Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:52

Elmira İsmayılova: «Xədicənin yerinə ora getdim»


Elmira İsmayılova
Elmira İsmayılova

-

«Düşündüm ki, Xədicə orda deyilsə, qoy mən olum. Xədicənin yerinə getdim ora».

Martın 15-də «Məhsul» stadionuna mitinq məqsədilə toplaşan etirazçıların arasında Elmira İsmayılova da var idi – hazırda həbsdə olan araşdırmaçı-jurnalist Xədicə İsmayılın anası Elmira İsmayılova.

Elmira xanım danışır ki, bundan öncə etiraz mitinqlərinə 80-ci illərdə qoşulub. İndi meydanlara çıxmağa nə yaşı, nə də səhhəti imkan verir. Amma bu dəfə ayaqları sözünə baxmayıb, nə qədər çətin olsa da, onu mitinq keçirilən məkanadək aparıb. Bunu ondan azadlıqda ikən meydanlarda görünən qızı Xədicə istəməyib, qərarı özü, öz istəyilə verib. O ki qaldı mitinq təəssüratlarına, deyir ki, indi gördükləri gənc ikən gördüklərindən çox fərqlidir:

- O vaxtlar – 80-ci illərdə mitinqlər bir ayrı cür idi, insanlar çox gur olurdu. Bu baxımdan indiki mitinq məni o qədər də qane etmədi. Özüm də xəstəyəm, çox gəzə bilmirəm, sadəcə, özümə sığışdırmadım ki, Xədicə getmirsə, niyə mən getməyim. Xədicənin əvəzinə getdim ora.

- Xədicəni əvəz edə bildinizmi?

- Yox, qətiyyən yox. Xədicə tamam ayrı aləmdir.

«BİLƏNDƏ ŞAD OLACAQ»

Sualım Elmira xanımın üzündə təbəssüm yaratsa da, ümumən əhvalı o qədər də yaxşı deyildi. Xədicənin ənənəvi olaraq zəng etdiyi gün olsa da, qızının səsini eşidə bilməmişdi, bu gün (martın 16-sı) Xədicədən zəng gəlməmişdi. Elmira xanım ən son onunla martın 13-də danışdığını deyir:

«Səsi yaxşı gəlirdi, əhvalı pis deyildi. Ümumiyyətlə, mənimlə danışanda çalışır ki, səsi yaxşı gəlsin, istəmir ki, nigaran qalım, narahat olum».

Xədicə İsmayıl və vəkil Elton Quliyev
Xədicə İsmayıl və vəkil Elton Quliyev

Anasının dediyinə görə, Xədicə onun Milli Şuranın mitinqinə getməsindən hələ ki, xəbərsizdir:

«Getmək planımın olduğunu deməmişdim ona. Mənə elə gəlir ki, biləndə xoşuna gələcək, şad olacaq».

Xədicə həbsxanada artıq Novruz bayramı sovqatını alıb. Elmira xanım deyir ki, şirniyyatı xoşladığına görə hər çərşənbə axşamları qızına paxlava, şəkərbura aparır:

«Səməniyə kimi aparmışam. Hər dəfə deyir ki, paxlava, şəkərbura gətirin. Şirniyyatı çox xoşlayır. Novruz da onun sevdiyi bayramlardandır».

Elmira İsmayılova əksər vicdan məhbusu anaları kimi bayramda qızına qovuşacağı ümidi ilə yaşamır. Xədicə İsmayılla bağlı istintaq başa çatmadığından, ortada məhkəmə hökmü olmadığından, onun əfv siyahısına düşəcəyini gözləmir. Hətta bütün bunlar olsaydı belə, Elmira xanım qızını ən azı bir il azadlıqda görməyəcəyi fikrindədir:

«Düzünü desəm, inanmıram ki, yaxın zamanda buraxacaqlar. Hər halda olimpiada bitənədək bu baş verməyəcək. Ümumiyyətlə, düşünürəm ki, ən azı 1 il həbsdə saxlayacaqlar».

Xədicə İsmayıl məhkəmədə
Xədicə İsmayıl məhkəmədə

«QOY MƏNİ NƏ QƏDƏR İSTƏYİRLƏRSƏ, GİZLƏTSİNLƏR»

Elmira İsmayılovanın fikrincə, həbsin səbəbi nədirsə, Xədicə ilə bağlı məhkəmə proseslərinin qərar olmadan qapalı keçirilməsinin səbəbi də odur:​

«Qapalı keçirirlər, istəmirlər ki, absurdlarını camaat, jurnalistlər görsünlər. Çünki ortada heç bir fakt yoxdur, həbsi əsaslandıran bir şey tapıb ortaya çıxara bilmirlər. Mənə elə gəlir ki, bundan sonra da qapalı keçirməkdə davam edəcəklər. Xədicə özü də deyir ki, «məni gizlətmək istəyirlər, qoy nə qədər istəyirlərsə, gizlətsinlər»».

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevi «özünü öldürmə həddinə çatdırma» ittihamı ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini sifariş sayır.

Fevralın 13-də ona qarşı mənimsəmə və vergidən yayınma ittihamları irəli sürülüb.

AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicənin həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

Jurnalist prezident ailəsinin biznesi haqda araşdırmaların müəllifidir.

XS
SM
MD
LG