Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:38

Türkiyə lirəsi niyə ucuzlaşır?


Türkiyə lirəsi dəyərini itirməkdə davam edir. Britaniyanın The Conversation saytı yazır ki, bu həftə lirə indiyədək dəyərinin ən aşağı həddinə çatıb.

Avqustun 7-də 1 dollar 7.36 lirəyə bərabər olub. Beləliklə Türkiyənin milli valyutası ilin əvvəlindən bəri 20 faiz çəki itirib.

Lirə son dəfə çətin duruma iki il əvvəl ABŞ hökuməti amerikalı keşiş Andrew Brunson-un Türkiyədə saxlanmasına görə Ankaranın üzərinə maliyyə sanskiyası qoyanda düşmüşdü.

Onda Türkiyənin Mərkəzi Bankı əsas uçot dərəcəsini 6.25 faizə qaldırmaqla təlatümü sakitləşdirə bilmişdi. Amma bu müvəqqəti tədbir idi və lirə əslində bütün bu müddət ərzində özünə gəlməmişdi.

Amma indi lirənin çəki itirməsi iki il əvvəlkindən də dramatikdir, çünki ABŞ dollarının özü də ucuzlaşmaqdadır.

Koronavirusla mübarizənin yarıtmazlığı ilə bağlı investorların çəkinməsinə görə dollar başqa dünya valyutalarına nisbətdə orta hesabla 9 faiz ucuzlaşıb.

COVID-19 faktoru

The Conversation yazır ki, COVID-19 pandemiyası Türkiyə kimi təşəkkül tapmaqda olan iqtisadiyyatlarda hətta 2007-2009-cu illərdə baş vermiş maliyyə böhranından da böyük çətinlik yaradıb.

Həmin maliyyə böhranı inkişaf etməkdə olan iqtisadiyyatları dolayısı ilə vururdusa, COVID-19 pandemiyası ilə bağlı vəziyyət fərqlidir.

Bu onunla əlaqədardır ki, inkişaf etmiş iqtisadiyyatlar karantinə girdikləri zaman onların təşəkkül tapmaqda olan iqtisadiyyatlardan idxalı azalır.

Məsələn Türkiyə iqtisadiyyatının əsas sahələrindən biri olan turizmin qlobal itki proqnozu bu il üçün 60 fazidir.

Belə bir hal Türkiyə, Tayland və İndoneziya kimi iqtisadiyyatlara maliyyə ziyanı vurur.

Belə ölkələrin ABŞ, Britaniya və Avropa İttifaqı kimi böyük xilas paketləri ayırmaq imkanı yoxdur.

Yenicə inkişaf edən iqtisadiyyatların digər bir problemi ölkədən nəhəng kapital axınıdır. Hazırda bu göstərici 2007-2009-cu illərdə olduğundan 4 dəfə artıqdır.

Lirəyə siyasət mane olur

The Conversation yazır ki, Türkiyə indiyədək çətinliklərdən ölkəyə güclü kapital axını yarada bilməklə çıxıb. Amma belə çətin vaxtlarda bu model işləmir.

Məqalədə deyilir ki, Türkiyənin vəziyyətini ağırlaşdıran başqa bir faktor siyasətdir. Bu ölkədə 2014-cü ildən bəri (2016-nı çıxmaq şərtilə) hər il çox sayda müxtəlif seçkilər keçirilib. Bu isə hökuməti pul xərcləməyə vadar edən faktordur.

Ekspertlər bildirirlər ki, lirənin ucuzlaşmasını dayandırmaq üçün bir neçə vasitələr var. Belə hallarda adətən uçot dərəcəsi qaldırılır və ya kapital axınına nəzarət qoyulur.

Kapital axınına nəzarət yalnız qısa müddətdə kara gələ bilər. Adətən bu vasitə valyuta böhranı şəraitində uzun müddətdə işləmir.

Türkiyə bu vaxtadək lirəni xarici valyuta fondunun dəstəyi ilə saxlayırdı. Amma bu fond hazırda bir xeyli tükənib.

Belə vəziyyətdə Türkiyə ya xarici valyuta üçün Beynəlxalq Valyuta Fondu (BVF) kimi təsisatlara müraciət edə, ya da uçot dərəcəsini qaldıra bilər.

Lakin Recep Tayyip Erdoğanın hökuməti uçot dərəcəsini qaldırmağın qəti əleyhinədir. Digər tərəfdən prezident təntənəli şəkildə elan edib ki, “Türkiyə artıq BVF-ə möhtac olan bir ölkə deyil”.

The Conversation yazır:

“Türkiyənin hazırkı modeli ucuz kreditlərə və istehlak gəlhagəlinə əsaslanıb. Bu model artıq ömrünü bitirib. Əsl sual onu nəyin əvəz edəcəyidir”.

XS
SM
MD
LG