Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:48

Kömür də bahalanır


Qırğııstan, arxiv fotosu
Qırğııstan, arxiv fotosu

Qırğızıstanda qarşıdakı qışın enerji problemləri haqda xəbərdarlıq artıq bu ilin yaz və yay aylarında səslənirdi

“Euronews” kanalı xəbər verir ki, Avropada təbii qazın qiymətinin artması bəzi istehlakçıları qonur kömür kimi tanınan liqnitə keçməyə vadar edir. Bu bir çox Avropa ölkəsinin təmiz enerjiyə tədrici keçid strategiyasını qəbul etməyə hazırlaşdığı zamanda baş verir.

Son zamanlar kömür və hidrokarbon enerji daşıyıcılarının qiymətləri artsa da, onlar hələ də təbii qazdan xeyli ucuzdur.

Çexiya sərhədində “Turov” kömür mədəni ətrafında Polşa və Çexiya arasındakı mübahisə kəskinləşib. Polşa özünün buradakı kömür hasilatı müəssisəsini bağlamaqdan imtina edib. Lüksemburqda yerləşən Avropa Birliyi Məhkəməsi “Turov” mədənində əməliyyatların dayandırılması haqda qərara əməl etmədiyi üçün Varşavanı Brüsselə hər gün yarım milyon avro ödəməyə məhkum edib. Praqa bəyan edir ki, ölkənin şimalında sərhəd kəndlərin əhalisi Polşa mədənindəki liqnit hasilatına görə havanın çirklənməsindən əziyyət çəkirlər.

Avropada qaz böhranı. Azərbaycan satışı artırırmı?
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Orta Asiya

Enerji qiymətlərinin artması Orta Asiyadan da yan keçməyib. Artıq Qırğızıstan və Özbəkistanda temperaturlar sıfırın altına düşüb, Qazaxıstanın şimalında isə qar yağıb. Hökumət bu qış əhalinin istilik və elektrik enerjisi ehtiyacını kömürlə ödəməyə çalışır. Hərçənd kömürün qiyməti burada da artıb.

Qırğızıstanda qarşıdakı qışın enerji problemləri haqda xəbərdarlıq artıq bu ilin yaz və yay aylarında səslənirdi. Ölkə daxilində istehsal olunan elektrik enerjisi su elektrik stansiyasından gəlir. Bəzi mütəxəssislər bu il baş vermiş sərt quraqlıq səbəbindən ölkənin ən böyük enerji böhranı yaşayacağını proqnozlaşdırırlar.

Milli Enerji Holdinq Şirkətinin rəhbəri Talaybek Baygziev ötən ayın sonunda elan etmişdi ki, ölkənin şəhər və kəndlərində “ara küçələrdə, reklamlarda, dükan, kafe və digər qeyri-yaşayış istifadəçilərinin fasadlarında işıqlandırmaya məhdudiyyət qoyulacaq”.

Ancaq bu kəsintilər qarşıdakı bir neçə ay ərzində evləri və iş yerlərini işıqlı və isti saxlamaq üçün kifayət etməyəcək.

Apreldə qapanma ola bilər

Toktoqul su elektrik stansiyası (SES) Qırğızıstanın elektrik ehtiyacının təqribən 40%-ni təmin edir. Onun su anbarında suyun səviyyəsi ötən ilki 15,2 milyard kubmetrdən 12,5 milyard kubmetrə enib. Halbuki, SES-in normal fəaliyyəti üçün arzuolunan səviyyə 16-17 milyard kubmetrdir.

Qırğızıstan nazirlər kabineti sədrinin müavini Aziz Aliev deyib ki, su anbarındakı cəmi 12,5 milyard kubmetrlik su səviyyəsi apreldə qapanmaya səbəb ola bilər. SES-in normal fəaliyyəti üçün su səviyyəsi turbinlərdən aşağı olmamalıdır.

