Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:30

'O özünü qəhrəman sayır': Keçmiş məhbus Ukrayna savaşından qayıdandan bəri həmkəndliləri təlaşlıdır


Donetsk şəhərində köhnə tankın üzərinə "Vaqner" qrupunun bayrağı qaldırılır.
Donetsk şəhərində köhnə tankın üzərinə "Vaqner" qrupunun bayrağı qaldırılır.

"North.Realities" portalında dərc edilən "Şimal gerçəkləri" məqaləsində deyilir ki, 4 il öncə Rusiyanın şimal kəndlərinin birində Valeri Minin adlı sakin həmkəndlisi Sergey Pokotilonu bıçaqlayaraq öldürüb. O, ardınca həbs edilərək qəsdən bədənə xəsarət yetirmə maddəsi ilə mühakimə olunub və 10 məhkəmə iclasından sonra - 2019-cu ilin sentyabrında 8 illik həbs cəzasına məhkum edilib. V.Minin, güman ki, cəza müddətinin azaldılacağına ümid bəsləyib, saxlanılandan sonra etirafnamə imzalayıb. Məhkəmə qərarı ilə o, öldürdüyü şəxsin həyat yoldaşı Natalyaya 2 milyon rubl (30 min dollar və ya 51 min manat) ödəməliydi, amma həmin pul heç vaxt ödənməyib.

"Sən buna necə dözürsən?"

Bu ilin iyun ayında qonşusu Natalyaya yaxınlaşaraq deyib: "Sən buna necə dözürsən?".

"Öncə anlamadım, ancaq, sən demə, Minin qayıdıbmış. Bunu eşidincə, ağlamağa başladım", - qadın AzadlıqRadiosuna belə deyir.

Pyalma kəndi
Pyalma kəndi

V.Minin bu ilin əvvəlində həbsxanadaykən "Vaqner" muzdlu döyüşçü qrupu tərəfindən Ukraynaya göndərilib. On minlərlə digər məhbus kimi ona da Ukraynada altı ay vuruşması müqabilində tam amnistiya və yaxşı pul söz verilib. İndi o, keçmiş məhbusların çoxu, o cümlədən digər muzdlu döyüşçü və səfərbər olunan əsgərlər Rusiyanın şəhər və kəndlərinə qayıdırlar. Özündə potensial sosial risk daşıyan bu durum Rusiyanı illər boyunca ciddi problemlərlə üz-üzə qoya bilər.

"Xırda və ağır cinayətlərin sayı artmaqdadır. Bu, artıq başlayır… SSRİ-nin Əfqanıstanda apardığı müharibədən sonra da, İkinci Dünya müharibəsindən sonra da, Çeçenistandakı müharibədən sonra da eyni şey baş verib. Müharibə vaxtı bütün məhdudiyyətlər aradan qaldırılır. Qətl, bıçaqlama daha əvvəllər olduğu kimi tam tabu deyil. Bu sərhədlər qəfildən yoxa çıxmır… Alkoqol və narkotiklərin təsiri altında isə onlar yoxa çıxa bilər", - Sibirin Ulan-Ude şəhərində çalışan psixoloq Sergey Neçayev iyul ayında AzadlıqRadiosunun "Sibir.Realii" xidmətinə belə demişdi.

Hətta Mininin doğma Pyalma kəndinə qayıtdıqdan sonra yenidən cinayət törətməsi görülməsə də, bu cür döyüşçülərin qayıtması onların keçmişini xatırlayan həmkəndlilərini vahimələndirir.

Natalya və əri Sergey
Natalya və əri Sergey

Minin və xanımı AzadlıqRadiosunun müsahibə xahişini rədd edib

Kareliyanın paytaxtı Petrozavodskdan Pyalma kəndinə avtobusla altı saatlıq məsafə var. Avtobus müasir A-119 magistral yolundan çıxandan sonra qarşıdakı son beş kilometri kələ-kötür, bərbad bir yolla getməlidir. Bir tərəfə biletin qiyməti 850 rubldur (9 dollar və ya 15 manat 30 qəpik). Avtobusdan enərkən zil qaranlığa düşürsən. Bütün kənddə cəmi bir neçə küçə lampası var. Getdiyin ünvanı tapmaq üçün səmt göstərən vasitə və fənərlər olmalıdır. Mobil rabitə və internetə çıxış çox pis haldadır.

Sakinlər Minin haqda suallara cavab vermək istəmirlər. Hərçənd, onun kim olduğunu və müxbirin nə üçün onunla maraqlandığını bilirlər. Çoxları Mininin sakit həyat sürdüyünü, evdən az-az çıxdığını deyir. Arabir onu kənddə öz maşınında görürlər.

Sergey Pokotilonun atası, 73 yaşlı Aleksandr Pokotilo kənddə tanınan və sevilən bədən tərbiyəsi müəllimi və məşqçidir. O, 1969-cu ildə Ukraynanın Luqansk bölgəsindən köçərək bu kənddə yerləşib və üçotaqlı sökük-salxaq taxta evdə yaşayır. Bu yay evinin artırması uçanda kənd sakinləri pul toplayıb onu təmir ediblər.

Aleksandrın evi Natalya və uşaqlarının yaşadığı binadan iki küçə aralıdadır. Mininin evi isə ikisinin arasındadır.

Valeri Mininin evi
Valeri Mininin evi

Mininin evinin önündə güvənlik kameraları var

Sakinlər deyir ki, bu kameralar o, Ukraynadan qayıdandan sonra quraşdırılıb.

"Mininlə rastlaşmaqdan qorxduğumuzdan daha birbaşa yolla getmirik, dolanıb yolumuzu uzadırıq. Bir dəfə qayınatam evinə qayıdarkən yanından keçən maşından kimsə ona "Salam, qoca!" deyə səslənib. Qayınatamın yanındakı dostu Minini tanıyıb. Bundan sonra [qayınatam] üç gün nə yeyə bildi, nə içə. Onu görmək adamı qorxudurdu", - Natalyanın sözləridir.

"Mənim daha ərim yoxdur. Onun qatili - Minin özünü qəhrəman sayır. Elə bilir öz günahını qanla yuyub. Cəzasının ancaq yarısını çəkib", - yenə onun sözləridir.

Rusiyanın müxtəlif yerlərində buna bənzər gərgin durumların yaşandığına dair yayılır. Müharibədən qayıdan keçmiş məhbusların qətl və digər ağır cinayətlər törətdiyi bildirilir.

XS
SM
MD
LG