Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:50

Telegram-ın qaranlıq üzü


Telegram-ın həmtəsisçisi və baş direktoru Pavel Durov
Telegram-ın həmtəsisçisi və baş direktoru Pavel Durov

Dörd il öncə Belarusda prezident seçkisinin saxtalaşdırılmasının ardınca etirazlar baş qaldıranda aktivistlər öz fəaliyyətlərini hökumət nəzarətindən kənarda koordinasiya edə bilmək üçün Telegram-a üz tutdular. Beləcə, Telegram-ın müsbət potensialı da vurğulandı.

Di gəl, Telegram-ın şifrələmə özəllikləri və moderasiyanın olmaması müsbət sayılmayan bir çox fəaliyyətləri də bu platformaya cəlb etdi - narkotik dəllalları və pedofillərdən tutmuş, Ukraynada döyüşən Rusiya hərbçilərinə və sosial mediada dezinformasiya yayan təbliğatçılaradək bir çox qruplar Telegram-dan faydalanmağa başladı.

Avqustun 24-də platformanın həmtəsisçisi Pavel Durovun Parisdə həbsi dünyanın diqqətini bir daha Telegram-a yönəltdi. Fransa mediasında yayılan xəbərlərə görə, həbs Fransa Daxili İşlər Nazirliyinin azyaşlılara qarşı cinayətləri araşdıran ayrıca idarəsinin tələbi ilə gerçəkləşdirilib.

Durova qarşı rəsmi ittiham irəli sürülməyib

Paris prokurorluğunun avqustun 26-da verdiyi açıqlamada həbsin platformada baş verən uşaq pornoqrafiyası, narkotik trafikinqi və saxta tranzaksiyalarla bağlı olduğu bildirilib.

Durovun şənbə günü (avqustun 24-də) axşam Paris yaxınlığındakı Lö Burje hava limanında həbsindən sonra ilk rəsmi təsdiqləyici açıqlamasını verən Fransa prezidenti Emmanuel Makronsa həbsin arxasında heç bir siyasi motivin olmadığını bildirib və əlavə edib ki, Fransa qanuni söz azadlığına sadiqliyini qoruyub saxlayır.

Telegram avqustun 26-da verdiyi açıqlamada bildirib ki, Fransa pasportuna da sahib olan 39 yaşlı milyarder Durovun gizlətmək üçün heç bir şeyi yoxdur, mesajlaşma və sosial media platformasından sui-istifadəyə görə onun sahibini məsuliyyətə cəlb etməksə absurddur.

AzadlıqRadiosunun müxbiri Toni Vesolovskinin yazısında deyilir ki, Telegram-ı 2013-cü ildə Durov və qardaşı qurub. Platformanın qurulması 2011-ci ilin sonunda və 2012-ci ildə Rusiya hökumətinin Moskvanı silkələyən kütləvi etirazları dağıtması fonunda baş verib.

Platformanın üstünlüklərindən biri mesajların şifrələnməsi və istifadəçilərin anonimliyidir. Qruplarda istifadəçilərin telefon nömrələri görünmür.

Telegram WhatsApp və Messenger-dən sonra dünyada üçüncü ən böyük kommunikasiya platformasıdır.
Telegram WhatsApp və Messenger-dən sonra dünyada üçüncü ən böyük kommunikasiya platformasıdır.

Telegram-ın 700 milyondan çox istifadəçisi var. Onların əksəriyyəti Rusiya, Ukrayna və digər keçmiş sovet respublikalarındandır. Telegram WhatsApp və Messenger-dən sonra dünyada üçüncü ən böyük kommunikasiya platformasıdır.

Stenford Universitetinin araşdırıcısı Devid Til (David Thiel) "The Associated Press"ə bildirib ki, Telegram digər mesajlaşma platformaları ilə müqayisədə "qaydalar və qanunsuz kontentin aşkarlanması baxımından daha az qorunur və daha səliqəsizdir".

2020-ci ildə - Belarusda etirazlar zamanı Telegram informasiyanın təşkilatlanıb paylaşılmasında önəmli rol oynadı. Minsk və başqa yerlərdə baş verən etirazlardan canlı xəbərlər paylaşan "NEXTA Live" adlı Telegram kanalının izləyici sayı ziddiyyətli 9 avqust seçkisindən sonrakı üç gün boyunca 2 milyona çatmışdı. Hətta Belarus hökuməti kanalın qurucusu olan 22 yaşlı Stepan Putilonu terrorçu elan etmişdi.

Telegram-da dövlət mediasında olmayan xəbərləri görmək olar

İranda Telegram-ın təxminən 40 milyon istifadəçisi var. Bu platforma 2018-ci ildə - ölkəyə yayılmış hökumət əleyhinə etirazlar zamanı əsas informasiya qaynağı idi. İranlılar yaxınları və dostları ilə əlaqə saxlamaq üçün özəl Telegram qruplarından yararlanırdılar. Onlar dövlət mediasında olmayan xəbərləri görməkdən ötrü Telegram-dakı açıq kanallara yazılırdılar. Sonradan - 2018-ci il etirazları zamanı İran hökuməti platformanı bloklamağa çaba göstərdi.

