Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:36

Kosovo serblərə sənəd verməyə başlayır


Jarinjeyə gedən yol bağlanıb, 1 avqust, 2022-ci il
Jarinjeyə gedən yol bağlanıb, 1 avqust, 2022-ci il

Belqrad Kosovo vətəndaşları üçün uzun müddətdir oxşar qayda tətbiq edir

Kosovo hakimiyyəti ölkəyə daxil olan serblərə sənəd verməyə başlayıb. Daha öncə Serbiyadan gələn avtomobil nömrələri və səyahət sənədləri ilə bağlı iki qaydanın tətbiqinin 30 gün ertələnməsi üzrə razılıq əldə olunub.

Avqustun 1-də etnik serblərin Kosovoda sərhəd keçidlərində qurduğu barrikadalar yığışdırılmağa başlanıb.

Daxili İşlər Nazirliyi Serbiya ilə açıq dörd sərhəd keçid məntəqəsində Serbiya vətəndaşlarına giriş-çıxış sənədləri verildiyini bildirir.

AzadlıqRadiosunun Jarinje keçidi yaxınlığındakı Rudare şəhərində yollara barrikada kimi düzülmüş maşınların yığışdırıldığını təsdiqləyib.

***

Kosovo hakimiyyəti avqustun 1-də səhər bildirib ki, Serbiyadan gələnlər üçün iki qaydanın tətbiqini ertələməyə razılaşıb. Avtomobil nömrələri və səyahət sənədləri ilə bağlı qaydaların tətbiqi ABŞ və Avropa İttifaqı (Aİ) təmsilçiləri ilə məsləhətləşmələrdən sonra ertələnib.

Rəsmilər qaydaların 30 günlüyə təxirə salındığını, o vaxta etnik serblərin sərhəd keçidlərində qurduğu barrikadaların yığışdırılacağını bildirib.

Barrikadalar iyulun 31-də qurulub. Hökumət avqustun 1-dən Serbiyadan verilmiş avtompbil nömrələri və şəxsiyyət sənədləri ilə bağlı yeni qaydaların qüvvəyə minəcəyini demişdi.

Kosovo polisi ötən gecə Jarinje və Brnyak sərhəd keçidlərinin etirazçıların barrikadalar qurmasıyla əlaqədar bağlandığını elan edib.

Hökumət “Amerika və Avropadan beynəlxalq faktorlarla kontakt və görüşlər” keçirildiyini bildirib.

“Sakitçilikdir, heç nə baş verməyib”

Kosovonun şimalında etnik serblərin ucaltdığı iki əsas sərhəd keçidi yaxınlığındakı barrikadalar isə hələ yığışdırılmayıb, yerli rəsmilər AzadlıqRadiosuna deyib.

“Vəziyyət dəyişməyib. Sakitçilikdir, heç nə baş verməyib. Barrikadalar hələ də ordadır, görək bu gün ərzində nə baş verəcək”, – şimal regionu üzrə polis rəisinin müavini Besim Hoti söyləyib.

İyulun 31-də axşam ABŞ-ın Priştinadakı səfiri Cefri Hovenyer Kosovonu qaydaların icrasını 30 günlüyə təxirə salmağa çağırıb, bunu “bu qərarlarla bağlı dezinformasiya və yanlış anlama”nın olmasıyla izah edir.

“Hökumətlə və Avropa İttifaqındakı həmkarlarımızla işləyərək bu razılaşmaların daha yaxşı anlaşılmasına və gərginliyin azaldılmasına ümid edirik”, – o, sözlərinə əlavə edib.

Səfir etirazçıları blokadaları ləğv etməyə, hərəkətin asanlığını təmin etməyə çağıraraq deyib ki, “düzgün yol sivil dialoq”dan keçir.

NATO vəziyyəti monitorinq edir

NATO-nun Kosovodakı missiyası şimal bələdiyyələrində “gərgin” vəziyyətin monitorinqini apardığını, “sabitliyə təhlükə yaranacağı halda müdaxiləyə hazır olduğunu” bildirib.

Kosovo hökuməti demişdi ki, avqustun 1-dən Serbiyadan gələnlərin həmin ölkədə aldıqları sənədlər Priştinanın verdiyi üç aylıq giriş-çıxış sənədləri ilə əvəzlənəcək.

Belqrad Kosovo vətəndaşları üçün uzun müddətdir oxşar qayda tətbiq edir.

Avtomobil nömrələri ilə bağlı yeni qayda da avqustun 1-dən qüvvəyə minməliydi. Kosovonun şimalında etnik serblər 1999-cu ildən Serbiya hökumətinin verdiyi nömrələrdən istifadə edir.

Kosovo hökuməti bunu qanunsuz saysa da, serb çoxluğun yaşadığı dörd şimal bələdiyyəsində bu qaydaya indiyədək dözüb.

Sentyabrdakı mübahisə

Oxşar mübahisə 2021-ci ilin sentyabrında da yaranıb. Kosovo hakimiyyəti onda Serbiyadan gələn bütün sürücülərin 60 günlük müvəqqəti avtomobil nömrəsi almasına göstəriş verib. Serblər isə sərhəd keçidlərini bağlayaraq barrikadalar qurublar.

Serbiya, eləcə də müttəfiqləri Rusiya və Çin Kosovonun müstəqilliyini tanımasa da, Aİ üzvlərinin əksəriyyəti Kosovonu tanıyır.

Aİ on ildən çoxdur iki Balkan ölkəsi arasında dialoqa nail olmaq istəyir, ancaq əlaqələrin normallaşmasına nail ola bilməyib.

Baş nazir Albin Kurti deyib ki, Serbiya ilə gərginliyə baxmayaraq, 2022-ci ilin sonunadək Aİ üzvlüyü üçün rəsmən müraciət edəcək. Serbiya da bloka üzv olmaq istəyir.

XS
SM
MD
LG