Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:47

Ötən il Azərbaycanın daxili dövlət borcu dörd dəfəyə yaxın artıb


Hazırda adambaşına düşən xarici borc: 1114 manat.
Azərbaycan necə borclanıb və pul nəyə xərclənib? İzah edirik
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Hazırda adambaşına düşən xarici borc: 1114 manat. Azərbaycan necə borclanıb və pul nəyə xərclənib? İzah edirik

Maliyyə Nazirliyi Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair ötən ilə aid bilgiləri açıqlayıb. Açıqlanan rəqəmlərə görə, 2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 35 milyard 575 milyon manat, yəni büdcə hazırlanarkən qoyulan proqnozlardan 1.7 milyard manat və ya 5 faiz yüksək olub.

Dövlət büdcəsi gəlirlərinin formalaşmasında, ənənəvi olaraq, əsas pay neft-qaz sektoruna məxsusdur. Ötən il Azərbaycan büdcəsinin yarıdan çoxu - 51 faizi - 18.1 milyard manatı məhz neft və qaz gəlirləri hesabına təmin edilib. Bu vəsaitin 11.7 milyard manatı birbaşa Neft Fondunun transferləridir. Daha 6.4 milyard manat neft-qaz şirkətlərinin ödədiyi vergilərdir.

Ötən il ölkədə həm vergi, həm də gömrük daxilolmaları proqnozu üstələyib. Vergi daxilolmaları proqnozdan 1.1 milyard manat, gömrük daxilolmaları 610 milyon manat çox olub. Öncəki illərin təcrübəsi göstərir ki, bunun əsas səbəblərindən biri qiymət artımlarıdır. Dövlət büdcəsinə daxil olan vəsaitin daha 823 milyon manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətləri hesabına təmin edilib. Dövlət əmlakının icarəyə verilməsindənsə ilboyu cəmi 31 milyon manat vəsait əldə edilib.

Xərclər proqnozdan az olub

Ötən il dövlət büdcəsinin gəlirləri proqnozdan çox olsa da, büdcənin xərcləri, əksinə, proqnozdan 0.5 faiz geri qalıb. Toplam 36.4 milyard manat xərcləndiyindən sonda büdcə kəsiri yaranıb. Xərclər gəlirləri təxminən 1 milyard manata yaxın qabaqlayıb. Ötən il bəzi istiqamətlərdə xərclər 2022-ci illə müqayisədə daha çox artıb. Məsələn, müdafiə xərcləri 993 milyon manat və ya 20 faiz, təhsil xərcləri 428 milyon manat və ya 11.6 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclər 305 milyon manat və ya 12.9 faiz artıb.

Ötən il işğaldan qurtulmuş ərazilərin yenidən qurulmasına dövlət büdcəsindən 5 milyard 588 milyon manat sərf edilib. Deməli, büdcə xərclərinin təxminən 15 faizi Qarabağdakı işlərə yönəldilib. Bu vəsait bir neçə mənbə hesabına təmin edilib. Onun 4 milyard 800 milyon manatı büdcədən birbaşa Qarabağdakı bərpa işlərinə ayrılıb. Daha 145 milyon manat Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan, 33 milyon manatı dövlət əsaslı investisiya qoyuluşu xərclərindən, daha 465 milyon manatı isə büdcədəki digər mənbələrdən təmin edilib. Ötən il dövlət büdcəsindən ən çox vəsait xərclənən istiqamətlərdən biri də müdafiə və milli təhlükəsizlik xərcləridir. 2023-cü ildə bu istiqamətdə toplam 7 milyard 168 milyon manat xərclənib. Başqa deyimlə, ötən il büdcə xərclərinin təxminən 20 faizi müdafiə və milli güvənliklə bağlı olub. Büdcə xərclərinin təxminən 35 faizi Qarabağın yenidən qurulmasına və müdafiəyə sərf edilib.

2023-cü ilin dövlət büdcəsindən prezidentin ehtiyat fonduna ayrılan 300 milyon manatın 79 faizi (237 milyon manat) ölkənin əsas avtomobil yollarının yenidən qurulmasına, abadlıq və tikinti işlərinin aparılmasına ayrılıb. Prezidentin ehtiyat fondundan daha 59 milyon manat sosial müdafiə, sosial təminat, mədəniyyət, idman, informasiya və bu kimi digər sosial tədbirlər üçün xərclənib.

Ötən ilin dövlət büdcəsindən səkkiz rayona dotasiya ayrılıb. Bunun səbəbi həmin rayonlarda yerli gəlirlərin yerli xərcləri qarşılamamasıdır. Bu səkkiz rayondan altısı ərazisi işğala məruz qalmış rayonlardır. Qarabağdan başqa cəmi iki rayonda yerli gəlirlər yerli xərcləri qarşılamayıb. Həmin rayonlar Lerik və Yardımlıdır.

Daxili borc kəskin artıb

Maliyyə Nazirliyi 2024-cü il yanvarın 1-nə dövlət borcuna dair göstəriciləri də açıqlayıb. Həmin göstəricilərə görə, bu ilin əvvəlinə Azərbaycanın xarici dövlət borcu 6.5 milyard dollar olub. Ötən il boyunca Azərbaycanın xarici dövlət borcu 213 milyon dollar azalıb. Həmin borc Ümumi Daxili Məhsulun (ÜDM-in) 9 faizi qədərdir. 2023-cü ildə büdcədən xarici dövlət borcu ilə əlaqədar 772 milyon manat xərclənib. Bunun 518 milyon manatı faiz ödənişinə gedib. Ötən il beynəlxalq təşkilatlarla bağlanan sazişlər əsasında dövlət 148 milyon dollar yeni kreditdən yararlanıb.

2023-cü ildə xarici dövlət borcu azalsa da, daxili borcun həcmi kəskin artıb. Həmin il başlarkən Azərbaycanın daxili dövlət borcu 4.2 milyard səviyyəsində idi. İlin sonunda bu rəqəm 15.8 milyard manata yüksəlib, yəni 11.6 milyard manat və ya 3.8 dəfə artıb. Artım bir neçə səbəbdən qaynaqlanır. Bunlardan biri 9.3 milyard manat məbləğində dövlət zəmanətli öhdəliklərin dövlət borcuna aid edilməsidir. Bununla yanaşı, o da var ki, son illər Azərbaycanda xarici dövlət borcunun daxili borcla əvəzləşdirilməsi siyasəti aparılır. Bu məqsədlə dövlət istiqrazları buraxılır. Belə artımlar nəticəsində Azərbaycanın daxili dövlət borcunun ÜDM-ə nisbəti 3.1 faizdən 12.9 faizə yüksəlib. 2023-cü ildə dövlət büdcəsindən daxili dövlət borcu ilə əlaqədar 260 milyon manat xərclənib. Bu vəsaitin hamısı daxili dövlət borcunun faiz ödənişləridir.

XS
SM
MD
LG