Telegram-ın şifrələmə özəlliyi uşaqların cinsi istismarı ilə bağlı görüntüləri və oğurlanmış kredit kartlarının nömrələrini satanların da diqqətini çəkib. 2019-cu ildə BBC-nin apardığı bir araşdırma Telegram və Discord da daxil, şifrəli mesajlaşma platformalarının populyarlaşdığını üzə çıxarıb. Bu, polisin "dark web" (qara şəbəkə) kimi tanınan, yalnız xüsusi proqramlardan yararlanmaqla girilə bilən internet şəbəkəsində cinayətkar qruplara qarşı apardığı uğurlu əməliyyatlardan sonra mümkün olmuşdu.

BBC-nin araşdırması nəticəsində pedofillərin həm Telegram, həm də Discord-dan istismar materialları yaymaq üçün istifadə etdiyi, eləcə də YouTube videolarının altındakı açıq şərhlərdə Telegram qruplarının linklərinin gizləndiyi üzə çıxarılıb.

Kramatorskdakı hücuma Rusiya təbliğatçılarının Teleqram kanallarından birinin reaksiyası
Kramatorskdakı hücuma Rusiya təbliğatçılarının Teleqram kanallarından birinin reaksiyası

Dezinformasiya yaymaqdan ötrü çox əlverişli platforma

Bəzi başqa sosial media platformaları kimi, Telegram-dan da dezinformasiya yaymaq üçün əlverişli alət kimi istifadə edilib.

Araşdırmaçı jurnalistlərin ötən il dərc etdiyi hesabatda deyilir ki, Telegram Mərkəzi və Şərqi Avropada ən iri dezinformasiya platformasıdır. Hesabatda bildirilir ki, almandilli kanallar "Mərkəzi və Şərqi Avropanın qalan hissəsinə ifrat fikirləri yayan qovşaq" rolunu oynayır.

2022-ci ildə Almaniya hökuməti Almaniya qanunlarına əməl etmədikləri üçün Telegram operatorlarına toplam 5 milyon avro həcmində cərimə cəzası kəsib.

Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin fevralında Ukraynaya tammiqyaslı hücum başladandan bəri Kreml də Telegram-dan çox yararlanıb.

Rəqəmsal Ekspertiza Araşdırmaları Laboratoriyasının (DFRLab) iyun hesabatında deyilir ki, hücumun ilk aylarında Qərb sosial media platformalarını təqib edən Kreml Telegram-a qarşı dözümlülük göstərməyə və ondan öz məqsədləri üçün yararlanmağa davam edib. DFRLab Vaşinqtonda fəaliyyət göstərən Atlantika Şurası beyin mərkəzinin dezinformasiyanı təhlil edən analitik qrupudur.

DFRLab bu araşdırması ilə Rusiya özəl hərbi şirkətlərinin maliyyə toplamaq, muzdlu döyüşçü cəlb etmək və informasiya paylaşmaq üçün Telegram-dan istifadə etdiyini üzə çıxarıb. Araşdırmada "Vaqner" muzdlu qrupunun regional səfərbərlik şöbələrinə aid, azı, 30 fərqli kanalının olduğu deyilir. Ancaq ötən ilin yayında Rusiya dövlət telekommunikasiya qurumu "Roskomnadzor"un "Vaqner"in kanallarına hücumunun ardınca bu kanallar yoxa çıxıb.

Son olayla bağlı mesajları Telegram-dan silmək əmri verilib?

Telegram önəmli kommunikasiya və təbliğat aləti olduğundan Rusiyanın bloqerləri, rəsmiləri və başqaları Durov olayını maraqla izləyirlər.

Rusiya güvənlik qurumu ilə bağlı olan "Baza" adlı Telegram kanalının avqustun 25-də verdiyi xəbərdə deyilir ki, Müdafiə Nazirliyinin əməkdaşlarına və güvənlik qurumunun bir neçə zabitinə son olayla bağlı mesajları Telegram-dan silmək əmri verilib.

"Bu baş verənlər Z-bloqerlər, Z-propaqanda üçün gerçəkdən qorxunc olaylardır, axı onların bütün fəaliyyəti, bütün anonim və yarıanonim kanalları Telegram-ın ətrafında qurulub. Üstəlik, bu platforma təkcə sadəcə xəbər qaynağı deyil, əslində bəlli anlamda əməliyyat aləti, döyüş əməliyyatlarının detallarını insanların bir-biri ilə dartışdığı çağdaş rabitə vasitəsidir", - Latviyada fəaliyyət göstərən "Novaya Gazeta Europa" qəzetinin baş redaktoru Kirill Martınovun AzadlıqRadiosuna söylədiyi sözlərdir.

XS
SM
MD
LG