Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:30

Məmurların "paket maaşları" kəsilir?


Arxiv fotosu
Arxiv fotosu

.

Son aylar paket və ya “konvert” maaşların kəsilməsi ilə bağlı söz-söhbətlərin ardı-arası kəsilmir. Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi, DövlətNeft Şirkəti kimi müxtəlif dövlət idarə və müəssisələrdə çalışanlar daha paket maaş ala bilmədiklərini deyirlər.

Buna da iki əsas səbəb göstərilir: Birincisi, dünya bazarında neftin ucuzlaşması, ikincisi, “Bakı 2015” Avropa Oyunlarına hazırlıq.

“İLDƏ 950 MİLYON MANAT “PAKET MAAŞ” ÖDƏNİLİR…”
İqtisadçı Rəşad Həsənov bildirir ki, Azərbaycanda müxtəlif hesablamalara görə hardasa 50-65 min nəfər paket maaş alır. Onun fikrincə, hər müəssisədə rəsmi əməkhaqqından əlavə ödənilən “paket maaş”ların qiyməti fərqlidir:

““Paket maaş”lar 200 manatdan 30 min manata qədər dəyişə bilir. Ümumiyətlə hər ay bu yolla maliyyə bazarına 70-85 milyon manat, il ərzində orta hesabla 950 milyon manat vəsait daxil olurdu. Son aylar paketlərin azaldılması və ya ləğv edilməsi nəticəsində yaxın gələcəkdə bazara daxil olan vəsaitə təsir edəcək. Bu da daxili tələbatın azalması, real sektorun daralmasına, bir sözlə, “nağd pul”qıtlığına gətirib çıxara bilər”.

Rəşad Həsənov
Rəşad Həsənov

BU TƏCRÜBƏ 90-CI İLLƏRDƏ DAHA ÇOX YAYILMIŞDI, YA İNDİ?

Paket maaş – aylıq rəsmi əməkhaqqından əlavə ödənilən vəsaitdir.
Nazirlər Kabinetinin sabiq maliyyə şöbəsinin rəhbəri Oqtay Haqverdiyev deyir ki, Azərbaycanda “paket maaş” təcrübəsi 90-cı illərdən mövcuddur:

“Maaşın rəsmi hissəsi az göstərilir, qalanı “konvert”də verilir. 90-cı illərdə bu təcrübə çox yayılmışdı. Bunun əsas problemi odur ki, “konvert”də maaş alanlar pensiya az alacaqlar. Çünki bu rəsmi maaş hesab olunmur. Əvvəllər çox işçi “konverdə maaş” alırdı. İndi bu təcrübə elə də yayğın deyil. Özləri bilirlər ki, kimə versinlər, kimə yox”.

Oqtay Haqverdiyev bildirir ki, Azərbaycanda 90-cı illərdən bəri “paket maaş” təcrübəsi 80 faiz azalıb.

Digər iqtisadçı Natiq Cəfərli isə əksini düşünür. Onun fikrincə, Azərbaycanda son 10 ildə “paket maaş” təcrübəsi daha çox yayılıb:

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

​“Çünki dövlət və hökumət orqanlarında maaşlar aşağı idi. İşçiləri stimullaşdırmaq, aslı vəziyyətə salmaq, hakimiyyətin qərarlarını, bir çox hallarda qanunsuz qərarlarını icra etmək üçün “paket maaş”lardan istifadə edilir. Söyləntilərə, dost-tanışın verdiyi məlumata, cəmiyyətdə də yaranmış əsas fikirlərə görə paket maaşlar daha çox gömrük və vergi orqanlarında, Fövqəladə Hallar, İqtisadi İnkişaf Nazirliyində, demək olar ki, nazirliklərin hamısında var. Bu təcrübə eləcə də “AzərSu”, “AzərEnerji”, “Daşınmaz Əmlakın Dövlət Reyestri” kimi dövlət idarə və müəssisələrində daha çox yayılıb. Paket maaşlar rəsmi aylıq əməkhaqqından 2-3 dəfə çox olur”.

