Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:37

Rəsul Quliyev: «Həyatımda iki dəfə çox ağır nəticələr verən səhvə yol vermişəm»


Rəsul Quluyev: "Həyatımda iki dəfə çox ağır nəticələr verən səhvə yol vermişəm"
Gözlə

No media source currently available

0:00 0:08:11 0:00

Rəsul Quluyev: "Həyatımda iki dəfə çox ağır nəticələr verən səhvə yol vermişəm"

-

Açıq Cəmiyyət Partiyasının lideri, hazırda ABŞ-da mühacirətdə yaşayan keçmiş spiker Rəsul Quliyev bu yaxınlarda Vaşinqtonda rəsmilər və nüfuzlu ictimai liderlərlə görüşlər keçirdiyini bildirir.

Rəsul Quliyev AzadlıqRadiosunun yazılı suallarını bu formada - video formatda cavablandıraraq redaksiyamıza təqdim edib.

O, Azərbaycanda payızda keçiriləcək prezident seçkisi ərəfəsində baş tutan bu müzakirələr və özünün seçki planları barədə danışır.


– Mediada ABŞ paytaxtında görüşlər keçirməyinizə dair xəbərlər yayılır. Bu görüşlər haqqında nə deyə bilərsiz?

– Vaşinqtonda keçirdiyim görüşlər üç istiqamətdə aparılıb. Konqresin həm Nümayəndələr Palatası, həm də Senatında, Dövlət Departamentində və müxtəlif strateji proqramlar hazırlayan fondlarda görüşlər keçirmişəm.

Əsasən, xarici əlaqələr komitəsinin üzvləri və senatorlarlarla, idarə rəisləri ilə, Helsinki Komissiyasının üzvləri olan konqresmen və senatorlarla görüşmüşəm. Məqsəd – Konqresin diqqətini Azərbaycanda keçiriləcək prezident seçkilərinə çəkmək, Azərbaycanla bağlı müəyyən sənədlərin qəbuluna nail olmaqdır.

Mənə elə gəlir ki, müəyyən nəticələrə nail ola biləcəyik. Bu işləri 2003-cü və 2005-ci illərdə də görmüşəm. Onda da seçkilərlə bağlı həm Konqresin, həm də hökumətin diqqətini Azərbaycana cəlb etdirə bilmişdim. Ümid edirəm ki, bu dəfə də belə olacaq.

– ABŞ-da Azərbaycandakı proseslərə maraq var?

– ABŞ superdövlətdir. Amerika konqresmen və siyasətçilərinin diqqətini Azərbaycana cəlb etməsən, onların Azərbaycanla maraqlanması mümkün deyil. Bəlkə haradasa, nəsə müzakirə olunsun, amma bununla ciddi şəkildə məşğul olmazlar.

Azərbaycanda gedən prosesləri arqumentlərlə Konqres üzvlərinə, hökumət nümayəndələrinə, strateji proqramlar hazırlayan fondlara açıqlayanda diqqətlərini Azərbaycana cəlb etmək mümkündür. Mənə belə gəlir ki, buna nail ola bildim.

2000-ci illərdə dinləmələrdə, 2003-cü və 2005-ci illərdə seçkilərə münasibətin formalaşmasında, Helsinki Komissiyasında Azərbaycanda insan haqları ilə bağlı dinləmələrin təşkil olunmasında kifayət qədər rolum və təcrübəm var. Düşünürəm ki, budəfəki görüşlər də həm qətnamələrə, həm də Helsinki Komissiyasında dinləmələrə nail olmağa imkan verir.

– Azərbaycanda bu payız prezident seçkisi keçiriləcək. Seçkiöncəsi durumu necə qiymətləndirirsiniz?

– 2012-ci ildən bəri Azərbaycanda xaotik etiraz hərəkatları baş verir. Hər ay bu və başqa rayonda, Bakıda müəyyən etiraz mitinqləri keçirilib.

Ölkədəki vəziyyət ona gətirib çıxarıb ki, hökumətə inam tamamilə itib. Azərbaycanda böyük bir kütlə hökumətə nifrətlə yanaşır. Ən təhlükəlisi də odur ki, bunlar xaotik şəkildə baş verir. Bu xaotik nümayişləri idarə edən liderlər yoxdur.

Yəni etirazçılar nə müxalifəti qəbul edir, nə də hakimiyyəti. Azərbaycanda belə bir situasiyanın olması istənilən vaxt böyük bir partlayışla qurtara bilər. Xüsusən Bakıda.
...etirazçılar nə müxalifəti qəbul edir, nə də hakimiyyəti. Azərbaycanda belə bir situasiyanın olması istənilən vaxt böyük bir partlayışla qurtara bilər. Xüsusən Bakıda.

Həmin o xaotik çaxnaşmanın qarşısını almağa qüvvə yox dərəcəsindədir. Nə hökumətin qüvvəsi var, nə də müxalifətin. Ən təhlükəlisi budur və görüşlərdə bunu anlatmağa çalışıram.

Belə bir xaotik etiraz hərəkatı baş verməməli və bunun qarşısı alınmalıdır. Ancaq hökumətin tutduğu yolla bunun qarşısını almaq mümkün deyil. Hökumətin tutduğu repressiyalar yolu yüz faiz iğtişaşın dərinləşməsinə və ölkədə idarəolunmaz xaotik bir hərəkatın yaranmasına gətirib çıxaracaq. Bu da həddən artıq təhlükəlidir.

