Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:43

Çin ordusu ilə birgə hazırlanmış prenatal testlər data yığırmış


Arxiv fotosu
Arxiv fotosu

Alimlər və etika mütəxəssisləri prenatal testlər satan digər şirkətlərin də datadan tədqiqat məqsədilə istifadə etdiyini bildirir

Dünyada milyonlarla qadının istifadə etdiyi prenatal testləri Çinin BGI Group gen şirkəti Çin ordusu ilə birlikdə hazırlayıb və hazırda genetik datanın yığılmasında istifadə olunur. Bunu “Reuters” ictimaiyyətə açıq sənədlərə istinadla yazır.

İlk dəfədir şirkətin Xalq Azadlıq Ordusu ilə əməkdaşlığına dair xəbər yayılır. Birləşmiş Ştatlar isə BGI-nın insanın genetik datasını yığaraq təhlil etməsini milli təhlükəsizliyə hədə kimi görür.

Azı 52 ölkədə

BGI ilk dəfə 2013-cü ildə bu testləri xaricdə satmağa başlayıb. NIFTY adlı testlər dünyada ən çox satılanlar sırasındadır. Test zaman hamilə qadının qanı Daun sindromu kimi xəstəliklərin aşkarlanması üçün yoxlanır.

İndiyədək dünyada 8 milyondan çox qadının bu testlərdən istifadə etdiyi bildirilir. NIFTY azı 52 ölkədə satılır. Birləşmiş Ştatlar olmasa da, Britaniya, Avropa, Kanada, Avstraliya, Tailand və Hindistan bu sıradadır.

BGI Honq Konqda laboratoriyaya göndərilən qan nümunələri qalığından və genetik datadan əhali ilə bağlı tədqiqatda istifadə edir, şirkətdən agentliyə deyilib. Agentlik Avropa və Asiya daxil 500-dən çox qadının genetik datasının Şenjendə hökumətin maliyyələşdirdiyi Çin Milli Gen Bankında saxlandığını aşkarlayıb. Həmin bankı BGI idarə edir.

Data 5 ildən sonra silinir

“Reuters” BGI-nin gizlilik razılaşmaları, qaydalarını pozmasına dəlil tapmayıb. Şirkət yazılı razılıq aldığını, xaricdəki nümunə və datanı beş ildən sonra sildiyini bildirib.

Ancaq testin gizlilik qaydalarına görə, data Çində “milli təhlükəsizliyə və milli müdafiə təhlükəsizliyinə birbaşa bağlı olanda” paylaşıla bilər. BGI bildirib ki, Çin hakimiyyəti heç vaxt ondan milli təhlükəsizlik məqsədilə NIFTY testlərinin datasını verməsini istəməyib.

ABŞ-ın Milli Əks-kəşfiyyat və Təhlükəsizlik Mərkəzi əvvəllər də Çin firmalarının sağlamlıq datası yığması barədə xəbərdarlıq edib. Mərkəzdən “Reuters”ə deyilib ki, xaricdə NIFTY testi verənlər gizlilik məsələsindən, datanın Çinin təhlükəsizlik agentlikləri ilə paylaşıla biləcəyindən narahat olmalıdırlar.

Çinin xarici işlər nazirliyi isə agentliyin tapıntısını ABŞ agentliklərinin “əsassız ittihamları və qarayaxma”sını əks etdirdiyini bildirib.

Başqa şirkətlər də edir, amma...

Alimlər və etika mütəxəssisləri prenatal testlər satan digər şirkətlərin də datadan tədqiqat məqsədilə istifadə etdiyini bildirir. Amma onların heç biri BGI miqyasında fəaliyyət göstərmir, yaxud bu şirkət kimi hökumətə, orduya bağlı deyil.

BGI Çinin hərbi xəstəxanaları ilə birlikdə döllərin genetikasına öyrənməyə 2010-cu ildə başlayıb, hərbi tədqiqatçılarla birgə 12-dən artıq araşdırma dərc edib. Bunu “Reuters” 100-dən çox açıq sənəd əsasında yazır.

Çində orduya məxsus iki xəstəxana 2011-ci ildə NIFTY testi üzərində klinik sınaqlar aparıb.

“Reuters” 2020-ci ildə bu testdən keçmiş polşalı bir qadınla danışıb. O deyib ki, datasının Çin hökuməti ilə paylaşılma ehtimalından xəbəri olsaydı, yaxud BGI-nın tədqiqatının miqyasını anlasaydı, başqa test seçərdi.

“Özüm, genetikam, övladımın genetikası haqda belə həssas informasiyanın başına nə gəldiyini bilmək istəyirəm”, – Emiliya adlı qadın deyib.

XS
SM
MD
LG