Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:32

85-yaşlı sabiq baş həkimə 11 il həbs cəzası tələb olundu


İsmayılova hər ay kartlardan maaşları çıxararaq baş həkimə çatdırıb. Foto illüstrasiya
İsmayılova hər ay kartlardan maaşları çıxararaq baş həkimə çatdırıb. Foto illüstrasiya

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsindəki 23 nömrəli şəhər xəstəxanasının 30 ilə yaxın baş həkimi olmuş Rəsul Baxşəliyev xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. O, 629 min manatlıq yeyintidə suçlanır.

Aprelin 28-də prokuror 85-yaşlı Baxşəliyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Baş həkimlə birlikdə mühakimə olunanlardan müavini Zinyət İsmayılovaya 10 il 6 ay, xəstəxananın başqa bir həkimi Afət İbrahimovaya 8 il, bağban kimi rəsmiləşdirilsə də, əslində sürücülük edən Əli Əliyevə isə 4 il həbs cəzası verilməsi təklif olunub.

1992-2021-ci illərdə baş həkim olmuş Baxşəliyevin bir sıra şəxslərin adlarını xəstəxanada bağban, tibb bacısı, sanitar, həkim kimi rəsmiləşdirdiyi, lakin özlərinin işə gəlmədiyi, maaşlarının isə mənimsənildiyi iddia olunur.

"Özü bir manat da mənimsəməyib"

Əliyevin vəkili ona verilən ittihamla da, prokurorun istədiyi cəzayla da razılaşmır. Deyir ki, bir tərəfdən illər öncə bu xəstəxanada baş həkim və müavini tərəfindən belə bir korrupsiya piramidası qurulduğu iddia olunur, digər tərəfdən isə adi sürücünün illərlə oturuşmuş sistemə yardım etdiyi deyilir: "Əli Əliyev işə başlayanda artıq illərlə oturuşmuş sistem vardısa, ona niyə ehtiyac duyurdular? Bu adam bağban-sürücü kimi işə götürülüb. Pandemiya dövründə iynə-dərman preparatlarını daşıyıb".

Vəkil əlavə edib ki, müvəkkilinin bu işdə iştirakını təsdiqləyən mötəbər sübut yoxdur.

Təqsirləndirilən İbrahimovanın vəkili müvəkkilinin peşmançılığını çatdırıb, onun ailə vəziyyətinin nəzərə alınmasını, qətiyyən pul mənimsəməməsini nəzərə alıb yüngül cəza verilməsini xahiş edib: "Baş həkim və təsərrüfat məsələləri üzrə müavinə bəzi hallarda pulların kartlardan çıxarılmasında kömək etdiyini özü də etiraf edib. Özü bir manat da mənimsəməyib...".

"Nəyi var, ödəyib, heç nəyi qalmayıb..."

Baxşəliyevin vəkili isə deyir ki, müvəkkili 300 min manatdan çox vəsait ödəyib. Bundan artıq ödəməyə imkanı yoxdur. Səbəbini də belə izah edir: "Nəyi var, ödəyib, heç nəyi qalmayıb...".

Məhkəmə araşdırmaları davam edir.

Cinayət işinin materiallarında yazılıb ki, baş həkimin özünə yaxın olan, adı işçi kimi rəsmiləşdirilmiş şəxslərin maaş kartları özlərində olub. Amma bir xeyli adam da var ki, onların maaş kartları baş həkimin müavini olmuş Zinyət İsmayılovada olub. İsmayılova hər ay o kartlardan maaşları çıxararaq baş həkimə çatdırıb. Adları işçi kimi rəsmiləşdirilib, əslində isə xəstəxanada işləməyən şəxslərin adlarına açılmış maaş kartları vasitəsilə 2009-2021-ci illərdə 629 min manat büdcə vəsaitinin mənimsənildiyi iddia olunur.

Həm baş həkim Baxşəliyev, həm də müavini İsmayılova CM-nin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsi ilə ittiham olunur. Bu maddədə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Digərlərinə isə cinayətdə iştirakçılıq ittihamı verilib.

"Bu işi təkbaşına görməmişəm"

Məhkəmə prosesində Baxşəliyev özünü qismən təqsirli bildiyini deyib: "Həm məbləğlə razı deyiləm, o qədər olmayıb. Həm də mən tək deyiləm. Bu işi təkbaşına görməmişəm". Baxşəliyev əməlindən peşman olduğunu vurğulayıb.

İsmayılova da özünü qismən təqsirli bilir: "Kartlar mənə verilib, mən də çıxarıb vermişəm. Mən işimi görmüşəm".

Maaş kartlarının bir neçəsi İbrahimovada olub. Onun sözlərinə görə, həmin kartlardan çıxardığı pulları baş həkimin müavininə verib.

Əliyev isə, ümumiyyətlə, özünü təqsirli bilmir: "Mən xəstəxanada sürücü işləmişəm. Mən nə pul görmüşəm, nə də pul yemişəm".

XS
SM
MD
LG