Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:30

Hüseyn Arabul: «Türkiyədə qazandıqlarım pulları Azərbaycanda itirdim»


Hüseyn Arabul
Hüseyn Arabul
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «20 ilin iqtisadi balansı» mövzusu ilə bağlı müsahibəsində Azərbaycanda biznes təcrübəsinə malik türkiyəli iş adamı Hüseyn Arabul deyib. Müsahibəni diqqətinizə çatdırırıq:

- Mən istərdim ki, siz Azərbaycandakı həm öncəki uğurunuzun, həm də sonrakı uğursuzluğunuzun səbəbini söyləyəsiniz.

- Mən belə uğurlu- uğursuz deməyəcəyəm. Amma yalnız onu deyə bilərəm ki, Azərbaycanda 2001-ci ildən 2006-cı ilə qədər işlədim. İşlədiyim müddətdə uğurlu olmanın yeganə səbəbi xalqın bizim fəaliyyətimizə dayaq olmasından qaynaqlandı. Çünki bizdə vacib olan itkilərin azaldılması, yığımın çoxaldılması şəklində idi və biz də Azərbaycana gəldiyimizdə, Bakı şəhərində saatlarla elektrik kəsintilərinin olduğunu deyirdilər. Bunları bizim həll etdiyimizi zənn edirəm. Çünki əhali məmnuniyyəti yüzdə otuzlardan, qırxlardan, biz oranı tərk edərkən yüzdə yetmiş beşə gəlib çatmışdı. Bu isə paylama işində fövqəladə vacib bir hadisə idi. Uğursuzluğa gəlincə, ona uğursuzluq demək düzgün deyil. Mən şəxsi olaraq və ya məntiq baxımından idarəçiləri tam başa düşə bilmədim. Onlar da məni tam anlaya bilmədilər.

«İŞLƏRİ YOLUNA QOYUNCA DEDİLƏR Kİ, BİZ BU İŞİ ARTIQ ÖYRƏNDİK VƏ SƏN GEDƏ BİLƏRSƏN»

Biz də bir az yaxşı olmasa da amma gəldik. Onun üçün heç bir şikayətim yoxdur. Ancaq bir az öncə sizin iqtisadi göstəricilərinizə baxdım. Şübhə olmasın ki, Azərbaycan inanın mənə Qazaxıstandan da, Özbəkistandan da, Qırğızıstandan da, Gürcüstandan da çox daha irəliyə gedəcək bir ölkədir. Onun yeraltı qaynaqları mövcuddur.

- Amma onlar da tükənə bilər.

- Xatırlayırsınızsa mən həmişə deyirdim ki, bunun tükənməməsi, nəsillərə ötürülməsi üçün iqtisadiyyatın vacib bildiyi qənaət lazımdır. Elektrik enerjisindən istifadə edərkən «aman diqqətli olun, qənaətlə istifadə edək»- deyə hər dəfə televiziya çıxışlarımızda söyləyirdik. Buna qəzəblənənlər çox olurdu. Amma yalnız gördüyüm mənzərə odur ki, biz orada bir abunəyə xidmət etdik və bunlarla həmişə münasibətlərimiz oldu. Gördük ki, əhali bu işi çox yaxşı anlayır. Əldə edilən o yeraltı qaynaqlar Türkiyədə də olduğu kimi şəhidlər verilərək, müharibə bahasına əldə edilib. Onun üçün buna çox diqqət etmək lazımdır.

- Sizin şirkətiniz Azərbaycanda qazandı yoxsa itirdi?

- Çox itirdi.

- Nə qədər itirdiniz?

- Sizə səmimi deyim ki, mən Türkiyədə qazandıqlarımı Azərbaycanda itirdim. Mənim orada həbs olunmağım və digər uğursuzluqlar mənim Türkiyədən 50 milyon dollar pul itirməyimə səbəb oldu. Türkiyədə gördüyüm işlərə müdaxilə edə bilmədiyim üçün 50 milyon dollar, Azərbaycandan dolayı isə mənim şəxsiyyətimin, daha doğrusu aldığım avadanlıqların pulunu burada ödəmək məcburiyyətində qaldım. O da 15 milyon dollar.

- Deməli Barmek şirkətinin Azərbaycandakı investisiyasından itkisi 15 milyon dollardır?

- 15 milyon və üstəlik mənim işlərimə əngəl olduğu üçün 50 milyon dollar. Ayrıldığım zaman 150 milyon dollar elektrik enejisi pulu alacağımız var idi. Və orada əldə etdiyimiz mənfəəti heç bir zaman Türkiyəyə gətirmədiyimiz üçün orada istifadə etdik. Yəni nə qədər investisiya qoyulmadı deyilsə də biz orada 70 milyon dollarlıq investisiya qoymuşduq.

