Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:29

Paşinyan: 'Müqavilənin razılaşdırılmış hissəsi diplomatik münasibətlərin qurulmasını nəzərdə tutur'


Cənubi Qafqazda davamlı sülh nəinki mümkündür, bu həm də tamamilə realdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu sentyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan “Yerevan dialoqu” beynəlxalq forumunda deyib.

Ermənistan və Azərbaycan arasında sülh danışıqları məsələsinə toxunan Paşinyan deyib ki, sülh müqaviləsinin 80 faizinin tərəflər arasında razılaşdırıldığı təsdiqlənib.

Ötən həftə Azərbaycan prezidenti İlham Əliyev də müqavilə layihəsinin məhz 80 faizinin razılaşdırıldığını bəyan etmişdi.

Paşinyan daha sonra izah edib:

"13 maddə və layihənin preambula hissəsi tamamilə razılaşdırılıb. Hər biri əsasən iki cümlədən ibarət olan daha 3 maddə barəsində qismən razılığa gəlinib. Bu iki cümlədən biri razılaşdırılıb, digəri yox”.

Azatutyun yazır ki, bununla belə baş nazir sözü gedən cümlələrin məzmununu açmayıb. O yalnız bunu deyib ki, Yerevan “təməl sənədinin” əldə olunması üçün artıq razılaşdırılmış müddəaların imzalanmasını təklif edib.

Paşinyanın sözlərinə görə qalan məsələlər üzrə danışıqlar bundan sonra da davam etdirilə bilər.

Paşinyan deyib ki, sülh müqaviləsi layihəsinin artıq razılaşdırılmış maddələrindən biri Yerevan və Bakıya danışıqları davam etdirmək mexanizmi verir.

Baş nazir əlavə edib ki, sülh müqaviləsi layihəsinin artıq razılaşdırılmış hissəsində Ermənistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulması nəzərdə tutulub.

Paşinyan bir daha bəyan edib ki, o artıq razılaşdırılmış maddələri ən yaxın müddətdə imzalamağa hazırdır.

Bakının iradları qalır

Lakin rəsmi Bakı sentyabrın 9-da bəyan edib ki, yarımçıq razılaşdırılmış sülh müqaviləsinin imzalanmasını qeyri-məqbul hesab edir.

Azərbaycan tərəfi bunu da bildirir ki, “problematik məsələlər bir sıra istiqamətlərdə aydınlaşdırılmalıdır”.

Bakı israr edir ki, Ermənistan öz konstitusiyasını dəyişməlidir. Bakı özəlliklə də konstitusiyanın preambula hissəsindən Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir.

Müstəqillik Bəyannaməsində isə Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad var. Bu da qeyd olunmalıdır ki, o vaxt daha yüksək instansiya olan SSRİ Ali Soveti sözü gedən aktı qanunsuz sayaraq dərhal ləğv etmişdi.

Paşinyanın özü də ötən fevral ayında indiki konstitusiyanı tənqid etmiş və bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.

Ermənistanın baş naziri iyulun 5-də bir daha Ermənistanın yeni konstitusiyasının qəbuluna çağırmışdı.

Paşinyan konstitusiyanın dəyişdirilməsi istiqamətində ilk addım kimi xüsusi islahat şurasına ana qanunun yeni mətninin layihəsinin hazırlanmasını tapşırıb.

Baş nazirin sözlərinə görə yeni konstitusiya 2026-cı ilin sonunadək referendumla qəbul olunmalıdır.

Azərbaycan tərəfi bunu da qeyd edir ki, Ermənistan Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasının açılması öhdəliyini götürsə də, bu öhdəliyə son dörd ildə əməl etməyib.

Burası da var ki, bir ay bundan əvvəl rəsmi Bakı, daha sonra isə Yerevan kommunikasiyaların açılmasına dair mübahisə yaradan maddənin sülh müqaviləsi layihəsindən çıxarılmasına razılığını bildirmişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona nəzarəti itirmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarəti bərpa edib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG