Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:44

Fəzail Ağamalı: «İanənin 10 minini özü verər... 10 minini də xalaoğlusu»


Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı

-

Gözlə

No media source currently available

0:00 0:06:55 0:00
Direct-ə keçid

Bugünlərdə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu, eləcə də sosial siyasət komitələrinin birgə iclasında «Siyasi Partiyalar Haqqında Qanun»a əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Nəzərdə tutulan dəyişikliklər arasında «şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi 10 min (on min) manatdan yuxarı ola bilməz» müddəası da var. Milli məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, iqtidaryönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı son təklif barədə AzadlıqRadiosunun suallarını cavablayıb.

- Müzakirəyə çıxardığınız və Milli Məclisdə qəbul olunması gözlənilən dəyişikliyi müxalifət partiyaları müsbət qarşılamır. Onlar düşünür ki, bu dəyişiklik onların məhdud maliyyə imkanlarını daha da azaldacaq. Siz necə düşünürsünüz?

- Bir nəfərin ilboyu hər hansı partiyanı maliyyə baxımından himayəyə götürməsi kifayət qədər şübhə doğurur və reallığı əks etdirmir. Qanun layihəsində göstərildiyi kimi, partiyaların öz maliyyə problemlərini həll etmək üçün bir sıra mənbələri var. Məsələn, ianələr, dövlətin ayırdığı maliyyə, bir də kommersiya xarakteri daşımayan fəaliyyətdən əldə olunan vəsaitlər. Partiyalar bunlarla öz maliyyə problemlərini həll edə bilər. Bu belə deyil ki, partiya üzvləri və funksionerlər heç yerdə işləməməli, ancaq adlarını partiyaya yazdırıb, yardımla yaşamalıdırlar. Bunu problem saymaq olmaz. Belə praktika heç bir ölkədə yoxdur. Digər tərəfdən, əgər bir nəfər ildə 10 min manat həcmində yardım göstərə biləcəksə, bunu 100 nəfərə vuranda partiyanın maliyyə problemi həll olunmazmı? Partiyanın müəyyən problemlərinin həlli üçün 10 nəfərin də ianəsi yetərlidir.

- Bu dəyişiklik haqqında düşünərkən, yəqin ki, beynəlxalq təcrübəylə də maraqlanmısınız. Başqa ölkələrdə də ianələrə məhdudiyyət tətbiq olunur?

- Xarici ölkələrin bir çoxunda seçkilər zamanı ianələr toplanır. Beynəlxalq praktika belədir ki, seçkilərdə qalib gəlmiş partiyalara maliyyə vəsaiti ayrılır və həmin partiyalar qazandığı mandata, səslərə görə maliyyələşdirilir. Belə təcrübə daha çox yayılıb. Bizdə də elədir. Müxalifət partiyaları gileylənməsinlər. Qoy onlar qarşıdan gələn parlament seçkilərində xalqın etimadını qazanıb mandat əldə etsinlər, büdcədən maliyyə alıb, öz problemlərini çözsünlər. Bir də təkcə ianə ilə problem həll olunmur. Müxalifət partiyaları çalışmalıdır ki, dövlətin ayırdığı maliyyədən də yararlana bilsin.

- Bu dəyişikliyin hansı müsbət və mənfi nəticələri ola bilər?

- Söhbət təkmilləşdirmə xarakteri daşıyan dəyişikliklərdən gedir. Bundan sonra da bu cür dəyişikliklər gözlənilir. Cəmiyyət inkişaf etdikcə, partiyaların fəaliyyətində zəruri məqamlar ortaya çıxınca, qanun da təkmilləşdirilməlidir.

- Təklif edirsiniz ki, müxalifət partiyaları cəmiyyətin dəstəyini alıb, mandat qazansın və dövlət büdcəsindən buna uyğun maliyyə yardımı alsınlar. Axı onlar hər seçkidən sonra səslərinin oğurlandığını və bu üzdən deputat mandatından məhrum qaldıqlarını deyirlər...

- Əsassız bəhanələrdir. Ötən prezident seçkilərində özünü müxalifətin əsas qanadı sayan qüvvələrin real imkanlarını gördük. Hamısı yığışdılar, indiki iqtidarı dəstəkləməyən qüvvələri də səfərbərliyə almaqla vahid namizədlə seçkilərə qatıldılar. Onların səsi 6 faizi aşmadı. Bu, onların ölkə üzrə məlum göstəricisidir. Bu göstəricini bölün həmin partiyalara. Alınan rəqəmi də bölün 125 dairəyə. Görəcəksiniz ki, onların sosial dayağı nədən ibarətdir. Deməli, iddialarının əsası yoxdur, səslərin oğurlanmasındam heç bir söhbət gedə bilməz. Ötən parlament seçkilərində də proses çox şəffaf keçdi. Müxalifət də səslərini lazımi şəkildə götürə bildi. Onların topladığı səs 6 mindən bir az yuxarı oldu. Tək mən onların hamısından artıq səs topladım. Reallıq bundan ibarətdir.

- Partiyanız parlamentdə təmsil olunduğundan, siz də büdcədən maliyyə alırsınız. Bu maliyyə sizi nə dərəcədə qane edir?

- Bu maliyyə partiyanın təşkilatı məsələlərini həll etməkdə rol oynadı, amma yetərli deyil. Bizim kimi partiyanın işinin yüksək səviyyədə qurulması, rayon və şəhər təşkilatlarının ofislə və avadanlıqlarla təmin edilməsi və digər məsələlər üçün indikindən 3-4 dəfə artıq, yəni, 300-400 min manat vəsait olmalıdır ki, işimiz gərəyincə qura bilək. Fikrimcə, bu vəsait artırılacaq.

- Sizin partiya ianələrdən yararlanır?

- Bəli

- Bildirirsiniz ki, dövlətin ayırdığı vəsait yetərli deyil. İanələrlə bağlı məhdudiyyət sizə necə təsir göstərəcək? Bəlkə kimsə sizə 10 min yox, 30 min manat yardım etmək istədi... İmtina edəcəksiniz?

- 20-30 min vermək istəyən 10 minini özü verər, 10 min dayıoğlusunun, 10 min də xalaoğlusunun adından verə bilər. Elə digər qohumunun da adı ilə verə bilər.

- O zaman dəyişiklik nəyə xidmət edəcək?

- Dəyişiklik ona xidmət edir ki, qayda-qanun yaranacaq. Bilinəcək ki, partiyalara nə qədər vəsait daxil olur, kim verir bu vəsaiti. Bu, dövlətdir və siyasi partiyalar istədiyi kimi davrana, istədiyi qədər pul ala, istədiyi yerə xərcləyə bilməz ki. Bir nəzarət olmalıdır. Belə çıxır ki, partiya istədiyi terrorçudan pul alıb həm özünün, həm də onun məqsədlərini həyata keçirə bilər? Müxalifətin dediklərinin əsası yoxdur. Kim onlara 10 min manatdan artıq yardım etmək istəyəcəksə, desinlər ki, 10 min öz adından, 10 min də qohumlarının adından ver.

- Sözügedən dəyişiklik təsdiqlənsə, ianə vermək istəyən xarici vətəndaşlara da aid ediləcək?

- Bəli, xarici vətəndaşlara da aiddir.

XS
SM
MD
LG