- Cəmi 70 milyon. Amma 300 milyon vəd etmişdiniz.

- Artıq bunların hesabı yapılmaz. Amma bütün bunlara baxmayaraq mən Azərbaycanı hələ də o qədər çox sevirəm ki, inana bilməzsiniz.

Hüseyn Arabul məhkəmə zalında ifadə verərkən
- Yəni yenə dəvət etsələr gələrsiniz işləməyə?

- Gələrəm. Niyə gəlməyim? Amma yenə də deyirəm ki, idarəçilər, rəhbərlər məni anlamadı. Mən də onların anlaya bilmədim.

- Niyə anlamadınız? Yəni haqsızlıq etdilər sizə?

- Belə deyim. Rəhbərlər başqa dildə danışdı. Mən başqa dildə danışdım. Onun üçün anlaya bilmədik bir-birimizi.

- Hansı dildə danışırdılar ki?

- (gülür) Bilmədim. Mən anlada bilmədim. Mənim çalışma tərzim və çalışma prinsiplərim uymadı. Rəhbərlər də məndən məmnun olmadı. Buraxdıq işi. İndi buraxdığımız üçün üzgünəm, çalışdığıma görə rahatsızammı? Xeyr. Azərbaycanda 8 il çalışdığıma görə çox məmnun oldum. Hər şey pulla ölçülmür. Orada insanların göstərdiyi maraq və bizə qarşı həqiqətən göstərdiyi yaxınlıq milyonlara dəyər. Həyat yoldaşımla bərabər orada 2-3 il qaldım. Daha doğrusu iş görmədən 2-3 il oturduq. 4 ay da həbsdə yatdım. Bütün bunlara baxmayaraq mən Azərbaycana qarşı qərəzli və qəzəbli deyiləm.

«SƏNİ AZƏRBAYCAN PREZİDENTİ ÇAĞIRIR»

20 yaşındakı bu gənc dəliqanlı inanıram ki, yüz minlərlə il irəliyə gedəcək və böyük bir dövlət olaraq, türk dövlətinin bir parçası olaraq bütün dünyada Azərbaycan çox önəmli bir yer alacaq.

- Süleyman Dəmirəlin sizin gəlişinizdə və Azərbaycanda işə başlamağınızda bir rolu olub?

- Mən bunu sizə çox səmimiyyətlə deyim ki, mənim nə kimə isə bir ehtiyacım var. Nə də kimə isə hər hansı bir söz söyləməyə halım var. Həqiqət nədirsə onu deyirəm. Mənim Süleyman Dəmirəllə bu işlə bağlı heç bir problemim olmayıb. Sadəcə bu olub ki, mən Dünya Enerji Komissiyası Türk Milli Komitəsinin rəhbəri olarkən və Süleyman Dəmirəl də prezident olarkən biz davamlı görüşür, ona dünyada və Türkiyədəki enerji ilə bağlı hesabat verirdik. Bunu çox yaxından bilən S.Dəmirəl də dedi ki, səni Azərbaycan prezidenti çağırır. Azərbaycandakı özəlləşdirmə ilə bağlı səndən bir energetik olaraq məlumat almaq istəyir. Baş üstə dedim və mən rəhmətlik Heydər Əliyevin yanına gəldim. O məni 3 saat dinlədi. Ondan sonra mən geri döndüm. Ondan sonra beynəlxalq tender keçirildi. Tenderdə Siemens qazandı. Siemens gəlmədi, qaçdı. Ondan sonra məni çağırdılar mən gəldim.

- Siemens qaçanda siz bir düşünmədinizmi ki, nədən qaçdı?

- Nədən qaçdıqlarını mən sizə deyim. Siemens xatırladığıma görə 770 milyon dollar təklif vermişdi və qoyacağı investisiyaya dövlət zəmanəti istəmişdi.

İlham Əliyev və keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyev
- Qaçqın və məcburi köçkünlərin elektrik enerjisi pulunu da dövlətin ödəməsini istəmişdi. O dövrlər bu pulu dövlət ödəmirdi. Dövlət isə bunu Siemens üçün etmədi. Bunu o zaman iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyev də etiraf etmişdi. Siemens imtina etdi və təklifi siz qəbul etdiniz. Bundan bir neçə həftə sonra sizin üçün həmin o imtiyazları ləğv etdilər. Bir sözlə Siemensin həmin o müqavilədən imtina etməsinin səbəbi sizin üçün aradan götürüldü. Yəni sizə yaşıl işıq var idi.

