Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:31

Cümhuriyyətin 92-ci ildönümünü kim necə qeyd etdi?


Abidə önündə ilk olaraq «Azadlıq» bloku və ADP mitinq keçirib
Abidə önündə ilk olaraq «Azadlıq» bloku və ADP mitinq keçirib
«Dünyada 25 ölkədə demokratiya olan zaman, Avropanın yalnız 18 dövlətində cümhuriyyət olan vaxt Azərbaycanda cümhuriyyət yaradıb bu insanlar.

EKRANIN KÜNCÜNDƏKİ ŞƏKİL...

Bu gün biz qədirbilənliyimizi göstəririk bu insanlara. Həm də biz etiraz edirik bu gün tarixin yenidən saxtalaşdırılmasına. Hətta bu istiqlal günündə də Azərbaycanın korrupsiyadan qidalanan televiziyalarının hamısının ekranının küncündə bu istiqlala heç bir aidiyyəti olmayan birisinin şəkilləri var. Biz də bura toplaşıb deyirik ki, Məmməd Əmin Rəsulzadənin buna ehtiyacı yoxdur. Onun şəkli də, sevgisi də bizim hamımızın qəlbimizdədir».

Bu, AXCP sədri Əli Kərimlinin fikirləri idi.

Mayın 28-də «Azadlıq» bloku və Azərbaycan Demokrat Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmmədəmin Rəsulzadənin Bakının Novxanı qəsəbəsindəki abidəsi önündə mitinq keçirib.

Mitinqdə çıxışçılar indiki iqtidarı Məmmədəmin Rəsulzadə və onun silahdaşlarının qoyduqları ənənəyə sadiq qalmamaqda, qeyri-demokratik rejim yaratmaqda və Respublika Gününə sayğısız münasibətdə ittiham ediblər. Onlar bu günün bayram kimi qeyd olunmasının ölkədə layiqincə təşkil edilmədiyini, hətta paytaxtın küçələrinə bayraqların asılmadığını hakimiyyətə irad tutublar.

İsa Qəmbər iqtidarı hakimiyyəti qəsb etməkdə və korrupsiyaya bulaşmaqda ittiham edib
Günün ikinci yarısı isə Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi (KXCP), Azadlıq, Böyük Azərbaycan partiyalarının daxil olduğu «Demokratiya Uğrunda İttifaq» Rəsulzadənin abidəsi önündə Respublika Gününü qeyd edib. Bu çıxışlar da əvvəlkilərlə üst-üstə düşüb. KXCP sədri Mirmahmud Mirəlioğlu əmindir ki, AXC ideyaları Azərbaycanda yenidən bərqərar olacaq.

RƏSULZADƏ İRSİ NƏYİ NƏZƏRDƏ TUTUR?

Müsavat Partiyasının lideri İsa Qəmbər isə mövcud iqtidarı həmçinin hakimiyyəti qəsb etməkdə və korrupsiyaya bulaşmaqda ittiham edib:

«İstiqlalımızı qorumaqla yanaşı, biz bu dövlətin ərazi bütövlüyünü, demokratik yolla inkişafını təmin etməliyik. Çünki yalnız bu yolla xalqımızı xoşbəxt etmək mümkündür. Axı Rəsulzadənin irsi, cümhuriyyət, müsavatçılıq irsi bütövlükdə dövlətimizin, xalqımızın inkişafını nəzərdə tutduğu kimi, hər bir azərbaycanlının, hər bir vətəndaşımızın da xoşbəxtliyini nəzərdə tuturdu».

Əvvəlki Respublika Günlərində olduğu kimi, bu dəfə də aparıcı müxalifət partiyalarının təmsilçiləri əminliklərini bildiriblər ki, nə vaxtsa Rəsulzadənin və cümhuriyyəti quran digərlərinin məzarları Azərbaycana köçürüləcək, Bakının mərkəzində onlara abidə qoyulacaq.

Günün ikinci yarısı isə Müsavat, KXCP və «Demokratiya Uğrunda İttifaq» Rəsulzadənin abidəsi önündə Respublika Gününü qeyd edib
Hazırda Məmməd Əmin Rəsulzadəni qəbri Türkiyənin baş şəhəri Ankarada yerləşir.

İLHAM ƏLİYEV: DEMOKRATİK RESPUBLİKA XALQIN NAİLİYYƏTİ İDİ


Mayın 27-də prezident İlham Əliyev də Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Bayramla əlaqədar təşkil edilən rəsmi qəbulda dövlət başçısı deyib ki, «92 il əvvəl müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika yaradılıb. Və ilk dəfə bölgədə demokratik respublikanın yaradılması Azərbaycan xalqının böyük nailiyyəti idi. Respublikanın ömrü uzun olmadı, iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Müstəqillik ümidləri özünü bir də 1991-ci ildə doğrultdu».

İlham Əliyev deyib ki, «ancaq 90-cı illər Azərbaycan üçün çox ağır olub. Daxili çəkişmələr, rəhbərliyin yarıtmazlığı müstəqilliyin taleyini yenə də şübhə altına qoyub. Yalnız Azərbaycan xalqı özünün ümummilli lideri Heydər Əliyevi siyasi hakimiyyətə dəvət edəndən sonra respublika öz inkişaf dövrünə qədəm qoyub».

92 il əvvəl 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədr seçildiyi Milli Şura Tiflisdə Azərbaycanın müstəqilliyini elan edib. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə bir sıra islahatlar həyata keçirilib, müstəqil dövlətin atributları formalaşıb.
XS
SM
MD
LG