Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:47

YAP-ın siyahısı: kim nə düşünür?..


Zərdüşt Əlizadə
Hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 18-də cəmiyyəti parlament seçkilərindəki namizədlərlə tanış etdi. «Panorama» verilişində politoloq Zərdüşt Əlizadə və «Tolerantlıq» İctimai Birliyinin sədri Azər Rəşidoğlu həm bu siyahını, həm də bu siyahı ətrafında cərəyan edən siyasi prosesləri dəyərləndiriblər:

ZƏRDÜŞT ƏLİZADƏ:

«Nəzərə almaq lazımdır ki, parlament ölkənin idarəçiliyində söz sahibi deyil. Ölkə parlamenti gücsüz, hadisələrin gedişinə təsiri olmayan bir qurumdur. İkincisi isə, YAP-ın siyahısı həlledici deyil. Parlamentin üzvlərini YAP müəyyən etmir. Heç bunu Azərbaycan xalqı da müəyyən etmir. Bu, Prezident Administrasiyasında hazırlanan siyahı ilə müəyyən edilir. Bəzi mövcud millət vəkillərinin bu siyahıya düşməməsinə də təəccüblənməyə dəyməz. Deputat Hacı Madər bəlkə də parlamentdə susduğuna görə dünya rekordu vurub. Yaxud qocaman deputat Murtuz Ələsgərov. O, bu 5 ildə parlamentin işində demək olar ki, iştirak etməyib. Bir də çıxdaş edilən deputatlardan biri Əhəd Abıyevdir. O, haldan düşmüş, taqətsiz müxalifəti söyməklə ad qazanmışdı. Görünür, daha ona ehtiyac yoxdur»...

AZƏR RƏŞİDOĞLU:

«Bu siyahı ilə tanışlıqdan görünür ki, hakim partiyanın rəhbərliyi çox ciddi dəyişikliyə ehtiyac görməyib. Əslində, Azərbaycanda parlamentlər xalq arasında «baş yiyən qurumlar» kimi tanınır. Bu tərkib də elə ola bilər. Ayaz Mütəllibovun vaxtında formalaşan parlament çox zəif, siyasi əqidəsi olmayan insanlardan formalaşmışdı. Ayaz Mütəllibovun yola salınmasında onlar çox rahatlıqla iştirak etdilər. Azərbaycanda yenidən buna oxşar proseslər baş verərsə, bu tərkib də sələflərindən fərqlənməyəcək. Ancaq mən düşünmürəm ki, bu siyahıda adları olanların hamısı deputat seçiləcək. Onların olsa-olsa yalnız 50-si yenidən deputat seçilə bilər. Qalan yerlər bitərəf, ziyalı adı ilə hakimiyyətə yaxın olan şəxslər arasında bölüşdürüləcək. Bir də indi parlamentdə müxalifət adından çıxış edən şəxslər yenidən deputat seçilə bilərlər»

GÖZÜ ÇIXAN QARDAŞINDAN ÖYRƏNMƏK…

- Bəs mövcud millət vəkillərindən hakim partiyanın siyahısına düşməyənlər bunu ciddi narazılıqla qarşılaya
Azər Rəşidoğlu
bilərmi?

ZƏRDÜŞT ƏLİZADƏ:

«Narazılıq olsa da, mən bunu onların açıq şəkildə ifadə edəcəklərinə inanmıram. Çünki onların çoxu suçlu insanlardır. Əslində, bu insanların vaxtilə irəli çəkilmələrində suçlarının çox böyük rolu olub. Xüsusilə də bundan əvvəl YAP rəhbərliyinə daxil olan bəzi insanların aqibəti bu partiyada tam itaətçilik əhval-ruhiyyəsi yaradıb. Artıq onların cəsarətləri çatmaz».

AZƏR RƏŞİDOĞLU:

«Əli İnsanovun, Fərhad Əliyevin, Rafael Allahverdiyevin və Hüseyn Abdullayevin acınacaqlı taleyindən sonra kimsə səsini çıxara bilməz. Necə deyərlər hamıya «Gözü çıxan qardaşı»nın taleyi bir dərs olub. Bir də onların şəxsi keyfiyyətləri buna mane olur»

«DEPUTATLARIN ADLARI PREZİDENT ADMİNİSTRASİYASINDADIR»

- Müxalifətin şansını necə dəyərləndirmək olar?

ZƏRDÜŞT ƏLİZADƏ:

«Xalq hakim zümrəyə etimad etmir. Baxmayaraq ki, müxalifətə də münasibət bir elə yaxşı deyil. Ancaq mən əminəm ki, demokratik seçki olarsa, müxalif namizədlərinin çoxu parlamentə düşər. Bununla belə, bu seçki də əvvəlkilərindən fərqlənməyəcək. Kimin adı Prezident Administrasiyasında olacaq, o da deputat seçiləcək. Gələcək deputatların adları prezident Administrasiyasındadır».

AZƏR RƏŞİDOĞLU:

«Azərbaycanda mövcud hakimiyyətə alternativ güc qalmayıb. Nə müxalifət arasında, nə ziyalılar arasında, nə də gənclər arasında. Artıq bütünlükdə cəmiyyət məhv olmaqdadır»...

XS
SM
MD
LG