Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:31

Ukraynadakı müharibə Rusiyanın saami xalqı üçün 'dəhşətli qorxu' yaradır, ancaq çözüm yolları azdır


Rusiyanın "Saami paytaxtı" kimi tanınan Lovozero ən azı 20 ildir sakinlərini itirir.
Rusiyanın "Saami paytaxtı" kimi tanınan Lovozero ən azı 20 ildir sakinlərini itirir.

VKontakte rus sosial media platformasında "oğul, ər, ata" kimi yad edilən 43-yaşlı Yevgeni Stanovoy Rusiyanın seçmə 61-ci hərbi dəniz piyadaları briqadasında taqım komandirinin müavini idi. Elə bir fərqli özəlliyi də yoxdur: Rusiyanın Uzaq Şimalındakı yoxsul Lovozero kəndində doğulub, orduya yazılıb və... Ukraynada öldürülüb.

Rusiyanın Ukraynada apardığı tammiqyaslı müharibədə ölən rusiyalıların dəqiq sayı bilinmir. Onların arasında çağırışçılar, könüllülər və "Vaqner" qrupunun həbsxanalardan topladığı məhbuslar daha çoxdur.

Rusiyanın Arktika bölgələrindən biri olan Kola yarımadasında, Barents dənizi sahilindəki Murmanskdan bir neçə saatlıq məsafədə olan bu ərazilərdən çox sayda kişilərin müharibəyə getməsi Rusiyanın saami icmasının gələcəyini sual altında qoyur. Rusiyada saamilərin sayı onsuz da Norveç, Finlandiya və İsveçdəkindən qat-qat azdır.

"Müharibə... özəlliklə kiçik xalqlar üçün dəhşətli təhlükədir"

"Müharibə hər şeyi çox dəyişdirdi. Bu, hər kəs üçün, özəlliklə azlıqlar üçün dəhşətli təhlükədir", - Lovozero sakini, saami fəalı, müharibəni pisləmənin cinayət elan edildiyi ortamda hələ də səsini ucaltmaqdan çəkinməyən azsaylı vətəndaşlardan biri - Valentina Sovkina belə deyir.

Əvvəllər Rusiyanın "saami paytaxtı" kimi tanınan Lovozero müharibədən əvvəl də, 20 il olar ki, sakinlərini itirməkdə idi. Saamilərdən başqa kimo və nenlərin də yaşadığı kəndin indi 2 mindən az sakini var. Rəsmi rəqəmlərə görə, kənd əhalisinin sayı son 20 ildə 19 faiz azalıb.

XVI əsr yazılarında adı kilsə məzarlığı kimi keçən Lovozero XX yüzilin ortalarında, ənənəvi olaraq, maralçılıqla məşğul olan köçəri maldar saamları sovetlərin oturaq həyata cəlbetmə cəhdlərinin mərkəzinə çevrilib.

Kola yarımadasında həm də məşvərətçi qurum kimi fəaliyyət göstərən saami parlamentinin spikeri və BMT-nin Yerli Xalqlar üzrə Daimi Forumunun üzvü olan Sovkina deyir ki, bu gün Rusiyada cəmi min 500 saam yaşayır: "Mən deyərdim ki, yetkin əhalinin 3 faizi [Ukraynada] ölüb. Bəziləri üçün bu, çox sayılmaya bilər, ancaq bizim kiçicik xalqımız üçün çoxdur".

Ölü sayı dəqiq deyil, amma çoxdur

Rusiyanın "Mediazona" xəbər qurumu və BBC-nin rus xidməti müharibədə ölən rusiyalı əsgərləri sayaraq şəxsiyyətlərini müəyyənləşdirməklə məşğuldur. Gerçəkləşdirilən birgə layihədə Ukraynaya qarşı savaş başlanandan bu il sentyabrın 22-dək Murmansk vilayətindən 212 nəfərin müharibədə öldürüldüyü müəyyən edilib. Araşdırma ölənlərin etnik kimliyi, yaxud yaşayış yeri barədə detalları vermir. Rusiyanın canlı qüvvə itkisinin jurnalistlərin təsdiqlətdiyindən xeyli çox olduğu düşünülür.

Y.Stanovoyun Lovozerodakı tanış və qohumları onun ölümü haqda AzadlıqRadiosunun "Sever.Realii" xidmətinə danışmaqdan boyun qaçırsalar da, bəziləri onun həyatından söz açıb.

Yevgeni Stanovoy
Yevgeni Stanovoy

Y.Stanovoy orta məktəbi bitirən kimi Lozoveronu tərk edərək Rusiyanın Arktika qoşunlarının baş qərargahının yerləşdiyi Murmanska gedib. Əvvəlcə burada yükdaşıyan və sürücü, daha sonra ət dükanında işləyib. 2015-ci ildə Şimal donanmasının 61-ci hərbi dəniz briqadasına yazılıb. Sonradan taqım komandirinin müavini olub və Suriya müharibəsinə qatılıb. Onun bu bilgini verən tanışları adlarının çəkilməsini istəməyiblər.