Azərbaycan cəmiyyətində az qala hər kəs "paket maaş"ların mövcudluğuna şübhə etmir. Amma bu sahədə adı çəkilən nazirliklər, dövlət idarələri ya belə növ ödənişləri qətiyyətlə təkzib edir, ya da jurnalistlərin bu mövzuda suallarına cavab verməməyi üstün tuturlar.

Bu mövzu bir neçə il əvvəl prezident İlham Əliyevin çıxışında da səslənmişdi. O zaman dövlət başçısı ikili mühasibatlığa son qoyulmasını tələv edirdi. Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov isə 2010-cu ildə demişdi ki, prezidentin qeyd etdiyi "ikili mühasibatlıq" problemi dövlət idarələrində deyil, özəl sektorda vardı.

AZI 4 AYDIR PAKET MAAŞLAR VERİLMİR”
Sosail şəbəkələrdə istifadəçilər yaxınları, qohumlarına daha “paket maaş” verilmədiyini yazırlar. AzadlıqRadiosuna anonim danışan bir nəfər deyir ki, İqtisadiyyat və Sənaye Nazirliyində işləyən dayısı oğlu paketlə birlikdə ayda 800 manat maaş alırdı. 4 aydır paket verilmir deyə, indi əməkhaqqı ayda 250 manat olub.

Natiq Cəfərli
Natiq Cəfərli

Adları çəkilməməsi şətri ilə belə məlumatlar verənlərin sayı xeyli çoxdur. Ən çox adı hallanan idarə isə Dövlət Gömrük Komitəsinin işçiləridir.

Amma məlumatlarda adı çəkilən nazirliklər, dövlət və hökumət müəssisələri ya məlumatı təkzib edir, ya da hər hansı açıqlama vermirlər.

İşçilərsə “paket maaş”ların verilmədiyini və ya azaldığını bildirir. Hətta bir çox halda aylıq 200-300 manatlıq rəsmi maaşla dolanışığın mümkünsüzlüyündən şikayətlənirlər. Amma adlarını çəkməkdən də çəkinirlər. Bildirirlər ki, onlara rəhbərlik Avropa Oyunlarından sonra “paket maaş”ların yenidən bərpa olunacağını vəd ediblər. Açıq-aşkar danışacaqları halda nəinki paket maaşdan, həm də işlərini itirməkdən ehtiyatlanırlar.

Səlim Müslümov
Səlim Müslümov

“MƏNBƏYİ KORRUPSİYA OLAN “PAKET MAAŞ””
Natiq Cəfərli deyir ki, “paket maaş” hər iki tərəfə - həm işçiyə, həm də işə götürənə sərf edir deyə onlar belə məlumatarın yayılmasında maraqlı deyillər:

“İşçilərin çıxarı daha çox maaş almalarıdır. Onlara maraqlı deyil ki, bu vəsait hardan əldə olunur və niyə ödənir? İşə götürənlərinsə əsas çıxarı daha az vergi ödəmələridir. Bu vəsaitlərin yeganə mənbəyi ya büdcə korrupsiyasıdır, ya da vətəndaşlardan toplanan rüşvət. Paket maaş alan şəxslər necə deyərlər, “gözü kölgəli” olur və rəhbərliyin əmrlərini icra edir. Çünki bilir ki, əks halda əlavə maaşdan məhrum olacaq”.

Azərbaycanda iyunun 12-də ilk Avropa Oyunları başlayır. İqtisadçılar hesab edir ki, həm neft gəlirlərinin azalması, həm də olimpiya oyunları xərclərini qarşılamaq üçün idarələrdə paket maaşların ödənilməsi ya ləğv olunub, ya da azalıb. Avropa Oyunlarından sonra necə olacağı isə neftin qiymətindən aslı olacaq.

XS
SM
MD
LG