Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:24

Azərbaycanlı bankirin xanımı Londondakı evinin qanuni yolla alındığını deyir


Zamirə Hacıyeva
Zamirə Hacıyeva

Britaniyanın Milli Cinayət Agentliyi Zamirə Hacıyevanı Uolton Stritdəki 15 milyon funtluq (19.12 milyon dollarlıq) evi və Berkşirdəki milyonlarla funtluq qolf klubunu əri Cahangir Hacıyevin Azərbaycandakı dövlət bankından oğurladığı pullarla almaqda ittiham edir.

Cahangir Hacıyev ozamandan bəri Bakıda həbsdədir. Britaniyanın "The Evening Standard" qəzeti yazır ki, Z.Hacıyevaya qarşı 2018-ci ildə Britaniyanın ilk izah edilməmiş sərvət orderini çıxaran Milli Cinayət Agentliyi indi sözügedən iki mülkü müsadirəyə çalışır.

Di gəl, Z.Hacıyeva Yüksək Məhkəmənin iclasındakı ifadəsində daha öncə dediklərini təkrarlayıb və ittihamları rədd edib. O, "son dərəcə çevik" ərinin sözügedən evi və qolf klubunu Azərbaycanda daha öncə mövcud olan "Vəhşi Qərb" şərtlərində qazandığı qanuni pullarla aldığına dair iddiasını yenə dilə gətirib.

Z.Hacıyeva öz keçmişindən söz açıb və 2005-ci ildə "tük ürpədən" oğurlanmasından öncə rus dili və ədəbiyyatından dərs deyən dilçi müəllim olduğunu söyləyib. O, oğurlandığı zaman ölümlə hədələndiyini və bu üzdən qorxduğunu, güvənliyi üçün Londona köçməyə məcbur qaldığını deyib.

Z.Hacıyevanın sözlərinə görə, avtomobilinə sarı gedərkən onu arxadan tutan üç kişi yaxınlıqdakı maşına basıb. O bu zaman özünü müdafiə etmək üçün çabaladığını söyləyir.

"Onlar məni maşının döşəməsinə yıxdılar, başıma da çanta, yaxud nəsə keçirdilər. Yola düşməzdən öncə də qollarımı qandalladılar", - Hacıyevanın Yüksək Məhkəmə önündə dediyi sözlədir.

"Oğurlanmağıma görə cavabdehlərdən bəziləri…"

"Heç nəyi görmür, amma eşidirdim. Bir qədər keçəndən sonra dayandıq və məni bir maşından başqasına mindirdilər. İkinci maşının arxasına yerləşdirmişdilər, o "çanta" da hələ başımın üstündə idi. Başıma nəsə dirədilər. Bunun silah olduğunu düşündüm. Dedilər, sadəcə, otur və tərpənmə. Çox qorxmuşdum, bu adamların kim olduğunu, yaxud hara getdiyimi bilmirdim. Bilmirdim ərimi və uşaqlarımı bir daha görə biləcəyəmmi. Məni Bakının kənarında bir yerə gətirdilər, bir binanın zirzəmisinin altındakı - eni və uzunu 1.5 metr olan otağa qoydular. O qədər balaca idi ki, nə ayaq üstə dura, nə də uzana bilirdim. Bu deşikdə 28 gün keçirdim. Qapı daim kilidli olurdu və mənimlə qapıdakı qapaqdan danışırdılar. Tualet yox idi, yalnız zibilxanada tas, vedrə və kiçik deşiyi olan şlanq kimi borudan gələn soyuq su vardı. Məni tutanlar gündə bir dəfə o qapaqdan mənə yemək verirdilər. İşıq günün 24 saatı yanırdı. Təkcə qapağı açanda işığı söndürürdülər ki, üzlərini görə bilməyim. Həmişə ucadan musiqi çalınırdı. Elə bilirdim, mənə işgəncə verilir. Tezliklə zaman hissimi itirdim və həftənin hansı günü, hətta gecə, yoxsa gündüz olduğunu da bilmədim. Orada saxlanıldığım zaman məni tutanlar ərimdən pul qoparmağa çalışdılar və mənə dedilər ki, o, razı olmasa, məni öldürəcəklər".

Zamirə Hacıyeva 2005-ci ildə qadın salonundan çıxarkən oğurlanıb. MTN "Qara kəmər" adı altında xüsusi əməliyyat keçirərək Hacı Məmmədovu və onunla bərabər 20-dən çox adamı həbs edib.
Zamirə Hacıyeva 2005-ci ildə qadın salonundan çıxarkən oğurlanıb. MTN "Qara kəmər" adı altında xüsusi əməliyyat keçirərək Hacı Məmmədovu və onunla bərabər 20-dən çox adamı həbs edib.

Hacıyeva deyir ki, bu işgəncəyə Azərbaycan Mili Təhlükəsizlik Nazirliyinin silahlı əməliyyatı nəticəsində son qoyulub. Həmin əməliyyatda onu tutanlardan biri saxlandığı yerin kənarında öldürülüb.

