Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:23

'Fəlakətli durum': Lukaşenko Belarusun onsuz da zəif məhkəmə sistemini özünə belə tabe etdirdi


Aleksandr Lukaşenko MDB Şurasının iclasında Belarus prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrikləri qəbul edir. 1994
Aleksandr Lukaşenko MDB Şurasının iclasında Belarus prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrikləri qəbul edir. 1994

Təhlilçilər deyirlər ki, Aleksandr Lukaşenko 1994-cü ildə hakimiyyətə gələndən bəri Belarus dövlətində məhkəmə sisteminin müstəqilliyi və qanunun aliliyi pozulub. Düzdür, bu illər ərzində prinsipial vəkillər önəmli işləri ictimaiyyətin diqqətinə çatdırıb, vicdanlı hakimlərsə prokurorluğu və polisi ədalət və qanunun təməl prinsiplərinə tabe olmağa məcbur ediblər. Ancaq hüquqşünaslar və Lukaşenkonın opponentləri deyirlər ki, 2020-ci ilin avqustunda başlayan etirazlar amansızlıqla yatırılandan sonra işıq ucu qalmayıb.

"Hüquqi yardıma ehtiyac yoxdur"

Belaruslu tanınmış vəkil Natalya Matskeviç bu durumu "fəlakət" adlandırır. Matskeviç 2020-ci ildə prezidentliyə namizəd Viktor Babariko və Sergey Tixanovskinin vəkili olub. Namizədliklərini irəli sürmələrinə mane olmaq üçün hökumət onlara qarşı siyasi motivli saxta ittihamlar irəli sürmüşdü.

"Hər hansı fəaliyyət üçün vəkillik lisenziyasının ləğvi mexanizmi gəlişdirilib. Nəticədə artıq hüquqi yardıma ehtiyac yoxdur. Təminatlar yoxdur", - o, "Nastoyaşeye Vremya"ya belə deyib.

Matskeviçin sözlərinə görə, vəkillərin peşəkar qurumlarına nəzarətin Ədliyyə Nazirliyinə verilməsi "vəkilləri dikinə nəzarət" altına salıb.

Matskeviçin özü lisenziyasını 30 illik insan haqları vəkilliyi karyerasından sonra, 2021-ci ildə itirib. Bu il o, özü kimi vəkil olan həyat yoldaşı Viktor Matskeviç ilə birlikdə Belarusu tərk edib.

"Vilnüsdən - adi səfərdən qayıdırdım. Məni söhbət üçün sərhəddəki idarəyə dartıb apardılar. Telefonumu eşələdilər və elə suallar verdilər ki, bu rejimin idarəçiliyi altında mənə yer olmadığını anladım. Gün kimi aydın idi ki, repressiyalar baxışları ictimaiyyətə məlum hər bir şəxsə gəlib çatacaq. Üstəlik, elə hey nə vaxt gəlib qapını döyəcəklərini düşünmək normal …durum deyil. Bütövlükdə baxanda düşünürəm ki, insanlar hüquqlarının olmamasını norma saysınlar deyə, onlar vəkilləri izləyirlər. İndi insanlar öz düşüncələrini söyləmək, yaxud toplaşmaqla bağlı hər hansı imkandan məhrum ediliblər. Onları küçələrdən uzaq və sakit saxlamaq üçün anladırlar ki, sizə heç kim yardım göstərməyəcək və heç vəkiliniz də olmayacaq", - Matskeviçin sözləridir.

Aleksey Patsko
Aleksey Patsko

2020-ci ilin oktyabrında hakim Aleksey Patsko istefa verib

Alyona Şalayeva və AzadlıqRadiosu Belarus xidmətinin hazırladığı materialda deyilir ki, Patsko daha öncə 5 il Pinsk şəhərində hakim çalışıb.

"2020-ci ildən öncə hakimlər bir növ diplomatik basqı ilə üzləşirdilər. Qərarın necə verilməsinə, yaxud hansı hökmün verilməsinə dir əmrlər olmurdu. Sadəcə, qəbul ediləcək çərçivədə eyham və məsləhətlər [olurdu]. Ancaq 2019-cu il parlament seçkilərindən sonra vintləri bərkitməyə başladılar", - Patsko AzadlıqRadiosunun Belarus xidmətinə müsahibəsində deyib.

Patsko ona demokratiya tərəfdarı olan bütün etirazçıları 15 günlük həbsə atmaq barədə əmr gəldikdən sonra istefa verdiyini deyir. Bundan az sonra o, Belarusu tərk edib.

