Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:39

Həbsdəki araşdırmaçı jurnalist: 'Polislər evimdən səhmlərimi aparıb, onların təhlükəsizliyinə görə narahatam'


'Azərbaycanda həbslər davam edəcək': AbzasMedia İşində son vəziyyət
Gözlə

No media source currently available

0:00 0:05:34 0:00

Sevinc Vaqifqızı ittihamları saxta sayır: Beynəlxalq reaksiya

AbzasMedia nəşri ilə bağlı həbs olunan jurnalistlər və ailə üzvləri, bu iş üzrə istintaqda dindirilmiş media nümayəndələrindən 20-yə yaxın şəxs onların maraqlarına toxunan məhdudlaşdırıcı qərarlardan şikayət vermişdilər. Söhbət əmlak və bank hesablarına həbs qoyulmasından, onların vergi ödənişləri və pay sahibliyi barədə bilgilərin Bakı şəhər Baş Polis İdarəsinə təqdim olunmasından və s. qərarlardan gedir.

Dekabrın 20-də Bakı Apellyasiya Məhkəməsində bu şikayətlərlə bağlı ayrı-ayrılıqda üç məhkəmə prosesi keçirilib. Məhkəmə iclaslarına AbzasMedia işi üzrə həbs olunanlar - direktor Ülvi Həsənli, baş redaktor Sevinc Abbasova (Vaqifqızı), jurnalistlər Hafiz Babalı və Nərgiz Absalamova da qatılıblar. Onların ailə üzvləri, əmlak və bank hesablarına həbs qoyulmuş digər şəxslər də həmin prosesdə iştirak ediblər.

Hər üç məhkəmə iclasında şikayətçilər deyiblər ki, Xətai rayon Məhkəməsində onların haqqında çıxarılmış məhdudlaşdırıcı qərarlar qanunsuz və əsassızdır. Maraqlarına toxunan qərarlar barədə özlərinə heç bir bilgi verilmədiyi də hakimlərin diqqətinə çatdırılıb.

Vəkillər bir sıra şəxsin özlərinin və analarının pensiya kartlarının bloklanmasına diqqət çəkib. Müdafiəçilər vurğulayıblar ki, pensiya kartına vəsait dövlət büdcəsindən gəlir. Onun bloklanması üçün vəsatət vermiş istintaq orqanı da, həmin vəsatətə baxan məhkəmə də bunu bildiyi halda, həmin kartların bloklanması barədə qərar çıxarılması ağlasığmazdır.

E.Sadıqov
E.Sadıqov

"Heç bir əsaslandırma da yoxdur ki, adamların pensiya kartı niyə bloklanır?", - deyən vəkil Elçin Sadıqov pensiya kartlarının bloklanma səbəblərini məhkəmə zalındakı müstəntiqdən soruşmaq istəsə də, hakim buna imkan verməyib. Hakim iddia edib ki, bu məhkəmə prosesində belə suallar verilə bilməz, vəkillər onları maraqlandıran məsələyə dair istintaqı aparan Bakı şəhər Baş Polis İdarəsinə üz tutmalıdırlar.

"Mənim pensiyamın bu işə nə aidiyyəti var?"

S.Vaqifqızının anası Ofeliya Məhərrəmova məhkəmədə deyib ki, kartının bloklanması dərmanpulu və başqa ehtiyaclarını ödəmək baxımından ona ciddi çətinlik törədir: "Mən ikinci qrup əliləm, xeyli vaxtdır ürək xəstəliyindən əziyyət çəkirəm. Həyat yoldaşım da vəfat edib. Mən necə dolanmalıyam? Dərmanlarımı necə almalıyam? Hökumət özünün verdiyi pulu bloklayır. Belə çıxır ki, özü-özünə güvənmir".

Ü.Həsənlinin anası Esvira Musayevanın da pensiya kartı bloklanıb.

H.Babalı
H.Babalı

AbzasMedia işi üzrə həbsdə olanlardan araşdırmaçı jurnalist H.Babalının da pensiya kartı blokdadır. O, həbs olunmazdan bir neçə gün öncə bundan xəbər tutduğunu söyləyir: "Mən görmə problemi ilə əlaqədar üçüncü qrup əlil kimi uzun illərdir pensiya alıram. Mənim pensiyamın bu işə nə aidiyyəti var?".

H.Babalının sözlərinə görə, dekabrın 13-də evində - axtarış aparılarkən səhmlərini götürüb aparıblar. Həmin səhmlər də pay sahibi olduğu şirkətlərə məxsusdur: "Polislər evimdən səhmlərimi götürüb aparıb və mən onların təhlükəsizliyinə görə çox narahatam".

