Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:20

Moskva deputatı Putini necə lağa qoydu (VIDEO)


Moskva Dumasının deputatı Darya Besedina
Moskva Dumasının deputatı Darya Besedina

Moskva Şəhər Dumasının 11 deputatı Vladimir Putinə daha 16 il prezidentlik etmək imkanı verən Konstitusiya dəyişikliklərinin əleyhinə səs verib.

Bu, Rusiyanın regional parlamentlərində düzəlişlərin əleyhinə verilən səslərin rekordudur.

Daha üç deputat səsvermə zamanı bitərəf qalıb. Moskva Duması deputatlarının əksəriyyətini təşkil edən hakim Vahid Rusiyanın 26 deputatı dəyişiklikləri dəstəkləyib.

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, birinci oxunuşda bu layihənin əleyhinə daha çox – 13 deputat səs vermişdi.

Moskva Şəhər Dumasında martın 12-də keçirilən debatlarda Rusiya Kommunist Partiyasının və müxalif Yabloko partiyasının deputatları Konstitusiyaya düzəlişləri, xüsusən də Vladimir Putinin bu vaxtadək olan prezidentlik müddətlərinin “sıfırlanmasına” dair müddəanı kəskin tənqid ediblər.

Müddətlərin sıfırlanması o deməkdir ki, Putinin indiyədək etdiyi prezidentlik hesaba alınmır və o yenidən 2024-cü ildə namizədliyini irəli sürə bilər.

Moskva deputatlarından Darya Besedina da etirazını ifadə etmək üçün üzərində “sıfırlan” yazılmış köynək geyinmişdi. “Sıfırlan” sözünün ilk hərfinə düzəliş edilmiş və rusca təhqiramiz səslənən "Öбнулись" sözü alınmışdı.

Maraqlıdır ki, deputat Besedina Duma qətnaməsi layihəsinin ikinci oxunuşuna 50-dək düzəliş təklif edib.

Bunların arasında Putinə “ömürlük prezident həzrətləri” titulunun verilməsi barədə təklif də vardı.

Onun başqa bir təklifində deyilirdi ki, ailə - “kişi, qadın və V.V.Putin arasında ittifaqdır”.

Digər təkliflərə görə qətnaməyə “Putin yer üzündəki bütün heyvanların və dənizdəki bütün balıqların hökmdarıdır” və “pul yoxdur, dözmək lazımdır” kimi maddələr əlavə olunmalıydı.

Besedina təkliflərinin sonunda yazmışdı ki, “baş verənlər tam bir absurddur və mən bu absurdun gücləndirilməsinə çalışdım”.

İqtidar deputatları Besedinanın təklifləri tribunadan oxumasına imkan verməyiblər.

Bununla belə, Moskva Şəhər Dumasında keçirilən səsvermə tam simvolik xarakter daşıyırdı, beləki buna qədər Rusiya lokal parlamentlərinin üçdə ikisi Konstitusiya dəyişikliklərini dəstəkləyən qətnamələr qəbul etmişdi.

Əslində Konstitusiya regional parlamentlərə bu iş üçün bir ilədək vaxt verir, amma göründüyü kimi onlar bu məsələni bir günə həll ediblər.

Sankt Peterburq Dumasında Putin konstitusiyasının əleyhinə dörd deputat səs verib.

Hətta ilhaq edilmiş Sevastopolda da 5 deputat bitərəf qalıb.

Amma Çeçenistanda Konstitusiya düzəlişləri yekdilliklə bəyənilib.

XS
SM
MD
LG