Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:47

Nəvələrini itirməkdən qorxan nənə: 'Mən nə narkomanam, nə də dəli...'


R.Balabəyova
R.Balabəyova

«Ölümümdən qorxmuram, bu uşaqların küçədə, əllərdə qalmasından qorxuram. Nə qədər deyirəm, səsimi eşidən də yoxdur. Bilmirəm, onlara çörək tapıb yedirtməyin dərdini çəkim, yoxsa onların sabah küçələrdə qalmamasından ötrü dövlət orqanlarının qapılarında yatım...», – nəvələrini itirməkdən qorxan 58 yaşlı Reyhan Balabəyovadır.

Nəvələri Tahirənin 14, Reyhanın isə 6 yaşı var. Uşaqların anası Aygün Həsənova dörd il öncə xəstəlikdən vəfat edib. Gəlininin ölümündən sonra uşaqlar nənənin himayəsindədir. Çünki azyaşlıların atası – Reyhan xanımın oğlu Zakir Həsənov da xəstədir, hərəkət qabiliyyəti məhduddur. O, əsa ilə yeriyir, öz ehtiyaclarını özü çətinliklə yerinə yetirir.

Gəlib «Sovetski»də - Mirzağa Əliyev küçəsində 18 kvadratmetrlik köhnə evdə xəstə oğlu və iki nəvəsi ilə yaşayan R.Balabəyova xeyli vaxtdır ki, uşaqları rəsmi qaydada öz himayəsinə götürməkdən ötrü dövlət orqanlarının qapılarına ayaq döyür. İstəyir ki, rəsmi qaydada onu uşaqlara qəyyum təyin etsinlər. Ancaq cəhdləri nəticə vermir.

«Onsuz da, bu uşaqlara mən baxıram, məni süründürməyin adı nədir?»

Öncə Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasına üz tutub. Gərəkən sənədləri, o cümlədən oğlunun razılıq ərizəsini də əlavə edib. Oradan cavab gəlib ki, uşaqların atası Nəsimi rayonu ərazisində qeydiyyatda olduğuna görə (özləri Yasamal rayonu ərazisində yaşayırlar-red.) məsələyə də bu rayonun icra hakimiyyəti baxıb qərar verməlidir. Bu dəfə sənədləri hazırlayıb Nəsimi Rayon İcra Hakimiyyətinə göndəriblər. Deyir, Könül adlı bir nəfər gəlib özünü vəkil kimi təqdim edib. Sənədləri hazırlamaq üçün ona veriblər, ancaq o da oğlunun razılıq ərizəsini əlavə etməyib: «Ona görə cavab gəldi ki, atanın razılıq ərizəsi əlavə olunandan sonra işə baxıla bilər. Həmin vəkil yoxa çıxdı. Ancaq mən özüm yenə sənədləri toplayıb, o ərizəni də əlavə edib göndərdim».

R.Balabəyovanın deməsinə görə, müraciətin nəticəsi ilə maraqlananda ona bildirilib ki, psixiatriya xəstəxanasından, narkoloji dispanserdən arayışlar, gəlirlərini təsdiqləyən sənədlər istəyirlər. Reyhan xanım isə deyir ki, bu sənədləri toplamağa maddi durumu imkan vermir. Həm də fikirləşir ki, bunlar uşaqları rəsmi qaydada onun himayəsinə verməməkdən ötrü bəhanədir: «Hamı bilir ki, mən nə narkomanam, nə də dəli. Ancaq bu sənədləri toplamağa pul lazımdır. Mənim də əlimdə pul yoxdur deyə, oturub qalmışam belə. Onsuz da, bu uşaqlara mən baxıram, bunu rəsmiləşdirmək üçün məni belə süründürməyin adı nədir? Biz söküntü ərazisində yaşayırıq. Oğlum da xəstədir. Görünür, fikirləşirlər ki, gələcəkdə uşaqları da evdən çıxarıb, yetimxanaya verərlər».

Vəkillər Kollegiyası vəkil təyin edib, yoxsa yox?

