Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:42

Beynəlxalq Bankın öhdəlikləri dövlətə ötürülüb


ABB
ABB

«Dövlət Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılmasına milyardlar xərcləyirsə, proses çox şəffaf aparılmalıdır».

Ekspert Rövşən Ağayev ABB-nin maliyyə institutları qarşısında xarici valyutada olan öhdəliklərinin birbaşa dövlətə ötürülməsi barədə qərarı dəyərləndirərkən belə deyib.

Ekspert ABB-nin sağlamlaşdırılması prosesinin xeyli suallar doğurduğunu söyləyib.

«Məsələn, 2016-ci il yanvarın 1-nə bankın problemli aktivlərinin dəqiq məbləği nə qədər olub? İndiyədək «Aqrarkredit»ə 10 mlrd. manatmı, yoxsa daha çox ötürülüb? Hətta 10 mlrd. manatdırsa, bu fəlakətli bir məbləğdir. Çünki bu məbləğ bankın 2016-cı il yanvarın 1-nə olan aktivlərinin təxminən 70 faizi deməkdir. Halbuki, 1981-2001-ci illərdə 11 ölkənin təcrübəsi göstərir ki, hökumətin sağlamlaşdırdığı banklar üzrə problemli aktivlərin ümumi bank aktivlərinə nisbəti orta hesabla 35 faizdən çox olmayıb», - ekspert vurğulayıb.

R.Ağayev daha bir sual verir. ABB-nin problemli aktivləri yalnız qaytarılmayan kreditlərlə bağlıdır, yoxsa problemə çevrilən başqa aktivlər mövcuddur?

***Buna da bax-Bankların rezolyusiyası nə deməkdir? [video]

BORCLULARIN ADI VƏ ÖHDƏLİYİ AÇIQLANMALIDIR

«ABB-nin 2015-ci il yanvarın 1-nə olan bütün aktivlərinin 86 faizini və ya 7.9 mlrd. manatını müştərilərə kreditlər təşkil edib. Hökumət isə deyir ki, bankın bütün problemləri məhz 2014-cü ilin sonuna kimi yaranıb. Burdan o nəticə çıxarmaq olur ki, problemli aktivlər, əsasən, qaytarılmayan kreditlərlə bağlıdır», - deyən ekspert burdan başqa bir sualın çıxdığını diqqətə çatdırır:

R.Ağayev
R.Ağayev

«Dövlətə məxsus olan nəhəng borcları qaytarmayan kimlərdir? Fiziki yoxsa, hüquqi şəxslərdir? Bankın hesabatından belə aydın olur ki, 2015-ci ilin əvvəlində kreditlərin təxminən 1 mlrd. manatı və ya 14 faizi fiziki şəxslərlə bağlı olub. Yerdə qalan 7 mlrd. manata yaxın kredit korporativ müştərilərə verilib. Borc öhdəliyini yerinə yetirə bilməyən bütün subyektlərin adı və öhdəliyinin həcmi ictimailəşdirilməlidir».

KREDİTLƏR REAL TƏMİNATLA VERİLİB. AMMA...

R.Ağayev statistik bilgilərə söykənərək vurğulayır ki, müəssisə və şirkətlərə verilən borcların 80 faizə qədərinin arxasında real təminat olub. Amma bu təminatların ABB-nin problemli aktivlərinin bərpasına cəlb edilməməsinin səbəbləri aydın deyil.

***Buna da bax-Cahangir Hacıyev: 'Mən siyasi məhbus kimi tanınmaq istiqamətində...'

ABB-nin öhdəliklərinin dövlətə ötürülməsi barədə qərarın özü ilə bağlı da suallar yaranır. Ekspert deyir ki, hökumətin ABB-nin əvəzindən nə qədər borc qaytaracağı bəlli deyil:

«2015-ci ilin yekunlarına görə, ABB-nin 25-ə qədər xarici bank və beynəlxalq maliyyə institutlarından cəlb etdiyi kreditlərin həcmi 1.1 mlrd. dollara yaxın olub. Əlavə olaraq, 500 mln. dollar dəyərində avroistiqraz buraxılışını da nəzərə alsaq, Beynəlxalq Bankın hökumətə ötürülən xarici borclarının 1.6 mlrd. dollardan az olmadığı üzə çıxır».

ABB-DƏN YAYILAN MƏLUMAT

ABB mayın 11-də sağlamlaşdırma prosesinin növbəti mərhələsi olaraq, öhdəliklərin könüllü restrukturizasiyası (kreditin və onun qaytarılması şərtinin dəyişdirilməsi-AR) planına başladığını bəyan edib.

Könüllü restrukturizasiya çərçivəsində bankın maliyyə institutları qarşısında xarici valyutada öhdəlikləri birbaşa dövlətə ötürülür. Plan Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılıb.

Restrukturizasiya prosesinin başlanılması barədə Nəsimi rayon Məhkəməsi bu il mayın 4-də qərar qəbul edib. Borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin (ticarətin maliyyələşdirilməsi əqdləri üzrə faiz ödənişləri istisna olmaqla) icrası dayandırılır.

«Bu tədbirlər bankın uzunmüddətli maliyyə mövqeyinin bərpası, dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutuna çevrilməsi üçün həyata keçirilir», - ABB-nin məlumatında bildirilir.

XS
SM
MD
LG