Hökumətin etirazçılara qarşı amansız təqib və təzyiqi fonunda çox sayda polis zabitinin, müstəntiq və digər hüquq-mühafizə əməkdaşlarının istefası haqda xəbərlər də yayılırdı. Adının çəkilməsini istəməyən, lisenziyasını itirmiş daha bir vəkil AzadlıqRadiosuna çox sayda hakimin Patsko kimi istefa verəcəyini gözlədiyini söyləyib: "Məhkəmə zalını teatra döndəriblər. Şahidlər [məhkəmə qarşısına] balaklavada (üzü örtən baş geyimi – tərc.) və ləqəblə çıxırlar. Məni heyrət bürümüşdü; onlar hakimlərin üzünə tüpürürdülər… Əmindim ki, hakim və prokurorlar öz peşəkar şərəf və ləyaqətlərini qoruyacaqlar. Ancaq yox, onlar dinməz qaldılar və hüquqsuz ölkədəki oyun qaydalarını qəbul etdilər".

"Vyasna" insan haqları mərkəzi Belarusda 1451 nəfər siyasi məhbusun olduğunu söyləyir.
"Vyasna" insan haqları mərkəzi Belarusda 1451 nəfər siyasi məhbusun olduğunu söyləyir.

"Hakimlərin peşəkarlığı hökmü imzalamaq səviyyəsinə endirilib"

Adının çəkilməsini istəməyən bir polis müstəntiqi AzadlıqRadiosunun Belarus xidmətinə deyib ki, müxalifətə qarşı təqiblərdən doğan çox böyük sayda cinayət işi "sistemi deqradasiyaya məruz qoyub": "İstintaq Komitəsi və prokurorluq düz-əməlli istintaq apara bilmirdi. Qəliz bir işə necə bir-iki gün içində baxa bilərsən? Bəzən hətta bir neçə saat içində. İndi hakimlərin peşəkarlığı …sadəcə hökmü imzalamaq səviyyəsinə endirilib".

"Qanun işləmir"

Lisenziyası əlindən alınan vəkilin fikrincə, hakimlər artıq sifarişlərini pərdəarxası telefon zənglərindən deyil, birbaşa dövlət televiziyasından işarə şəklində alırlar: "Qanun işləmir. Mesaj aydındır – hökumətə qarşı olan hər kəsdən qurtulmaq lazımdır".

O əlavə edib ki, son üç ildə siyasi fəaliyyətə görə ekstremizm, terrorçuluq və xəyanət kimi rəsmi ittihamlarla çıxarılan uzunmüddətli - bəzi hallarda 20 illik həbs hökmləri onun ən qəddar caniləri müdafiə edərkən üzləşdiyi qərarlardan daha sərtdir: "Artıq hakimlər gərəkəni əmrsiz-filansız bilirlər. Vəkil Aleksandr Danileviç barəsində 10 illik hökm belə çıxarılıb. [Keçmiş vəkil] Vital Braqinets barəsindəki 8 il hökm də həmçinin. Keçmiş müstəntiq Yevgeni Yuşkeviçə verilmiş 11 illik həbs cəzası, tut.by saytının menecerləri barəsində çıxarılan 12 illik həbs qərarı, digər jurnalistlərə verilən astronomik həbs cəzaları da onun kimi".

"Vyasna" insan haqları mərkəzi Belarusda 1451 nəfər siyasi məhbusun olduğunu söyləyir.

Natalya Matskeviç
Natalya Matskeviç

Natalya Matskeviç deyir ki, belaruslu vəkillərin 2020-ci ildəki təqiblərindən öncə də qorxunc avtoritar şərtlər altında çalışdığı nəzərə alınsa, onların işi çox vacib idi: "Bu işlər tarixi dilləndirir, yaddaşlarda qalır və ictimai şüura nüfuz edir. İş materiallarında verilən bilgi uzun zaman böyük önəm daşıyacaq".

"İndi Belarusda lap acınacaqlı o ki, öz fikrini səsləndirdiyi və etirazlara qatıldığı üçün təqib edilən insanlar vəkilsiz qalacaq. Axı işdəki vəkillər insan hüquqlarını aktiv müdafiə edən vəkillərin başına gətirilənləri [gördükləri üçün] bu cür işləri qəbul etməyəcəklər. Yaxud belə işləri yalnız məhkəmə tərəfindən təyin oldunduqları halda qəbul edəcəklər… Bu cür işləri qəbul edə biləcək çox az sayda adam qalıb. Onlar aramsız hücum, aramsız risklə üzləşməkdən və sabah tutulub aparılacaqları hissi ilə yaşamaqdan yorulublar", - Matskeviç "Nastoyaşeye Vremya"ya deyib.

XS
SM
MD
LG