Prezident Əliyevin ailə üzvlərinə, o cümlədən kürəkəninə məxsus şirkətlərə, Qarabağdakı biznesləri və başqa korrupsiya araşdırmalarına görə cəzalandırıldığını vurğulayan H.Babalı deyir ki, ona verilmiş qaçaqmalçılıq ittihamı absurddur. Onun sözlərinə görə, AbzasMedia ilə aralarında maliyyə məsələsi olmayıb. Hətta olsaydı belə, onu qaçaqmalçılıqda yox, vergidən yayınmaqda suçlamaq olardı: "Vergi məsələsində də 20 min manatadək cinayət məsuliyyəti yaratmır".

S.Vaqifqızı
S.Vaqifqızı

S.Vaqifqızı vergi haqqında danışanda bildirib ki, Azərbaycanda vətəndaşlarının ödədiyi vergiləri hökumət səmərəsiz xərcləyir. Onun sözlərinə görə, toplanan vergilər son nəticədə insanlara əzab verən şəxslərin ciblərinə göndərilir: "Bu hakimiyyət öz vətəndaşlarına qarşı ləyaqətli davranış göstərmir. Bu dövlətə ödənilən vergilər kimlərin ciblərinə gedir? Vergilər hesabına formalaşan büdcədən polislərə pul verirlər, onlar da insanları döyürlər. O büdcədən AzTV-nin maliyyələşməsinə sərf olunur, onlar da yalan danışırlar, cəmiyyətə yaltaqlıq aşılayırlar. Hakimlərin ciblərinə gedir, onlar da sifarişli qərarlar verirlər...".

Bu yerdə hakim Elbəyi Allahverdiyev jurnalistin çıxışını dayandırıb.

Ü.Həsənli
Ü.Həsənli

"Danışmağa imkan vermirsiniz"

AbzasMedia-nın korrupsiyanı ifşa edən araşdırmalarına görə həbs olunduqlarını söyləyən Ü.Həsənlinin dedikləri də hakimləri narazı salıb. Onun çıxışına müdaxilə edəndə Ü.Həsənli belə cavab verib: "Danışmağa imkan vermirsiniz. Başqa vaxt danışmaq imkanımız olmur. Burada fürsət düşüb, ona görə danışıram".

Pensiyaçılarla yanaşı, Ü.Həsənlinin bacısı Sədaqət Həsənovanın, iqtisadçı Toğrul Vəliyevin maaş kartları da bloklanıb. AbzasMedia işi üzrə şahid qismində dindirilmiş T.Vəliyev məhkəmədə bildirib ki, müqavilə əsasında işlədiyi şirkətdən rəsmi qaydada aylıq maaş alır. Onun sözlərinə görə, həmin maaşın köçürüldüyü bank hesabına həbs qoyulub.

AbzasMedia ilə bağlı cinayət işinin istintaqını aparan müstəntiqsə Xətai rayon Məhkəməsinə verdikləri vəsatətlər əsasında çıxarılmış məhdudlaşdırıcı qərarların əsaslı olduğunu bildirib. O, apellyasiya məhkəməsindən həmin qərarların qüvvədə saxlanmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin hakimlər hər üç məhkəmə prosesində şikayətlərin təmin olunmadığını, qərarların olduğu kimi qüvvədə saxlandığını açıqlayıblar.

Vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, bu qərarlardan Avropa Məhkəməsinə şikayət verəcəklər.

Ülvi Həsənlinin saxlanması: Abzas media korrupsiya araşdırmalarına davam edəcək
Gözlə

No media source currently available

0:00 0:06:51 0:00

Xatırlatma

AbzasMedia ilə bağlı cinayət işi üzrə öncə noyabrın 20-də səhər saat 5 radələrində nəşrin direktoru Ü.Həsənli saxlanılıb. Həmin gün onun evində və AbzasMedia-nın ofisində axtarışlar aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Ardından noyabrın 20-də direktor müavini M.Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində S.Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist N.Absalamova, ardınca da dekabrın 13-də H.Babalı tutulub.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2 (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Adları çəkilən şəxslərin heç biri özünü təqsirli bilmir. Ü.Həsənli AbzasMedia-nın ofisində pul olmadığını, oradan tapıldığı iddia edən 40 min avronu polislərin özlərinin oraya atdığını bəyan edib.

XS
SM
MD
LG