Bu, Lovozero sakini üçün tipik karyeradır. Kənddə maralçılıqla bağlı olmayan çox az iş yeri var. Balıqçılıq, ovçuluq və mövsümi turizm insanların həyatını az da olsa yüngülləşdirir. Ancaq işsizlik səviyyəsi rəsmi ümumölkə səviyyəsindən iki dəfə yüksəkdir.

Lovozeronun inzibati mərkəz olduğu rayonda orta aylıq əməkhaqqı 55 min 230 rubldur (580 dollar). Rəsmi rəqəmlərə görə, bu, ümummilli göstəricinin yalnız üçdə biridir.

Yerli sakinlər çox vaxt dolanışıq üçün Murmansk, Sankt-Peterburq kimi yerlərə yollanırlar. Rusiyanın Ukraynaya hücumundan öncə onlar Norveç balıqçı qayıqlarında da iş tapa bilirdilər.

Ordu daha bir iş imkanıdır. Burada adamlara Ukraynada vuruşmaq üçün aylıq 195 min rubl (2 min 535 dollar) maaş vəd edilir. Hərçənd, vəd edilən məbləğ heç də həmişə ödənmir. Ancaq bu məbləğ Lovozero rayonundakı orta aylıq maaşdan 3.5 dəfədən çox yüksəkdir.

Tibb klinikası olmayan, zorakı cinayətlərin davamlı olduğu, ilk yanacaqdoldurma məntəqəsinin yalnız indi açıldığı Lovozeroda bu qədər maaş təklif edən iş yoxdur.

Yerli geoloqlar deyirlər ki...

Rusiya Yerli Xalqlarının Beynəlxalq Komitəsi həmin xalqları təmsil edən əsgərlərin iştirakını "müharibənin yerli xalqlara ən birbaşa və qəddar təsiri" adlandırır.

Bir neçə ilə müharibənin Lovozeroya daha bir ziddiyyətli təsiri özünü göstərə bilər. Yerli geoloqlar deyirlər ki, rayonun yerləşdiyi dağlıq ərazidə nadir metal yataqları var. Ukraynaya hücumdan sonra Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar idxalı qeyri-mümkün etdiyindən Rusiya şirkətləri 2027-ci ilədək ərazidə irimiqyaslı mədən fəaliyyətinə, litium, platin və palladium hasilatına başlamağa hazırlaşır.

Bu şirkətlərdən biri olan "Polar Lithium" Rusiyanın dövlət atom agentliyi "Rosatom"la mədən sənayesi nəhəngi "Nornikel"in ortaq şirkətidir. Bu şirkətin ildə 45 min ton litium və hidroksid istehsal edəcəyi, Kolmozerskoye mədənində min yeni iş yeri açacağı gözlənilir. Kolmozerskoye yatağı Rusiyanın ümumi litium rezervlərinin təxminən 19 faizi deməkdir.

"Arctic Lithium" adlı ikinci şirkət artıq Polmostundrovskoye litium yatağında pilot hasilat layihəsinə başlayıb.

Murmansk vilayətinin dəstəklədiyi "Fedorovo Resources" şirkəti isə palladium hasilatına 60 milyard rubldan (618 milyon dollar) çox sərmayə yatırmağı planlaşdırır.

Komi yarımadasındakı Vorkutada yerli sakinlər maral yarışından həzz alırlar.
Komi yarımadasındakı Vorkutada yerli sakinlər maral yarışından həzz alırlar.

"Bu, başa silah dayayıb müzakirə aparmaqdır"

Bu şirkətlərin fəaliyyətinin ətraf mühitə uzunmüddətli təsiri ilə bağlı narahatlıq yaşansa da, bunlar açıqlanmır və gizli saxlanır. İfadə azadlığı boğulan bəzi saam fəalları Norveçə mühacirət edərək orada siyasi sığınacaq almalı olub. Olan-qalan ictimai tənqidsə yalnız sosial mediadadır.

Lovozeronun bəzi sakinləri bölgədə ən iri iş yeri olan "Tundra" kənd təsərrüfatı kooperativinə məxsus 20 min maralın əsas qida mənbəyi olan şibyələri məhv edəcəyindən narahatdırlar.

Bir başqaları da etnoloqların "Polar Lithium" şirkəti üçün apardığı sorğuda yalnız 50 nəfər saamın rəyini toplamasından rahatsızdılar.

"Polar Lithium" mədən layihələri ilə bağlı qərarlarında yerli xalqların iştirakına şərait yaradacağına, onları dəstəkləyəcəyinə və bilgiləndirəcəyinə söz verib.

"Nornickel"in Federal və regional proqramlar departamentinin baş mühəndisi Vasili Zaxarov "Sever.Realii" xidmətinə dialoqun konstruktiv olduğunu və Kola yarımadası sakinləri ilə məsləhətləşmələrin aparıldığını deyib.

Ancaq Rusiyanı tərk edən bir keçmiş Lovozero sakini anonimlik şərtilə deyib ki, bu layihələrlə bağlı ictimai dinləmələr keçirilsə də, sakinlər öz narahatlıqlarını bu cür yığıncaqlarda paylaşmayacaqlar: "İnsanlara təzyiq olunur, onlar sıxışdırılır – bu, başa silah dayayıb müzakirə aparmaqdır".

XS
SM
MD
LG