- Bu doğru deyil. Bəlkə bu sizin baxdığınız tərəfdən doğrudur. Amma həqiqət o deyil. Mən sizə deyim. 770 milyon dollarlıq investisiyanı Siemens Azərbaycan dövləti zəmanət versə qoyaram, sonra pul topladıqca sizə bunu ödəyərəm dedi. Mənə isə bu zəmanəti «istəmə» dedilər. Mən də dedim ki, o zaman bu investisiyanı 2 il, 3 il tamamında deyil, hər il 12 milyon dollarlıq investisiya qoyaram. Bu 12 milyon dolları da özümün görəcəyim işdən əldə etdiyim qazancla qoyaram. Siemens dövlətdən bu pulu istədi, mən isə vergisini verdiyim pulla edərəm dedim və qəbul edildi. Biz də işə elə başladıq. Əgər Siemensin dediyi edilsəydi, onda bu şirkətə büdcədən 2 illik 770 milyon dollar pul veriləcəkdi, o sərmayəsini qoyacaqdı, ondan sonra istər pulu yığsın, istər yığmasın. Sizə deyilən o doğru deyil. Bəlkə də siyasi baxımdan ona yanaşıblar. Yoxsa qaçqınların pulu nə qədər idi ki? Bir milyon qaçqın vardı. Bir milyon qaçqın deyilən kimi də çox yüksək elektrik enerjisi də istifadə etmirdilər. İnanın mənə, biz gələn kimi dərhal qaçqınlara sayğac qoyduq. Ən çox 240 kilovatt saat çıxdı ayda. Və nazirlə oturduq danışdıq və gözəl bir şeyin siyahısını hazırladıq. Çox ekonomik oldu. O zamanlar bəziləri qaçqınların adından istifadə edib zavodlarını və ya restoranlarını çalışdırırdılar. Biz bunların hamısına mane olduq. Bizə dedilər ki, hər biri üçün sizə sadəcə 50 kilovatt saat pulunu veririk dedilər. Yaxşı dedik. Bir müddət də hələ qaçqınların pulu qaldı. Yəni almadıq.
Məsələ qaçqınların pulunu almamaq deyildi. Məsələ böyük adamların pulunu almaq idi

DÖVLƏTLƏ DAVA ETMƏ

- Buna baxmayaraq siz şikayət etmirsiniz Azərbaycandakı işlərinizdən. Məhkəməyə vermişdinizmi?

- Verdim sonra imtina etdim.

- Niyə?

- Vermişdim məhkəməyə, məhkəmə bitmək üzrə idi. Dedilər ki, dövlətlə dava etmə. Baş üstə, yaxşı dedim.

- Kim dedi?

- İndi mənim heç kimdən heç bir şikayətim yoxdur. Amma mən bir şeyi indi fürsət düşmüşkən sizə deyim. Mənim etdiklərimi hörmətli prezidentə kim nə dedisə səhv dedi. Mən bir dənə də olsun köhnə transformator Türkiyədən gətirmədim.

- Sizə kim dedi ki, dövlətlə dava etməyin?

- Arvadım dedi. Həyat yoldaşım.

- Dinləyici yazır: Azərbaycana gələndə kredit aldınızmı? Nə qədər kredit aldınız və bunun üçün nə qədər «şapka» ödədiniz?

- Mən səmimi deyirəm ki, mən Azərbaycanda kimsəyə «şapka» ödəmədim. Kimdənsə də kredit almadım. Belə kredit aldım ki, neft şirkətinə pul ödəməli idim. Pulu bir günlük aldım. Birgünlük faiz verdim. Və sizə çox qərib gələcək mənim verdiyim faiz yüzdə səkkiz faiz idi. Hər kəs yüzdə 20 – 30 faizlə alarkən mən Beynəlxalq Bankdan yüzdə səkkiz faizlə 1-2 günlük aldım. Və ertəsi gün ödədim. Bundan başqa bir dəfə də 2 milyon dollar kredit aldım. Onu da geriyə ödədim.

Ramiz Mehtiyev
- Yəni «şapka» da, rüşvət də ödəmədiniz?

- Mən Azərbaycanda kimsəyə «şapka» ödəyə bilmədim. Çünki mən bunu bilmirdim. «Şapka» kəlməsini öyrənə bilmədim.

- Amma istəyirdilərmi sizdən?

- Məndən istəməyə cəsarət edə bilmirdilər. Çünki mənim mətbuatla yaxın təmasım bu «şapka» olayını məndən uzaqlaşdırdı. Amma məhkəmə vaxtı öyrəndim ki, alt tərəfdəki insanlar bir şeylər ediblər. Mən öyrəndiyim vaxtı onların layiqli cəzasını da verdim.

- Dinləyici yazır: Sizə Ramiz Mehdiyevdən hədə- qorxu olduğundan siz bütün iddialarınızı geri götürmüsünüz.

- Xeyr doğru deyil. Mən Ramiz Mehdiyevi resepşionlardan başqa heç bir yerdə görmədim. Salamdan başqa heç nə danışmadım.

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG