Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:51

Çinin Balkanlarda ‘vaksin diplomatiyası’


Serbiyada vaksinasiya gedir
Serbiyada vaksinasiya gedir

Hazırda AB periferiyasında daha kiçik ölkələr də vaksin axtarışına çıxıblar. Şimali Makedoniya Sinopharm-dan 200 min vaksin almaq istəyir

Avropanın bir sıra ölkələrində COVID-19 vaksinləri çatışmır. Bu arada Çin Qərbi Balkanları vaksinlə təchiz etməklə regionda diplomatik mövqeyini gücləndirir.

Çinin Avropadakı “vaksin diplomatiyası”nın önündə isə Serbiya gedir. Serbiya Rusiyanın müttəfiqidir, həm də Avropa Birliyinə qoşulmaq istəyir. Ancaq ölkə son illər Prezident Aleksandr Vuçiçin hakimiyyəti altında Çinlə əlaqələrini daha da genişləndirib.

Martda Çindən Belqrada tibbi yardım gedəndə Vuçiç bu yardımı alqışlayaraq Çin bayrağını öpmüşdü. Vuçiçin strategiyası deyəsən nəticə verir, Belqrad vaksin mənbələrini şaxələndirir, Avropanın digər ölkələrindən fərqli olaraq əhalisinin daha böyük hissəsinə peyvənd vurmağı hədəfləyir. Fevralın 16-dək 7 milyonluq əhalinin 11.2 faizinə peyvəndin azı birinci dozasının vurulduğu bildirilir. Avropa Birliyində (AB) isə ən yüksək göstərici Danimarkaya məxsusdur, əhalinin 6.9 faizinə ilk doza vurulub.

Serbiyanın aldığı dozaların 1.5 milyonu Çinin Sinopharm şirkətinin istehsalıdır. Amma Serbiya Rusiyanın Sputnik-V, ABŞ-Almaniyanın Pfizer-BioNTech şirkətlərinin vaksinlərindən də istifadə edir.

Sınaq meydançası

AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Reid Stendiş yazır ki, Çindən ötrü Serbiyaya vaksin göndərmək vacib geosiyasi qazancdır, çünki getdikcə Qərbin ona şübhəsi artır.

“Serbiya uzun müddət Çinin sınaq meydançası olub. Bunu müdafiə, tikinti, texnologiya sahəsində görürük, indi də vaksinlər. Pekin burada sınaqdan çıxardığı siyasəti Avropanın digər yerlərində də yoxlamağa ümid edir”, – Belqrad Təhlükəsizlik Siyasəti Mərkəzindən tədqiqatçısı Vuk Vuksanoviç radioya deyib.

Çin vaksin təchizatındən öncə “maska diplomatiyası”na başlayıb. Kəmər və Yol Təşəbbüsü boyunca yerləşən ölkələrə – Afrikadan tutmuş Cənub-şərqi Asiya və Yaxın Şərqədək maska və tibbi avadanlıq göndərib. Bu, koronavirus pandemiyasının əvvəlində baş vermişdi. Onda Pekin virusa nəzarəti ala bilmədiyinə görə tənqid olunurdu.

Serbiya isə Çin vaksinləri vasitəsilə peyvəndləmədə liderə çevrilib. Həm də Vuçiçin əlinə AB-ni, dünyada vaksinlərə qeyri-bərabər çıxışı tənqid etməyə girəvə keçib. O, yanvarın sonunda vaksinlər uğrunda qlobal çarpışmanı Titanik faciəsinə bənzədib.

“Dünya Titanik kimi aysberqə dəyib: varlılar və çox varlılar özlərini və sevdiklərini xilas edirlər”, – Vuçiç vurğulayıb.

“Çindən ötrü AB-ni və Qərbi daha çox utandırmağa qızıl imkan yaranıb. Bu həm də Pekinin qlobal nüfuzunu möhkəmləndirmək, Qərbi beynəlxalq əməkdaşlığın sütunu rolunda əvəzləmək kampaniyası üçün şansdır”, – Vyanada Humanitar Elmlər İnstitutunun əməkdaşı Dimitar Beçev deyib.

85 milyon dollar ayrılıb, amma...

Avropa Birliyi Qərbi Balkanlardakı gələcək 6 üzvünə vaksin almağa 85 milyon dollar ayırıb, amma çatdırılma yubanır. 27 üzv ölkəsi adından vaksin alan qurum hələ ki, Rusiya və Çin vaksinlərini təsdiqləməyib.

Hazırda AB periferiyasında daha kiçik ölkələr də vaksin axtarışına çıxıblar. Şimali Makedoniya Sinopharm-dan 200 min vaksin almaq istəyir. Bosniya-Herseqovina Sputnik V vaksininin 2 min dozasını əldə edib, gələn ay daha 200 min vaksin gəlməlidir. Monteneqro da 100 min doza Rusiya vaksini alacaq. Bu ölkənin cəmi 625 min əhalisi var.

“AB-dən kənar ölkələr soyuqda qalıblar və başqa seçimləri yoxdur”, – Beçev deyib.

AB üzvü olan Macarıstan isə Sinopharm-ın vaksinini təcili istifadəyə təsdiqləyərək 5 milyon doza sifariş verib, ilk partiya fevralın 16-da çatdırılıb.

XS
SM
MD
LG