Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:58

Azərbaycanda vergidən yayınma halları artır


Vergilər Nazirliyi
Vergilər Nazirliyi

Hesablama Palatasının ötənilki dövlət büdcəsinin icrası ilə bağlı rəyində qeyd edilir ki, son beş ildə vergi orqanlarının alacağı borc məbləğləri artır. Bu da vergidən yayınma meyllərinin artdığını göstərir. Rəsmi rəqəmlərə görə, 2020-ci ilin əvvəlində vergi borcları cəmi 1.2 milyard manat idi. Bu ilin əvvəlində həmin göstərici 2.8 milyard manata yüksəlib. Deməli, 2020-ci ildən bəri vergi borclarının həcmi təxminən 2.3 dəfə artıb. Təkcə ötən il vergi borclarındakı artım 420 milyon manat olub. Üstəlik, 2023-cü il ərzində vergi borclarının 17.5 faiz artması vergi ödəyicilərinin vergi öhdəliklərinin azaldılmış məbləğinin 2022-ci illə müqayisədə 28 faiz artdığı bir şəraitdə baş verib.

Cədvəl: 01.01.2020 və 01.01.2024-cü illər arasında Azərbaycanda vergi borclarının cəmi

Tarix

Borc məbləği (manat)

01.01.2020

1 milyard 207 milyon

01.01.2021

1 milyard 541 milyon

01.01.2022

1 milyard 941 milyon

01.01.2023

2 milyard 403 milyon

01.01.2024

2 milyard 824 milyon

Vergi borcunun struktur təhlili göstərir ki, bu müddət ərzində həm əsas borc, həm sanksiyalar, həm də faizlərin məbləği kəskin artıb. 2020-2024-cü illərdə vergi borcunun əsas məbləği 824 milyon manatdan 1 milyard 853 milyon manata yüksəlib. Ödənilməyən maliyyə sanksiyalarının həcmi eyni dövrdə 158 milyon manatdan 276 milyon manata, ödənilməyən faizlər isə 225 milyon manatdan 695 milyon manata yüksəlib.

Ən çox kimlərin vergi borcu var?

Rəsmi rəqəmlərdən aydın olur ki, ödənilməyən vergilərin mütləq əksəriyyəti neftdənkənar sektor ilə bağlıdır. Belə ki, 2024-cü ilin əvvəlinə ödənilməyən vergi məbləğinin cəmi 0.2 faizi neft, 99.8 faizi isə qeyri-neft sektorunun payına düşür. Ötən il boyunca neft sektoru üzrə ödənilməyən vergilərin həcmi 81 milyon manat azaldığı halda, neftdənkənar sektorda 503 milyon manat artıb.

Ödənilməyən vergi borclarının 1 milyard 761 milyon manatı hüquqi şəxslərin, 669 milyon manatı fiziki şəxslərin payına düşür. Ötən il hüquqi şəxslərin vergi borclarının həcmi 33 faiz, fiziki şəxslərin vergi borcları isə 10 faiz artıb. Hesablama Palatasının rəyində qeyd edilir ki, vergi borclarının artmasının əsas səbəbi hüquqi şəxslərin mənfəət, aksiz və əmlak vergisi üzrə öhdəliklərinin büdcəyə vaxtında ödənilməməsidir.

Sahibkarlar niyə ümidi başqa ölkədə axtarır? - Ləğv edilən vergi güzəştləri nələri dəyişəcək?
Gözlə

No media source currently available

0:00 0:05:17 0:00

Vergilərin yığım faizi azalıb

Rəsmi rəqəmlər 2023-cü ildə Azərbaycanda vergi yığımı faizinin də öncəki iki illə müqayisədə aşağı düşdüyünü göstərir. Ötən il Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə köçürülən daxilolmaların (qaytarılmış məbləğlər və büdcədənkənar vəsaitlər nəzərə alınmadan) yığım faizi 93.9 faiz olub. İnişil uyğun göstərici 95.9 faiz, 2021-ci ildə isə 94 faiz olmuşdu. Başqa sözlə, ötən il vergilərin yığım dərəcəsi 2022-ci illə müqayisədə 2 faiz azalıb.

Hesablama Palatasının rəyində o da bildirilir ki, özəlliklə tikinti sektorundakı şirkətlərin ƏDV öhdəliklərinin bəyan olunmaması və ya vaxtında bəyan olunmaması kimi problemlər də var.

Vergi borcları niyə artır?

Vergidən yayınma hallarının artması mövcud vergi sisteminin sahibkarların ehtiyaclarına tam cavab verməməsinin göstəricisidir. Axı vergilər dövlətin öz funksiyalarını gerçəkləşdirmək üçün proqnozlaşdırdığı gəlirlərin təmin edilməsi alətidir. Bununla yanaşı, vergilər həm də ölkənin iqtisadi inkişafını stimullaşdıran vacib atributlardan biridir. Belə bir şəraitdə ödənilməyən vergilərin artması biznes ortamı ilə bağlı problemləri göstərir.

Azərbaycanda müstəqil ekspertlər hökumətin vergi siyasətində iki əsas məqama tənqidi yanaşırlar. Bunlardan ilki qərar qəbulunda maraq qruplarının iştirakçılığının təmin edilməməsidir. Demək olar ki, hər il ölkənin vergi məcəlləsində çox ciddi dəyişikliklər baş verir. Ancaq bu dəyişikliklərdən ən çox təsirlənəcək sahibkarların həmin qərarların hazırlanmasında iştirakçılığı yox səviyyəsindədir. Belə proqnozlaşdırıla bilməyən hallar, əlbəttə, sahibkarların maliyyə fəaliyyətinə təsirsiz ötüşmür. Unutmaq olmaz ki, bu ilin əvvəlində ölkədə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olanların gəlir vergisinin 5 faizdən 20 faizə yüksəldilməsi qərarı da geniş müzakirələr doğurmuşdu.

Nyu-Yorkdakı azərbaycanlı sahibkar: 'Dövlət şərait yaradır ki, biznes inkişaf etsin'
Gözlə

No media source currently available

0:00 0:11:18 0:00

Azərbaycanın vergi siyasətində diqqət çəkən digər bir məqam da bu alətin biznesə az həvəs yaratmasıdır. Axı ölkədə büdcə gəlirlərinin yarısı enerji sektoru ilə bağlıdır və bu baxımdan, hökumət enerji sektorundan kənar sahələrdən gəlirləri artıraraq riskləri azaltmaq istəyir. Bundan ötrü hökumətin ilk ağlına gələn yollardan biri vergilərdir. Amma unutmaq olmaz ki, vergi şərtlərinin ağırlaşdırılması son nəticədə sahibkarların motivasiyasını azaldır, biznesi dayandırır və ya kiçildir. Bu da həm iqtisadiyyatda yaranan əlavə gəlirin, həm də iş yerlərinin azalması deməkdir. Bu baxımdan, hökumət vergi siyasətinə sadəcə dövlət büdcəsini doldurma aləti kimi deyil, həm də biznes ortamına təşviq mexanizmi kimi baxmalıdır.

Son bir neçə ildə Azərbaycanda inflyasiyanın yüksək artımı əhalinin sosial durumuna da mənfi təsir göstərib. Bu baxımdan, vergidən yayınma hallarının artması əhalinin alıcılıq qabiliyyətinin azalması fonunda şirkətlərin gəlirlərinin də aşağı düşməsindən qaynaqlana bilər.

XS
SM
MD
LG