Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:30

Media: Bakıya azı bir İskander ‘atılıb’


İskander raketi
İskander raketi

Kasapoğlu Ermənistanın İskander sistemlərindən istifadəsinə dair bu həftə hesabat yaymalıdır. Onun araşdırmasında raketin atəşkəsdən 24-48 saat öncə istifadə edildiyi iddia olunur

Ötən noyabrda 2-ci Qarabağ müharibəsi zamanı Ermənistan Bakıya azı bir Rusiya istehsalı olan İskander ballistik raketi atıb. Amma raket Azərbaycan tərəfdən vurulub. Bu haqda “Middle East Eye” portalı yüksək vəzifəli rəsmiyə istinadla yazır.

Ötən il noyabrın 10-da Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə atəşkəs bəyanatı imzalanıb. Tərəflər 44 günlük müharibədən sonra tutduqları mövqelərdə qalıblar, təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Raketi İsrail sistemi vurub

Həmin rəsminin deməsinə görə, Rusiya Ermənistanı İskander raketlərini atmağa ürəkləndirib, onun buraxılmasına maddi dəstək də verib, bununla da sürətlə torpaqlarını işğaldan azad edən Azərbaycanı atəşkəsə imzalamağa vadar edib.

Həmin məmur raketin İsrail istehsalı olan “Barak-8” sistemi tərəfindən vurulduğunu bildirib. “Yerevan ballistik raketi atəşkəsdən bir neçə gün öncə atdı. Bu, Azərbaycan rəsmilərini narahat etdi. Amma Azərbaycan ordusunun istifadəsində olan, İsrail istehsalı Barak-8 onu vurdu”, – məmur vurğulayıb.

Onun sözlərinə görə, bu raketlərdən istifadə yerdə vəziyyəti həqiqətən ağırlaşdıra bilərdi. “Məncə, bu, Azərbaycan rəhbərliyini atəşkəsə getməyə sövq etdi”, – məmur deyib.

Atəşkəsdən 24-48 saat öncə

İskander söhbəti Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamasından sonra yenidən gündəmə gəlib. Paşinyan Qarabağ müharibəsi zamanı atılan İskander taktiki-əməliyyat raketlərinin cəmi “10 faiz” partladığını bildirib. Bu açıqlama Ermənistanda gündəmi qarışdırıb, siyasi böhran dərinləşib.

Türkiyədəki EDAM müdafiə araşdırmaları mərkəzinin direktoru Can Kasapoğlu sayta bildirib ki, Bakı İskander mobil sistemlərinin əhatə dairəsində olub. “Ermənilərin Bakını atəşkəsə getmək üçün İskanderə əl atması tamamilə mümkündür”, – deyən təhlilçi bu raketlərin mülki əhaliyə qarşı istifadəsini “müharibə cinayəti” adlandırır.

Kasapoğlu Ermənistanın İskander sistemlərindən istifadəsinə dair bu həftə hesabat yaymalıdır. Onun araşdırmasında raketin atəşkəsdən 24-48 saat öncə istifadə edildiyi iddia olunur.

Noyabrın 9-dan 10-na keçən gecə Xırdalan şəhər sakinləri partlayış səsinə oyandıqlarını deyirdilər. AzadlıqRadiosu-nun əməkdaşları hadisə yerində qalan qəlpələri çəkmişdi. Amma bu insident haqda heç bir rəsmi açıqlama verilmədi.

Xırdalan üzərindəki partlayışın izi ilə (Raket atılıbmı)
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Rusiya məmnundur

Paşinyanın İskander raketləri barədə bəyanatından sonra Ermənistanda siyasi böhran yaranıb. Silahlı qüvvələrin baş qərargah rəisinin müavini baş nazirin bəyanatını lağa qoyduğuna görə istefaya göndərilib. Paşinyan baş qərargah rəisini də istefaya göndərməyə çalışsa da, ölkə prezidenti müvafiq sənədi imzalamayıb. Əvəzində baş qərargah baş naziri istefaya çağırıb.

Azərbaycan Prezidenti İlham Əliyev isə bu günlərdə Paşinyanın dediyini “ağ yalan” adlandırıb. “Biz “İskander” raketlərinin buraxılmasını görməmişik. Buna görə də bu bəyanat dünən bir daha səslənəndə, biz bir daha maraqlandıq. Amma yox. Biz bunu görməmişik. Mən deyərdim ki, bu, sadəcə, növbəti ağ yalandır”, – prezident vurğulayıb.

Ermənistanın "İskander" raketlərini 2016-cı ildə Rusiyadan aldığı bildirilir.

Martın 1-də Kreml bəyan edib ki, İskander raketləri barədə Paşinyana yanlış məlumat verildiyinə dair Yerevanın bəyanatdan məmnundur.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov RIA Novosti agentliyinə deyib ki, Paşinyan Vladimir Putinlə telefon söhbətindən bu nəticəyə gəlib ki, ona raket sistemi barədə yanlış məlumat verilib.

XS
SM
MD
LG