəladə icazə verməklə bağlı yekun qərara gəlməlidir. Bu gerçəkləşsə, Birləşmiş Ştatlarda artıq üçüncü vaksin istifadəyə buraxılacaq.

J&J vaksini bircə dozalıdır. Hazırda ABŞ-da istifadə olunan Pfizer/BioNTech və Moderna vaksinləri isə iki doza tələb edir.

Bundan başqa son 2 vaksin xüsusi aşağı temperaturda saxlanmalıdır, J&J vaksini isə adi soyuducu temperaturunda saxlana bilər. Avropa və Britaniyada geniş istifadə olunan AstraZeneca vaksini də adi soyuducu temperaturda saxlanır, iki dozalıdır.

44 min nəfər üzərində sınaq

J&J vaksini Birləşmiş Ştatlar, Latın Amerikası və Cənubi Afrikada 44 min nəfər üzərində sınaqdan çıxarılıb. FDA vaksinin ciddi yan təsirləri olmadığını bildirib.

İndiyədək ABŞ-da koronavirusdan 28 milyondan çox yoluxma, 500 mindən artıq ölüm təsdiqlənib.

Dünya üzrə aşkarlanmış yoluxma 112 milyon nəfərdir, 2.5 milyon nəfərə yaxın insan vəfat edib. Hökumətlər Çin və Rusiyanın hazırladığı dərmanlar daxil olmaqla vaksin sifariş etməkdədirlər.

Səhiyyə ekspertləri Pfizer/BioNTech vaksini barədə son məlumatlardan ürəkləniblər. Britaniyada aparılmış tədqiqat iki doza vurulmuş şəxslərdə güclü anticism reaksiyasının yarandığını ortaya qoyub.

London İmperial Kollecinin araşdırmasına görə, yaşı 80-dən yuxarı şəxslərin 87.9 faizinə Pfizer-BioNTech vaksininin hər iki dozası vurulandan sonra anticismlər yaranıb. Yaşı 60-dan aşağı olanlar üçün göstərici 95.5 faiz, 30-dan az olanlar üçünsə 100 faizdir.

Yarım milyondan çox insanda...

Bundan başqa, Pfizer/BioNTech vaksini hətta birinci dozadan sonra belə yarım milyondan çox insanda xəstəliyin ağır formasının, yaxud ölümün önlənməsinə böyük təsir göstərib.

İsraildə nəhəng vaksinasiya kampaniyasının nəticələri fevralın 24-də dərc olunub. Kiçik sınaqların ortaya qoyduğu nəticələr geniş əhali təbəqəsi üzərində də oxşar dərəcədə effektli olub.

İki doza vurulandan sonra vaksin xəstəliyin ağır formasının qarşısını 92 faiz alır, birinci dozadan sonra isə bu göstərici 62 faizdir.

Bu arada Çexiya yoluxmaları azaltmağa çalışır, ölkə xəstəxanaları təzyiq altındadır.

Fevralın 25-də axşam hökumət koronavirus qadağalarının mümkün sərtləşdirilməsini müzakirə edəcək. Hökumətin sözçüsünün deməsinə görə, nazirlər ötən gün fövqəladə iclasda qərara gələ bilməyiblər.

Baş nazir Andrey Babiş deyib ki, növbəti həftələrdə xəstəxanalarda “fəlakət”i önləmək üçün daha sərt tədbirlər görülməlidir.

XS
SM
MD
LG