R.Balabəyova deyir ki, bu süründürməçiliyə görə icra hakimiyyətini məhkəməyə vermək istəyir, ancaq ona kömək edəcək vəkil tapa bilmir. Dövlət hesabına vəkillə təmin olunmaq üçün Vəkillər Kollegiyasına gedib, dediyinə görə, rəhbərliklə görüşüb: «Müdiriyyətlə görüşdüm, mənə Şahmar adlı vəkili verdilər. O da mənə zəng elədi, dedi ki, arayışları yığıb, icraya getməlisiz. Ona bildirdim ki, mən süründürməçiliyə görə icra hakimiyyətini məhkəməyə vermək istəyirəm. Mənə maraqlıdır ki, niyə məhkəmə yoluyla həll eləmək istəmirlər? İstəyirəm, əlimdə məhkəmə qərarı olsun. Şahmar müəllim də mənə dedi ki, «köməkçim zəng eləyəcək». Zəng eləyən olmadı...».

Vəkillər Kollegiyası İntizam Komissiyasının sədri Şahmar Məmmədov isə AzadlıqRadiosuna bildirib ki, o, Reyxan xanımın nə vəkilidir, nə də qanuni nümayəndəsi. Ancaq təsdiqləyir ki, R.Balabəyovaya zəng edib. Niyə zəng etməsi barədə sualı isə belə cavablayıb: «Mən onu təmsil eləmirəm, mən ona vəkil təyin olunmamışam. Bilmirəm, Reyhan xanım niyə mənim adımı, telefon nömrəmi verib sizə... Bizə şikayətlər təqdim olunur, baxırıq kömək eləyək. Vəkillə bağlı müraciət eləyib, o məsələyə bizdə baxılır».

Məhkəməyə müraciət etmək istəyən aztəminatlı vətəndaşların dövlət hesabına vəkillə təmin olunması proseduru haqda sualı isə Ş.Məmmədov cavabsız qoyub: «Mən bununla bağlı sizə müsahibə verə bilmərəm...».

«Sənədlər olmalıdır»

Nəsimi Rayon İcra Hakimiyyətində R.Balabəyovanın müraciətinə baxıb cavab verən icra başçısının birinci müavini, Qəyyumluq və himayəçilik komissiyasının sədri Gülarə Verdiyeva olub. İcra hakimiyyətindən AzadlıqRadiosuna bildirdilər ki, G.Verdiyeva da, komissiyanın digər əməkdaşları da məzuniyyətdədir, bu işlə məşğul olanlardan yalnız Pərvanə xanım işdədir. AzadlıqRadiosunun əməkdaşının Pərvanə xanımın xidməti otağına iki gün ərzində etdiyi telefon zənglərinə cavab verən olmadı.

«Biz söhbətin konkret hansı vətəndaşdan getdiyini bilmirik. Amma qəyyum təyin olunarkən uşağı himayəsinə götürmək istəyən şəxsin psixi durumu, şərait və başqa hallar mütləq araşdırılır. Qəyyumluq üçün müraciət edən vətəndaşdan belə sənədlərin istənilməsi qanunidir», – bunu da icra hakimiyyətindən dedilər.

Hüquqşünas ekspert Fərhad Mehdiyev isə AzadlıqRadiosuna deyir ki, o uşaqların üzərində qəyyumluq hüququ nənələrinə verilməlidir. Ekspertin fikrincə, R.Balabəyovanın yaşadığı yerə baxış keçirilməsi, şəraitin uyğunluğu tələbi də bu halda qanunsuzdur, süründürməçiliyə xidmət edir: «Kimsə uşaq evindən övladlığa uşaq götürəndə gəlib həmin şəxsin yaşadığı şəraitə baxırlar. Bu qadın o uşaqlarla birlikdə yaşayır, illərdir onlara baxır. Yəni uşaqlar nənənin himayəsinə verilsə belə, başqa yerə köçürülməyəcək, olduqları yerdə qalacaqlar. Tamamilə yersiz tələbdir və süründürməçilikdir».

XS
SM
MD
LG