Su anbarındakı su səviyyəsi 5,5 milyard kubmetrə enəndə mütəxəssislər buna “ölü zona” deyirlər. Bu, SES-in fəaliyyəti üçün lazım olan minimum səviyyədir.

Qırğızıstan hökuməti yaz və yay aylarında zəruri səviyyəni saxlamaq üçün bu qış ayrılan suyun həcmini azaltmaq haqda düşünürlər. Yay aylarında axının aşağı hissəsindəki qonşu ölkələr Özbəkistan və Qazaxıstanda su kənd təsərrüfat işlərində lazım olur. Başqa bir variant payız və qış aylarında suyu həmişə olduğu qədər işlədib havalar istiləşəndə su qıtlığı yaşamaq və Toktoqul SES-i bağlamaq ola bilər.

Bu ikinci variant qonşu Özbəkistan və Qazaxıstanı qəzəbləndirə bilər. Onların hər ikisi Qırğızıstana enerji ixracatı ilə bağlı öhdəliklərini yerinə yetirirlər. Onlar bunu məhz Toktoqul su anbarına kifayət qədər su toplanması üçün edirlər. Çünki növbəti il havalar isinəndə su əkin işlərinə lazım olur.

Ucuz elektrik enerjisi

Qırğızıstan rəsmiləri elektrik enerjisinin qiymətini artırmağı planlaşdırırlar. Prezident Sadır Japarov Facebook-da yazıb ki, Qırğızıstanda insanlar "işlətdikləri elektrik enerjisinə görə narahat deyillər, çünki o ucuzdur”. O bildirib ki, ölkənin qonşu ölkələrdən idxal etdiyi elektrik enerjisinin qiyməti istehlakçıların hökumətə ödədiyindən daha yüksəkdir. Bu isə dövlətə çətinliklər yaradır. Japarov əlavə edib ki, qiymətləri qaldırmaqla "Allah qoysa, 2024-2025-ci illərədək enerji qıtlığının öhdəsindən gəlib onu ixrac etməyə başlayacağıq".

Kömürlə çalışan Bişkek istilik elektrik stansiyası (İES) təzəlikcə təmir edilərək yenilənib. Korrupsiya nəticəsində Çinin İES-in yenilənməsinə ayırdığı 384 milyon dolların 100 milyonu oğurlanaraq talanıb.

Artıq ölkədə kömür qıtlığı ilə bağlı narahatlıq o həddə çatıb ki, ölkənin ən iri kömür mədənlərindən olan Narın vilayətindəki Kara-Keçe mədəninə nəzarət kameraları quraşdırılıb və DTX əraziyə nəzarət etmək üçün elit Alfa xüsusi təyinatlı qüvvələrini göndərib.

Qazaxıstan

Qazaxıstanda isə hələlik, enerji qıtlığından danışmırlar. Ancaq artıq paytaxt Nursultana kömür göndərilməsi haqda xəbərlər gəlir.

Qazaxıstan dünyanın 10-cu ən böyük kömür ehtiyatlarına malik olduğundan təchizatda problem gözlənilmir. Problem ölkənin enerji ehtiyacının yarısından çoxunu təmin etmək üçün hələ də kömürdən asılı olmasıdır.

Nursultan şəhərinin qazlaşdırılması layihəsi 2023-cü ilədək başa çatmalıdır. Ancaq maraqlıdır ki, Nursultanda keçirilən EXPO-2017 sərgisində mövzu gələcək enerji idi və yenilənə bilən enerji mənbələri nümayiş etdirilirdi. Üstündən dörd ildən çox vaxt keçmiş ölkə qışı hələ də kömürlə qarşılayır.

Bu qış ölkənin daha çox kömür yandırması Mərkəzi Asiyanın şərq yarısında hava çirklənməsini daha da artıracaq.

Bişkekin dünyadakı böyük şəhərlər arasında havası ən çirkli şəhərlərdən olduğu deyilir. Almatıda da ciddi hava çirklənməsi problemi var.

XS
SM
MD
LG