Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:23

Milli Şura tapmacası


Eldar Namazov və Rüstəm İbrahimbəyov
Eldar Namazov və Rüstəm İbrahimbəyov
-
Milli Şura yaratmaq ideyasını kinodramaturq və yazıçı Rüstəm İbrahimbəyov irəli sürmüşdü. Bu il başlar-başlamaz səsləndirilən fikirdə bütün demokratik qüvvələrin eyni qurumda birləşdirilməsi hədəf götürülmüşdü. Daha bir müddət sonra hələ düşüncələrdə olan yeni qurumun başlıca missiyası da açıqlandı – prezidentliyə vahid namizəd irəli sürmək.

Seçki ilində ortaya atılan bu fikir heç də birmənalı qarşılanmadı. Məsələyə həm iqtidar, həm də müxalifət düşərgəsindən haçalı yanaşmalar dilə gətirildi. Bir neçə gün öncə sözügedən Şurada təmsil olunacaq 50 nəfərin adının açıqlanması yenə mübahisə doğurdu. Diqqətə yetirilən siyahını Rüstəm İbrahimbəyovun versiyası kimi hallandıranlar da tapıldı, bunu dananlar da. Məsələni, hələ ki, onun öz dilindən dəqiqləşdirmək mümkün olmayıb. Düzdür, kinodramaturqa yaxın qaynaqlar, eləcə də Şuranın yaradılması yönündə iş aparanlar belə bir siyahının hazırlanmadığını bildiriblər.

«UZAĞA TULLANMAQ İSTƏYƏN ADAM BİR ADDIM GERİ ÇƏKİLMƏLİDİR»

Milli Şuranın yaradılması ilə bağlı siyasi və ictimai qurumlarla müzakirələr apardıqlarını deyən Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev prosesin indiki mərhələsindən razıdır. Amma o, bəzi çətinliklərə diqqət çəkir:

«Danışıqlar ağır gedir. Ötən 20 ildə bizim siyasi liderlərin xasiyyətlərinə ambisiyalar elə hopub ki, bu xasiyyətlərindən uzaqlaşmaq onlara çox çətindir.
Eldəniz Quliyev
Eldəniz Quliyev
Hər necə olsa da, bir neçə aparıcı partiya ilə danışıqlarımız ümid verir və bu səbəbdən də müzakirələrimiz davam edəcək. Hər kəs birmənalı anlamalıdır ki, şəxsi ambisiya və mənafelər deyil, Azərbaycanın taleyi hər şeydən üstün tutulmalıdır. Bəzi adamlar bunu heç cür həzm edə bilmirlər... Bütün hallarda birlikdən başqa çıxış yolu yoxdur. Axı, uzağa tullanmaq istəyən adam həmişə bir addım geri çəkilməlidir ki, sonrakı nəticə daha uğurlu olsun».

Sadalanan problemlərə baxmayaraq, Eldəniz Quliyev Milli Şuranın tərkibinin aprelin sonunadək açıqlanacağını düşünür.

ƏLİ KƏRİMLİ: «BİZ BU İDEYAYA POZİTİV YANAŞIRIQ...»

AXCP sədri Əli Kərimli Milli Şura ideyasının reallaşmasını mümkün sayır:

«Rüstəm İbrahimbəyovun adından bizimlə müzakirələrə başlanılıb. Hələ söhbət ilkin mərhələdən gedir. Hələ ad da şərtidir, ortalıqda hər hansı siyahı da yoxdur.
Əli Kərimli
Əli Kərimli
Əsas məsələ odur ki, ölkənin mühüm siyasi qüvvələrini, vətəndaş birliklərini, ziyalılarını, gənc liderlərini bir araya gətirən birlik formatı tapılsın. Biz bu ideyaya pozitiv yanaşırıq. Hesab edirəm ki, Azərbaycanın siyasi və ictimai qüvvələrinin bir araya gəlib Milli Şurada birləşməsi ölkənin maraqlarını təmin edir».

Əli Kərimli məsləhətləşmələri müsbət yöndə aparacaqlarını bildirməklə yanaşı, sözügedən birliyin baş tutmaya biləcəyini də deyir. Müzakirələri əngəlləyən ambisiyalara gəlincə, AXCP sədri bununla Eldəniz Quliyevin nəyi nəzərdə tutmasının ona aydın olmadığını deyir.

ƏRƏSTUN ORUCLU: «EFFEKT VERƏCƏYİNƏ İNANMIRAM»

Politoloq Ərəstun Oruclu Milli Şura ideyasını yeni məsələ saymır. Deyir 10-15 il ərzində xeyli belə birliklər yaradılıb və hamısının da ömrü elə seçki bitənəcən sürüb.
Ərəstun Oruclu
Ərəstun Oruclu
Politoloq bu kimi birliklərin qısaömürlü olmasının səbəbini həmin birliklərin prinsiplər üzərində deyil, fərdlər üzərində qurulması ilə əsaslandırır:

«Bu səbəbdən belə birlik faktiki olaraq mümkün deyil. Dediklərimə misal da gətirim. Prezident seçkisində iştirak etmək istəyən adamın ətrafında dərhal qalmaqal yaradılır. İttihamlar, suçlamalar görürük – bu, hökumətə işləyir, nə bilim, o, filan yerə işləyir. Bənzər suçlamalar bəlli dairədən qidalanır. Azərbaycan siyasətində nə qədər ki, bəsit mənəm-mənəmlik, şəxsi maraqların ümumi maraqlardan üstün tutulması davam edir, hər hansı birlikdən danışmaq ümumiyyətlə absurddur. Buna qol qoymaq, buna qatılmaq ən azından ya başqalarını, ya da özünü aldatmaqdır. Müxtəlif adlar altında hansısa birliklər, qurumlar yaradıla bilər, amma bu gün mən bunları perspektivsiz görürəm və effekt verəcəyinə də inanmıram».
XS
SM
MD
LG