Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:43

Aİ nümayəndəsi Azərbaycanla sazişdən danışıb 


Peter Mixalko
Peter Mixalko

Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko mayın 4-də keçirdiyi mətbuat konfransında bildirib

“Avropa İttifaqı azad və müstəqil jurnalistikaya böyük əhəmiyyət verir.”

“Turan” Agentliyinin xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko mayın 4-də keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, bəzən jurnalistlər həqiqəti əks etdirən məlumatı adamlara çatdırarkən hazırda Rusiyanın təcavüzünə məruz qalan Ukraynada baş verdiyi kimi öz həyatları üçün risklərlə üzləşirlər.

Almaniyadan readmissiya edildikdən sonra Azərbaycanda həbs olunanların taleyi məsələsinin hakimiyyətlə müzakirə edilib-edilməməsilə bağlı sualın cavabında Mixalko qeyd edib ki, insan hüquqları Avropa İttifaqının əsas dəyərləridir.

Readmissiyadan sonra həbs edilənlər

Son 1 ildə 5 belə şəxs Azərbaycanda həbs edilib. Onların 4-ü narkotikdə, biri isə başqasına xəsarət yetirməkdə günahlandırılır.

Həmin şəxslərin yaxınları onların şərləndiyini açıqlayıblar.Hərçənd hüquq mühafizə orqanları bu deyilənləri qəbul etmirlər.

Peter Mixalko sözlərinə görə, Azərbaycan hakimiyyətinin nümayəndələrilə görüşlərdə həm fərdi xarakterli, həm də ümumilikdə insan hüquqlarının təmin edilməsi məsələləri müzakirə olunur.

O, habelə deyib ki, Avropa İttifaqının Azərbaycanla yeni hərtərəfli tərəfdaşlıq sazişinin imzalanması üzərində işi davam etdirir.

Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayan Mixalko qeyd edib ki, yeni saziş iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açacaq:

“Biz ticarət əlaqələrini möhkəmləndirmək və Avropa bazarına daha çox Azərbaycan məhsulu çıxarmaq istəyirik. İnanırıq ki, yeni saziş buna imkan verəcək” .

Xatırlatma

Azərbaycan Aİ ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus) Aİ ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.

Gürcüstan, Moldova və Ukrayna artıq Aİ ilə assosiasiya sazişlərini imzalayıb.İndi quruma üzv olmaq istəyirlər.

2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin dəqiq nə vaxt imzalanacağı bilinmir.

Amma indi Azərbaycan rəsmiləri deyirlər ki, sazişin yaxın vaxtlarda imzalanması nəzərdə tutulur.

Belarus Aİ ilə əməkdaşlığı dayandırıb.

XS
SM
MD
LG