Oğurlandığıma görə cavabdehlərdən bəzilərinin hələ də Azərbaycanda yüksək vəzifələrdə qaldığına inandığını söyləyən Hacıyeva deyir ki, onun oğurlanması ərindən pul qoparılması cəhdlərinin başlanğıcı idi.

O, ərinin illərlə sədri olduğu Azərbaycan Beynəlxalq Bankından siyasi gərəkçələrlə pul oğurlamaqda suçlandığını və bu suçlamaların saxta olduğunu iddia edir: "Mən ərimin vəzifəsindən uzaqlaşdırılaraq sərvətini ələ keçirmək məqsədilə siyasi addımların qurbanı olduğunu düşünürəm. O, namuslu işadamı və uzun zamandan bəri reputasiyası olan bankir idi. Azərbaycan Beynəlxalq Bankını peşəkarcasına və böyük uğurla idarə etməsi ilə tanınırdı".

Ərinin biznes fəaliyyətindən danışan Hacıyeva deyib ki, 1990-cı illərdə tanış olduqları zaman onun sərvətinin mənbəyini sorğulamayıb və bankçılıq karyerasını çək-çevir etməyib, ancaq Cahangir Hacıyev kommunistlər dönəminin qadağaları götürüləndən sonra öz biznes bacarıqlarından yararlanaraq xaricdən ev əşyaları gətirməklə pul qazanan "uğurlu sahibkar" olub.

"Azərbaycanda həyatın reallığı"

"Kommunizmin çökməsi ilə Şərqi Avropada ticarət bumu yaranmışdı və [idxal-ixrac] da məhz o zaman bir az pulu olan hər kəsin girə bildiyi iş idi. Azərbaycan kimi keçmiş sovet ölkələrinə Qərb ev avadanlıqlarının nəhəng axını vardı. Mənim ərim MBA (biznesin idarə edilməsi üzrə magistr) dərəcəsini almaq üçün ABŞ-də oxumuşdu. Aydın məsələdir ki, spirtli içki və un kimi tələbat mallarından başqa müasir ev əşyaları və elektronika alış-verişinin də potensialını görürdü. 1990-cı illərin əvvəl və ortalarının Azərbaycanından danışıram. Bir qədər "vəhşi Qərb"ə bənzər durum idi. Qərbin nou-hausuna və biznes təliminə çıxışı olan bəzi adamlar çoxlu pul qazana bilirdilər", - Hacıyevanın sözləridir.

O, ərinin Azərbaycanda yol tikinti biznesinin və Özbəkistanda pambıq emalı müəssisəsinin də olduğunu deyib və bildirib ki, ərinin sahibkarlıq fəaliyyəti ilə bağlı sənədlərinin olmaması "Azərbaycanda həyatın reallığıdır".

Londonda Zamirə Hacıyevanın adına olan ev
Londonda Zamirə Hacıyevanın adına olan ev

"Mənim gözümdə o məni sevən və qarşısında gözəl gələcək olan uğurlu sahibkar idi", - Hacıyeva 1997-ci ildə evliliklə nəticələnən sevgilərindən söz açarkən belə deyib və əlavə edib: "Heç kim heç vaxt onun zəngin olması faktını sorğulamayıb. Onun geniş biznes maraqlarını nəzərə alanda heç kim də bunun onun bankir fəaliyyəti ilə üst-üstə düşmədiyini düşünməyib".

Milli Cinayət Agentliyinin hüquqşünası Conatan Holl məhkəməyə bildirib ki, Hacıyeva sözügedən evi və qolf klubunu almaq üçün istifadə etdiyi pulun mənbəyi haqda məlumatı gizlədir.

O, xanım Hacıyevanı vəkillərinin Bakıda həbsxanada olan əri ilə əlaqə yaradaraq ondan izahat alması üçün daha çox vaxt istəməklə məhkəmə prosesini gecikdirməkdə də ittiham edir.

Britaniya Yüksək Məhkəməsinin hakimi Puşpinder Saini Hacıyevanın məhkəməyə dəlil təqdim edə bilməsi üçün yekun vaxtı uzatmağa razılıq verib. Ancaq o, verilən vaxt ərzində tələb olunan dəlilləri gətirmədiyi halda, bir daha ona bu haqqın heç tanınmayacağı barədə xəbərdar da edib.

Məhkəmə prosesinə ara verilib.

Vestminister Magistrat Məhkəməsində Hacıyevanın zəngin qır-qızıl kolleksiyası ilə bağlı digər məhkəmə prosesi də hələ bitməyib.

Bu müddət ərzində bütün ittihamları rədd edən Hacıyeva Londonun Naytsbridc ərazisindəki Uolton Stritdə yerləşən evində yaşamağa davam edir. Qəzet yazır ki, bir neçə milyon funt xərc aparan məhkəmə çəkişmələri olsa da, hələlik, onun aktivlərindən heç biri müsadirə edilməyib.

XS
SM
MD
LG