Belə bir şeyin baş verməməsi üçün düşünürəm ki, ABŞ-ın qəbul edəcəyi qərarların kifayət qədər güclü təsiri olmalıdır. Həmin qərarın bazasında Azərbaycanda müxalifət, hökumət müəyyən addımlar atmalıdır ki, bu addımlar azad və sərbəst seçkilərə gətirib çıxarsın. İlk növbədə hökumət aqressiv hərəkətlərinə son qoymalı, dinc mitinqlərin keçirilməsinə şərait yaratmalıdır. Başqa variantda amansız, xaotik iğtişaşlar ortaya çıxacaq.

– Müxalifət qüvvələrinin birləşəcəyinə inanırsınız?

– Bu, çox mürəkkəb məsələdir. Birincisi, müxalifət qüvvələri həddən artıq pərakəndə vəziyyətdədir. İkincisi, müxalifət qüvvələrinin bugünkü ideologiyası üst-üstə düşmür.

Müxalifət qüvvələrinin içərisində özünün, ya da partiyasının maraqlarını əsas götürən qüvvələr var və Azərbaycanda azad seçkilərin keçirilməsi üçün mübarizə aparan qüvvələr var.

Belə düşünürəm ki, Azərbaycanda, sözün əsl mənasında, azad seçkilərin keçirilməsinə nail olmaq niyyəti daşıyan müxalif qüvvələr birləşəcək. Buna heç bir şübhəm yoxdur. Belə düşünürəm ki, Rüstəm İbrahimbəyovun Milli Şura yaratmaq, Milli Şuranın əsasında hansısa bir strategiya müəyyənləşdirmək istəyi təqdirəlayiqdir. Bu hərəkatın müxalifətin birləşməsində kifayət qədər rolu ola bilər.

AXCP lideri Əli Kərimli bütün çıxışlarında azad seçkilərin keçirilməsini qarşısına əsas məqsəd qoyub. Onun partiyası da belə bir fikirdədir. Sözsüz ki, müxalifətin formalaşmasında onların da rolu kifayət qədər güclü olacaq. Düşünürəm ki, real, konkret iş görən Məşvərət Məclisi və ona daxil olan partiyalar azad seçkilər keçirmək istiqamətində görüləcək işlərə prioritet verir və bu istiqamətdə işləyir. Müəyyən müddətdən sonra müxalifətin birləşmə konturları seziləcək.

Azərbaycanda geniş koalisiya yaradılmasına ötən ilin dekabrından bəri çox cəhd göstərdim. Təəssüflər olsun ki, bəziləri geniş koalisiya yaratmaq əvəzinə diqqəti yayındırmaq üçün müəyyən oyunlar quraşdırıb onun ətrafında iş apardılar. Beləcə, geniş koalisiyaya nail ola bilmədik.

Ancaq dediyim kimi, həyat eyni ideologiyalı qüvvələrin birləşməsini tələb edir və bu, baş tutacaq.

– Seçki strategiyanızı necə açıqlardınız?

– Söhbət şəxsən mənim seçki strategiyamdan getmir, çünki Azərbaycanda minimum səviyyədə seçki atmosferinə nail olmasaq, müəyyən strategiya qurmaq ancaq qeyri-ciddi adamların işi ola bilər. Seçkilər 100 faiz saxtalaşdırılacaqsa, orada hansı strategiyadan söhbət aparmaq olar?

Seçki strategiyam və ya əsas məqsədim – Azərbaycanda azad seçkilərin keçirilməsinə nail olmaq və bu seçkilərdə öz namizədliyimi irəli sürməkdir. Namizədliyimi irəli sürəndən sonra o kampaniyanı necə aparacağımı çox yaxşı bilirəm. O barədə də təcrübəm kifayət qədərdir. Azərbaycanın hər regionuna, hər kəndinə gedərək seçicilərlə görüşəcək, şüarlarla deyil, konkret həyatlarının necə dəyişiləcəyi barədə onlarla söhbətləşəcəyəm.
...həyatımda iki dəfə çox ağır nəticələr verən səhvə yol vermişəm. Birinci, 1996-cı ildəki istefam, ikinci, 2003-cü ildə kimlərisə separat şəkildə dəstəkləməyim...

Mən vahid namizəd məsələsinə həmişə qeyri-ciddi baxıram. Azad seçkilərə nail olsaq, heç kimdən xahiş etmək niyyətim yoxdur ki, mənim namizədliyimi dəstəkləsin. Özüm öz namizədliyimi camaata qəbul etdirə bilərəm.

Mən həyatımda iki dəfə çox ağır nəticələr verən səhvə yol vermişəm. Birinci səhvim 1996-cı ildəki istefa qərarım olub. Fikirləşmişdim ki, onsuz da Əliyevlər rejimi uzun müddət yaşaya bilməz və normal yolla bunları hakimiyyətdən uzaqlaşdıracağıq. Düşünürəm ki, yanlış davranmışam.

İkinci böyük səhvim 2003-cü ildə olub. Kimlərisə separat şəkildə dəstəkləməklə böyük səhvə yol vermişəm. 2013-cü ildə səhv buraxmaq niyyətində deyiləm. Bir çoxundan fərqli olaraq səhvlərimi də görürəm, səhvlərimi boynuma almağı, özünütənqidi də bacarıram.

Bu, obyektiv və düzgün qərar qəbuluna kömək edir. Əsas seçki strategiyam Azərbaycanda azad seçki keçirmək qoxusu həqiqətən hiss olunanda başlanacaq. Seçki strategiyası da o zaman ortaya çıxacaq.
XS
SM
MD
LG