Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:42

'Polkovnik üçün fermada 50 inək saxlamadığıma görə həbs olundum'


Ferma. Foto illüstrasiya
Ferma. Foto illüstrasiya

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində ferma sahibi olan Fazil İsmayılova 7 il 6 ay həbs cəzası kəsilib. İddia olunur ki, o, fermada çalışan işçiləri zorla orada saxlayıb, hərəkət azadlıqlarını məhdudlaşdırıb, antisanitariya vəziyyətində yaşamağa məcbur edib, hədələyib və s.

İttihamlar

Ferma ərazisində mal-qara saxlandığı yerlərlə yanaşı, çalışanların yaşadığı ayrı-ayrı otaqlar, hamam və s. də var. İşçilər arasında elələri olub ki, ailəsi, övladı ilə orada yaşayıb. İsmayılov fermanın qapısını bağlayıb onların kənara çıxmasına imkan verməməkdə, hətta bəzən işçilərin uşaqlarına qarşı zorakılıqda suçlanır. Cinayət işinin materiallarında konkret Səyyad, Kəmalə adlı işçilərin hüquqlarının məhdudlaşdırılmasından, onların qul kimi saxlanmasından bəhs olunur.

İsmayılova qarşı CM-in 144-2 (məcburi əmək) və başqa maddələri ilə ittiham irəli sürülüb. Amma o, özünü təqsirli bilmir. Deyir ki, polis polkovniki İbrahim Kazımovun qanunsuz istəklərinə boyun əymədiyinə görə onun sifarişiylə cəzalandırılıb: "Əvvəl torpaq söhbəti gedirdi. Məndən torpaq istəyirdi, vermədim. Sonra dedi ki, mənə fermada 50 danalıq yer ver. Dedim, mən heç atama nökərçilik eləməmişəm, sənin nökərinəm? 50 inəyə baxmaq bilirsən nə deməkdir? Dedi ki, "görərsən başına nə oyun açacam". Dediyini də elədi".

Şahidlər

İsmayılov məhkəmədə dindirilən şahid ifadələrini yada salıb. Fermada çalışanlar ifadələrində bildiriblər ki, onların hərəkət azadlığı məhdudlaşdırılmayıb, istədikləri vaxt gedib-gələ biliblər, maaşları da vaxtında ödənilib. Hətta İsmayılov bəzən özüylə onları kafeyə də aparıb, bu zaman pulu da özü ödəyib. Yaxud ərzaq çatışmazlığı olanda gedib mağazadan götürürdülər, sonradan ferma sahibi gəlib pulunu ödəyirdi.

Ferma sahibi iddia edib ki, onun əleyhinə ifadə verən şəxslər polis əməkdaşı Kazımovun təsiri altında olub: "Bizdə dəqiq məlumat var, öz qohumları deyib, o iki nəfəri İbrahim özünün boş "novostroyka" evində, öz cibinin puluyla saxlayır. Bu cür iş düzüb-qoşmaq ayıbdır. Yazıblar ki, guya mən bir yaşında uşağı qaldırıb yerə çırpmışam. Mən boyda adam onu yerə çırpsam, sağ qalar?".

Əmək müqaviləsi olmadan işlədilmə

İsmayılovun vəkili də deyir ki, bu işdə, uzağı, şəxslərin əmək müqaviləsi olmadan işlədilməsindən söhbət gedə bilərdi. Bu halda da işçi sayı 10 nəfərdən çox olanda cinayət məsuliyyəti yaranır.

Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi fərqli nəticəyə gəlib və martın 18-də Fazil İsmayılovun 7 il 6 ay azadlıqdan məhrum edilməsi haqda hökm çıxarılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olan İbrahim Kazımovun adı bundan öncə də dəfələrlə qalmaqallarda hallanıb. Bir neçə dəfə məhkəmə iclaslarında təqsirləndirilən şəxslər, o cümlədən ilahiyyatçı Taleh Bağırov onu adamlara işgəncə verməkdə ittiham edib. Kazımov isə şahid kimi dindirilərkən ünvanına səslənən bu ittihamları rədd edərək deyilənlərin əsassız olduğunu bildirib.

XS
SM
MD
LG